Modern.az

“Şirvanın problemlərinin həllinə diqqət ayrılmalıdır” - Azay Quliyev məsələ qaldırdı

“Şirvanın problemlərinin həllinə diqqət ayrılmalıdır” - Azay Quliyev məsələ qaldırdı

Təhsil

29 May 2015, 14:18


“2014-cü ilin dövlət büdcəsi çox uğurla icra olunub. Qarşıya qoyulan bütün tapşırıqlar yerinə yetirilib. Xüsusilə sosial yönümlü layihələrdə hər hansı gecikmələr olmayıb”.

Modern.az saytının verdiyi xəbərə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azay Quliyev 2014-cü il dövlət büdcəsinin icrası ilə bağlı məsələnin müzakirəsində deyib. O qeyd edib ki, Dövlət Neft Fondundan dövlət büdcəsinə transferlərin azalması tendensiyası baş verir: “Bu, ümumi daxili məhsulda da özünü göstərir. Digər mühüm məqamlardan biri odur ki, 2014-cü ildə dövlət büdcəsinə təxminən 1,5 milyard manat qənaət olunub”.

Azay Quliyev deputat həmkarı Fazil Mustafanın Türkiyədə yüzlərlə azərbaycanlı ailənin təhsili ilə bağlı qaldırdığı məsələyə də münasibət bildirib: “Hesab edirəm ki, Azərbaycan hökuməti Türkiyədə yaşayan azərbaycanlıları təhsili məsələsinə xüsusi diqqət ayırmalıdır. Ayrılan vəsait onlara kifayət etmədiyindən dövlət buna müdaxilə etməlidir”.

O, deputat seçildiyi Şirvan şəhərindəki problemlərdən də söz açıb. Deputatın sözlərinə görə, Şirvanda bir qrup sosial cəhətdən həssas əhali ciddi mənzil problemi ilə qarşılaşıb: “Şirvan sənaye şəhəridir. Lakin orada olan bir sıra ailə yataqxanada məskunlaşıb. Yaxşı olardı ki, onlara torpaq sahəsi ayrılsın və evlər tikilsin. Təklif edirəm ki, hökumətin sənaye şəhərlərinə xüsusi yanaşması olsun. Büdcədən ayrılan vəsait hesabına sosial evlər tikilə bilər. Bu binalar hökumətin nəzarətində olan qurumlara həvalə edilməklə evsiz insanlara verilə bilər. Şirvan çox az şəhərlərdəndir ki, mərkəzi büdcədən dotasiya almır. Buna görə də heç olmasa, Şirvan şəhərinin həssas problemlərinin həllinə diqqət ayrılmalıdır”.

 Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular