Modern.az

Qisas məqamı

Qisas məqamı

29 May 2015, 15:34

                                              (hekayə)

Nicatgilin kəndi ucalığından insan eymənən dağlar qoynunda yerləşirdi. Yaşıllıqlar içində itib-batan bu kəndi dağlar möhtəşəm qala kimi dövrəyə almışdı. Onların evi, el arasında, dağların çildaşlıq deyilən hissəsi ilə üzbəüz tərəfdə - kəndin kənarında yerləşirdi. Baharın ən ətirli günlərindən biri idi. Kəndi elə bir yaz rahiyyəsi bürümüşdü ki, insan bihuş olur, təbiətdən aldığı həzzdən az qalırdı ağlını itirə. İztirabdan qurtulmaq üçün saman çöpü axtaran Nicat nadinc uşaqlar təkin çildaşlığa sarı götürüldü. Ta taqətdən düşənə qədər üzü yuxarı dağların döşünə dırmandı. Üzü-qoylu təbiətin xalısının üzərinə düşəndə elə bildi ki, vur-tut beş-on addım atıb, amma kəndlərindən xeyli aralanmışdı. Sinəsinə sığmayan köksü bir qədər sakitləşəndə çömbəlib kəndlərinə tamaşa etdi. Cənnətlə üzbəüz idi. Az sonra ətrafdakı al-əlvanlığa diqqət kəsildi. Heyran-heyran çiçəklərə tamaşa etdi. Ona gəldi ki, cazibədarlıqda bir-biri ilə bəhsə girən “qızlar” arasında “arşınmalçı”dır. Bütün varlığı ilə çiçəklərə diqqət yetirdi. Ən yaxındakına sarı əyilib ətrini qoxladı, həmin çiçəyi bir daha süzdü. Aaa, bu ki, tələbə yoldaşı Bənövşəydi?!. Ağlı, kamalı, gözəlliyi, eləcə də, ona qarşı xeyirxahlığı ilə seçilən həmin qızdan əksər hallarda məhz bu ətrin qoxusu gəlirdi. Düz beş il bir yerdə oxumuşdular, hüc cür yanıla bilməzdi… Digər çiçəyə diqqət yetirib, onu da qoxuladı. Bu da Nərgizdi. Özüdür ki, var?!. Heç o yan, bu yanı yoxdur… O isə Əsmərdir… Beləcə, Yasəməni, Solmazı, Laləni, Nigarı, Bəstini,.. nəinki qruplarındakı,  o cümlədən filologiya fakültəsindəki, lap elə təhsil aldığı universitetdəki əksər qızları tanıdı. Heyrət içindəykən “qızlar”ın pıçıltısından diksindi!!! İlkin olaraq Bənövşənin səsini eşitdi. Onunlaydı: - Niyə belə yazıqlaşmısan, valideynləriniz razı deyildi, götürüb qaçaydın Nurayı?!. Axı, o da səni dəlicəsinə sevirdi.

-      İstədim, alınmadı…

-      O razı olmadı, yoxsa cəsarətin çatmadı?

-      Yox, sən hər şeyi sadələşdirirsən, bu heç də sən fikirləşdiyin qədər asan məsələ deyildi.

-      Başa düşmədim, ömrünüz boyu yasa batmaq, bir-birinizsiz yaşamaq asan olacaq bəyəm?!.

         Nərgiz özünü saxlaya bilmədi: - Düzünü deyim, indiyə qədər ürəyimdə saxlamışam, bax, mən də sənə qarşı biganə deyildim!!. Onu da bilirəm ki, qrupumuzdakı bir neçə qızın da səndən ötrü burnunun ucu göynəyirdi… Elə Nurayda gözü olan oğlanlarımız da az deyildi…Di gəl, siz bir-birinizə o qədər yaraşır, o qədər bir-birinizi dəlicəsinə sevirdiniz ki, kimsə bu reallığa qarşı çıxmağa cürət eləmədi!!! Biz hamımız təsəvvür edirdik ki, yeni bir Leyli-Məcnun dastanının şahidiyik!!?

-      Minnətdaram Nərgiz, məni bağışla, həmişə sənə xüsusi hörmətim olub, xoşbəxtlik arzulayıram… Nə deyə bilərəm ki?!.

-      Yox, deyəsən, sən məni axıra qədər başa düşmədin… Əgər, siz sona qədər mübariz ola bilməyəcəkdinizsə, niyə bizlər sevgimizi qəlbimizdə dəfn etməliydik… Bəlkə, siz də, biz də başqa cür xoşbəxt tale qura bilərdik?!.

-      Nə deyim, axı, Nuraysız mən necə xoşbəxt ola bilərəm??!

       Bu dəfə Əsmər söhbətə qoşuldu: -Düzü, adamın, sizin valideynlərinizə pis adam deməyə də dili gəlmir?!.

-      Hə, Əsmər, bilirsən, Nurayın ailəsi hədsiz dərəcədə varlı, bizsə onlara baxanda cılxı kasıbıq… Ən başlıca maneə o oldu ki, mənim heç olmasa Bakıda evim də yoxdur?!. Nurayın ailəsi isə qızlarının müvəqqəti də olsa, kənddə yaşamasını istəmirlər…Üstəgəl, valideynlərim Nurayı bəyənsələr də, onunla ailə qurmağımın tərəfdarı deyillər. Deyirlər ki, gec-tez başı qaxınclı olacaqsan. Onların qənaətincə, övladların xoşbəxtliyi təkcə sevgi ilə məhdudlaşmır, hər iki tərəfin ailəsi, hətta, nəsilləri belə bir-birinə bab olmalıdır, təkcə xarakter yox, eyni zamanda maddi imkan baxımından… Hər şey ilk baxışdan sadə görünsə də, əslində həyat çox mürəkkəbdir. Heç də hər şey insanın öz əlində deyil?!. Reallıqsa budur ki, artıq Nurayı nişanlayıblar… Bir ildən çox davam edən israrlı təkiddən sonra axır ki, ona başqa seçim yolu qoymadılar…

-      Əgər, sən qeyrət göstərib vaxtında Nurayı qaçırsaydın, tədricən hər şey qaydasına düşəcəkdi…

-      Bilirsiniz, qızlar, demək asandır…Axı, mən Nurayı həqiqətən sevdiyimdən onun atasına, qardaşına bunu rəva bilmədim. Onları el arasında başı aşağı eləmək istəmədim. Nuray da ki, çətin ki, kəndə uyğunlaşaydı…

-      O, razıydı səninlə getməyə?!.

-      Nuray da ailəsinə bunu qıymaq istəmədiyindən qəti qərar verə bilmirdi. Əminəm ki, təkid etsəydim, yəqinki, razılaşardı!?.

-      Hələ də gec deyil?!.

-      Yox, nə danışırsan, onun nişanlısının nə günahı?!.

-      Yaxşı, bəs, indi neyləmək fikrindəsən…

-      Deyim də… Mən bura onun üçün gəldim ki, kəndimizi yaddaşıma və qəlbimə hopdurum, doyunca onu seyr edim, bir qədər də dərindən duyum. Bir də buralara dönmək fikrim yoxdur. Təsadüfən,  Nigarla üz-üzə gəlmək mənim üçün dözülməz olar… Bir də ki, artıq hər şey həll olunub, ona da maneçilik eləmək istəmirəm, qoy bacardıqca məni tez unutsun.

-      Harasa getməyə hazırlaşırsan?

-      Hə, birdəfəlik gedirəm, Moskvada yaşayacağam, orada elmi iş götürüb  müdafiə eləməyə çalışacam, artıq qəti qərar vermişəm.

       Sovet İttifaqının dağılmağı əslində Moskvaya yaman düşmüşdü. Şəhər gündən-günə daha da gözəlləşirdi. Artıq dünyanın ən cəlbedici və bahalı şəhərlərindən biri sayılan Moskva Nicat üçün də xeyli doğmalaşmışdı. İllər ötəndən sonra o, xudmani bir məclisdə qürurla başda əyləşmişdi.  Müdafiəsi münasibətilə ziyafət təşkil eləmişdi. Tədbirdə Azərbaycandan bir neçə tələbə yoldaşı da iştirak edirdi. Ən sevincli günlərindən biri idi. Vaxtilə Nurayla şərtləşdikləri kimi “Dövlət dili ilə yanaşı milli azlıqların dilllərinin tətbiqinin ən məqbul variantı” mövzusundə dəyərli bir elmi işin müəllifi idi. O, sözünə əməl etmişdi. Ani xəyala daldı, elə istəyirdi ki, kaş, Nurayla birgə böləydi bu sevinci… Nuraydansa tam xəbərsizdi. Sadəcə, ötən illər ərzində qulaqları ara vermədən cingildəyirdi. O, bu cingiltinin haradan qaynaqlandığını əzbər bilirdi. Heç ağlına gəlməzdi ki, Nurayın da qulaqları beləcə aramsız cingildəməkdəydi. Bu an məclisdəkilərdən Şəhanənin oğrun-oğrun ona diqqət kəsildiyinin mahiyyətinə vardı.  O, əslən azərbaycanlı, Rusiyada çoxdan yaşayan tanınmış alimlərdən birinin qızıydı. Nicatın həmin əsrarəngiz və ağıllı qızdan xoşu gəlirdi, amma qəlbində hələ də boş yer yox idi… Bu məqamda ona iki teleqram təqdim etdilər. Biri İngiltərədə yaşayan tələbəlik dostu Kənandan idi, o birinin isə imza yerində yalnız beşguşəli ulduz işarəsi vardı. Anladı, ulduzun hər bir guşəsi Nurayın adının baş hərflərinə işarəydi. Gözləri doldu. Teleqramı birnəfəsə oxudu: “Salam Nicat, təbrik edirəm! Elmin zirvələri üzünə açıq olsun! Mən də bu yaxınlarda şərtləşdiyimiz  mövzuda müdafiə etmişəm… Bilirəm, hələ də subaysan. Səndən acizanə surətdə xahiş edirəm, ailə qur!!! Mən də nisbətən rahatlıq taparam. İstəmirəm övladlarım tez-tez məni gözüyaşlı görsünlər. Biz indi İngiltərədə yaşayırıq. Həyat yoldaşımın burada biznesi var. Mən də Azərbaycanda sənsiz özümə yer tapa bilmədim. Evdə hiss elətdirmədən xahiş və təkid etdim ki, Vətəndən köçək…Neçə illərdir doğma yurdumuz üçün burnumun ucu göynəyir, amma mən ora ayaq basa bilmərəm. Burada yaşayan tələbə yoldaşımız Kənan arada bir ailəvi bizə qonaq gəlir. Onlardan, eləcə də, imkan düşəndə görüşdüyümüz azərbaycanlılardan Vətənlə bağlı nəsə eşidirəm. Xahiş edirəm, məni axtarmağa, teleqrama cavab yazmağa cəhd göstərmə…

Qəhərini boğmağa çalışdı. Şəhanənin onu maraqla seyr etdiyini görüb birtəhər özünü yığışdırdı.

Təxminən altı aydan sonra Nicatın toyu idi. O, Şəhanə ilə ailə qurdu. Həmin toyda ən çox sevinən gəlinin valideynləri idi. Övladlarının öz doğma millətlərindən olan türk balası ilə ailə qurması onların ürəyini dağa döndərmişdi. Belə səadətin əsl dəyərini yalnız  qismətinə ömürlük qürbətdə yaşamaq düşənlər qədərincə qiymətləndirə bilərlər!!!

Ara verməyən güclü külək tək illər sürətlə ötdü. Artıq Nicat ata olmuşdu, övladları var idi. Bu mehriban ailə yaxınları ilə birgə Nicatın yubileyini – 40 yaşının tamam olmasını bayram edirdi. Tamada Nicatla Şəhanənin çalışdıqları elmi-tədqiqat institutunun direktoru Anatoli Vasiliyeviç idi. O, məzəsindən qalmırdı. Hamı yaxşı bilirdi ki, Anatoli Vasiliyeviç ürəyi yuxa adamdı, istənilən məclisin bəzəyidir, sürpirizi də əskilməz. O, bu dəfə də çox gözlətmədi: - Nicat təbrik edirəm, 40 yaşında səfir oldun!?.

- Anatoli Vasiliyeviç, sözlü adama oxşayırsınız?!.

- İnanmırsan, bir neçə gündən sonra ecazkar Braziliyaya yollanacaqsan…

 Hamını maraq götürdü. Nicat zarafatyana dilləndi: - Azərbaycana və ya Türkiyəyə səfir göndərildiyimi desəydiniz, bəlkə də, inanardım?!.

-İstəyirsən, and içim ki, sən tezliklə Braziliyaya gedəcəksən…

Burada deyiblər: “Qız evində toydu, oğlan evinin xəbəri yoxdur”. Şəhanənin hövsələsi daraldı: - Anatoli Vasiliyeviç, mənim xatirimə deyin də, zəhmət olmasa, bu nə məsələdir, torbada pişik var axı deyəsən?!.

-  Yaxşı kəmhövsələ olma, Nicatı Braziliyaya beynəlxalq konfransa yollayıram. İnstitutumuzda ən demokratik alim olduğu üçün…

 Gülüşmə qopdu. Anatoli Vasiliyeviç davam etdi: - Konfrans Nicatın müdafiə etdiyi mövzudadır. Özü də qayda belədir ki, hər bir dövləti konfransda qeyri-millətdən olan kəslər təmsil etməlidir. Mən qəlbən inanıram ki, rus dilini ən azı bizlər qədər dolğun bilən Nicat orada Rusiyanı layiqincə təmsil edəcək…

Bu, həqiqətən Nicata əvəzsiz yubiley hədiyyəsi oldu.

Son illərdə iqtisadiyyatı sürətlə inkişaf edən Braziliyanın paytaxtı Rio-de-Janeyro şəhəri Nicata nağıllar aləmin xatırlatdı.Ekzotik görünüşü ilə yanaşı burada tamam başqa cür dünyagörüşü hökm sürürdü. Beynəlxalq konfransa qonaq qismində təşrif buyuranları Cənubi Amerikalılara xas xüsusi qonaqpərvərliklə qarşılayırdılar. Cənub ölkəsində dünyaya göz açan şəxs kimi Nicatda bu cür mehribancasına qarşılanma doğma hisslər oyatdı. Otağının açarını götürüb qalacağı mehmanxananın 4-cü mərtəbəsinə qalxmaq istəyəndə kiminsə ona diqqət kəsildiyini duydu. İlahi, ey qadir Allah, Rio-de-Janeyro hara, Nuray hara?!. Bu inanılmazdı, bəlkə də, Ulu Yaradanın özünün  belə mat-məəttəl qala biləcəyi röya?!. 

Özlərinin də xəbəri olmadan sarmaşıq tək bir-birinə sarıldılar. Azca keçmiş Nicat özünü itirdi, ətrafa boylandı. Çox böyük günah işləyən şəxs kimi nəzərlərini foyedəki insanlara yönəltdi. Nuray dilləndi: - Narahat olma, mən burada təkəm. Ürəyimə dammışdı ki, sən də bu konfransa qatılacaqsan. Ona görə də konfransa gələnləri bayaqdan burada dayanıb diqqətlə izləyirdim.

 Nicatın dəvətilə  sevincək onun  otağına qalxdılar. Konfrans səhəri gün başlayacaqdı. Tərslikdənmi, xoşbəxtlikdənmi elə həmin axşam da öz ölkələrinə dönəsiydilər… Yerbəyer olduqdan sonra şəhərə gəzintiyə çıxdılar. Təkrarsız karnavallar məskəni sayılan Rio-de Yaneyro tamam başqa bir dünyaydı. Tərslikdən, bilmirdilər nədən danışsınlar, nədən başlasınlar ?!.

-Nuray, Tanrı şahiddir. Ötən müddətdə ola bilər yalnız Qarabağı  səndən bir qədər çox düşünmüşəm…

 Həmişəki kimi fikirləri üst-üstə düşürdü: - Elə mən də…

-Düzü çalışmışam, bizim nakam məhəbbətimiz ailəmə olan münasibətimi üstələməsin… Gücüm, iradəm çatmayanda Tanrıdan imdad diləmişəm…

Bu etirafdan təsirlənən Nurayın yanaqlarından qeyri-ixtiyari göz yaşları süzüldü:  - Sənə İlahi məhəbbətlə bağlanmağıma baxmayaraq, mən də eyni vəziyyətin öhdəsindən gəlmək üçün dəfələrlə səy göstərməli olmuşam. Bəzən həyat yoldaşım evdə omayanda totuş-motuş balalarım göz yaşlarımı siliblər… Xüsusilə, sən evlənənə qədər mən heç cür özümə yer tapa bilmirdim…

Daha nəsə danışa bilmədilər. Yaxınlıqdakı oturacqda əyləşib bir-birinə qısıldılar. Bir könüldən min könülə bir-birinə bağlandıqları andan Nicatın onu qaçırmaq istədiyi, amma heç cür kişiliyinə sığışdıra bilmədiyi məqamadək dövrü hər biri ayrı-ayrılıqda xatırladılar… Xeyli yüngülləşdilər…

Bir qədər sonra elə bil heç nə olmayıbmış kimi zarafatlaşa-zarafatlaşa Rio-de-Janeyronu ələk-vələk elədilər. Şadlıqlarından baharın gəlişinə sevinən quşlar tək qanad açmışdılar.  Zaman amansızcasına onların bu “xoşbəxtliyinə” qənim kəsilmişdi. Vaxt daraldıqca hər ikisinə qarşıdakı axşamın sirli-sehrli röyasımı, xofumu sakitlik vermirdi?!.

Qaş qaraldı. Nicat yüngül yemək, xeyli meyvə və şampan şərabı götürdü. Yerləşdikləri mehmanxanaya qayıtdılar. Nuray paltarını dəyişib onun otağına gəldi. Yamanca acmışdılar. Beləki, sevinclərindən nahar eləməyi də unutmuşdular. Yeməyə girişdilər. İlk sağlığı təbii ki, Nicat dedi: - Mən hələ də bizim bu görüşümüzə inana bilmirəm?!. Möcüzə kimi görünsə də, bu reallıqdır. Məncə, bu, bizə Ulu Yaradanın payıdır. Ey qadir Allah, şükür sənin böyüklüyünə, ucalığına, ululuğuna!!!

Daha heç nə danışmadılar. Bir-birinə diqqət kəsilərək doyunca yedilər. Televizoru qoşdular. Kanallardan birində həzin musiqi səslənirdi. Doluxsunmuşdular.  Bu da bir  həqiqətdir ki, təqribən 40 yaş əsl istəyinə yetməyən qadınlar üçün çətin dövrdür… Nuray Nicatı rəqsə dəvət etdi. Tədricən bir-birinə qısılıb, dünyanı unutdular. Elə bil ayrılmaqdan qorxurdular. Təxminən 20 dəqiqə beləcə rəqs etdilər. Ehtiras onlara güc gəlməkdəydi. Həmin anda musiqi proqramı başa çatdı. İstər-istəməz yerlərinə keçdilər. Kreslolarda üzbəüz oturdular. Sükutu Nicat pozdu: - Nuray, sən nə qədər gözəlsən, mən əvvəllər elə bilirdim bunu əzbər bilirəm… Amma boynuma alıram, sənin əsl gözəlliyini qədərincə mən  məhz indi duydum…

Nuray susurdu. Elə bil, dili bağlanmışdı, sadəcə, yanaqları və qulaqlarının ucu allanmışdı. Qəfil sıçrayışla Nicat onu yerindən qaldırıb özünə sıxdı, öpüşə qərq elədi. Göz yaşları onları boğurdu. Nuray özünü itirsə də, ciddi müqavimət göstərmədi, yalnız bircə dəfə Nicatın aramsız öpüşlərinə cavab verdi. Həmin öpüşün cazibəsindən Nicat uçundu. Onları daxildən gələn bir istək bürüdü: - Nuray, bağışla, mən özümlə bacara bilmirəm?!.

-Başa düşürəm, məncə, bu, bizim günahımız deyil, Allahın valideynlərimizdən qisasıdır!?.

- Doğrudan da, hansımızın ağlına gələ bilərdi ki, biz bir daha görüşəcəyik, özü də Rio-de-Janeyroda, bu mehmanxanada – kimsəsiz adada?!.

-Həqiqətən, görünür, bu,bizə Ulu Yaradanın töhfəsidir…

-Nuray, qeybdən içimə bir istək dolur… Bilmirəm necə deyim, bəlkə, əsrarəngiz nağıl yaşayaq səhərəcən. Tanrı keçsin günahımızdan, bizə bəxş etdiyi bu fürsəti qədərincə qiymətləndirək?!. Özümüzü sanki röyada sanaq. Axı, biz nə qədər özümüzə qənim kəsilməliyik?!. Bilirsən, artıq mən özümlə bacarmıram. Şəxsən mən sənə heç vaxt pis gözlə baxmaram. Sən mənim üçün Allahdan sonra pənah gətirdiyim ikinci varlıqsan… İnanıram ki, hər ikimiz bu tale payını qədərincə dəyərləndirib röya sana bilərik… Hesab edirəm ki, buna haqqımız çatır… Yəqinki, Ulu Yaradan da bizi bağışlayar?!.

Nuraydan səs çıxmadı. O, Nicata daha bərk sıxıldı. Beləcə saniyələr ötdü. Qəfildən hər ikisini əsmə tutdu. İlahi, onlar nə təhər titrəyirdilər, qıçları əsim-əsim silkələnir, bədənləri uçunurdu?!. Qaçılması mümkün olmayan daxili istəklə şampan şərabının yüngül məstliyi bir andaca ərşə çəkildi. Sıçrayışla bir-birindən qopdular. Nuray öz otağına sarı götürüldü. Yerindəcə quruyub qalan Nicat da az sonra üzüqoylu yatağına sərildi. O andaca yaddaşında sonuncu dəfə bahar fəslində kəndlərini seyr etdiyi məqamlar canlandı. Bərk narahat oldu. Qorxdu ki, “qızlar” təkrarən onu qətiyyətsizlikdə günahlandıralar?!. Həmin anlarda az qala türklüyünə nifrət edəcəkdi. Əslində isə, daxilən olduqca xəcalət çəkən Nicat türklüyə xas qeyrətə bir daha  heyran kəsildi!!! Nuraya məhəbbəti dəryaya döndü, az qala qəlbi köksündən çıxacaqdı…

Səhərisi gözləri şişmiş, yuxusuz halda dinməz-söyləməz birgə konfransa qatıldılar. Konfrans hədsiz dərəcədə maraqlı keçdiyindən Nicatla Nuray da müzakirələrə fəal qoşuldular. Gözlərini demokratik ölkələrdə açanların ömrünün gənclik çağlarını Sovetlər Birliyində  yaşayanlara dərs vermək cəhdləri puça çıxdı. Tədbirin gedişində əcnəbilərin əksəriyyəti yüksək intellektual potensialı, nəfis mədəniyyəti ilə seçilən bu iki gənc alimə yaxınlaşaraq onlar təbrik edir və ürək sözlərini çatdırırdılar.

Universitet illərində beşinci kursda olduğu kimi yenidən sevginin gur alovunda alışıb-yanan Nicatla Nurayın Rio-de-Janeyro səfəri başa çatmaq üzrəydi. Cəmi bir neçə saatdan sonra onlar yenidən nakam məhəbbətin ağuşuna atılmaq məcburiyyətində qalacaqdılar. Ömürlük həsrət karvanının sarvanı olan bu insanlar kəlmə də kəsmədən mehmanxanaya yetişdilər. Nicat Nurayı restorana dəvət etdi: - Yəqinki, bu sonuncu görüşümüzdür, daha çətin qismət ola bir də belə təsadüf?!. Yır-yığış elə, gəl, birlikdə şam edək, gözləyirəm…

Nuray məhəbbətdən alışıb yanan gözləri ilə ona “hə” dedi. Nicatı mənalı baxışlarla süzüb bir göz qırpımında cəld otağına qalxdı.

Nicat masa arxasında əyləşib Nurayı gözləyirdi. Vaxt lap daralsa da, ondan səs-səmir çıxmırdı. Narahat oldu. Tələsik yuxarı qalxdı. Fikrinə gəldi ki, yəqin Nuraya nəsə olub?!. Onun otağının qapısının dəstəyinə sancılmış kağız parçasını görəndə dünya başına hərləndi. Özünü birtəhər yığışdırıb ona yazılanları oxudu: “Nicat, məni bağışla, səni əvvəlki tək dəlicəsinə sevirəm!!! Qorxdum özümüzlə bu dəfə bacara bilməyək, ona görə də vidalaşmadan səni tərk etdim. Yaradanın bizə ülvi məhəbbətimiz müqabilində bəxş etdiyi bu “hədiyyə”dən məmnun qaldım.  Düzdü, biz əsrarəngiz bir röya yaşaya bilərdik, bəlkə də, xoşbəxt bir ömrə bərabər. Reallıqsa budur ki, biz artıq ailəliyik və bizim mayamız azəri, türk xislətindən yoğrulub!!! Qaldı ki, yarı zarafat, yarı ciddi… Valideynlərimizdən “qisas almaq” imkanını ötürdüyümüzə görə isə “peşimanam” ?

Hər növbəti ilin yazında Nicatla Nurayın qəlbində ümid qığılcımı doğurdu. Rio-de-Janeyro konfransına isə nizamnaməyə uyğun hər dəfə yeni ekspertlər dəvət olunduğundan onların arzuladıqları görüş baş tutmurdu. Artıq 25 il idi ki, bir-birindən xəbərsizdilər. Şirin-şəkər nəvələri onları ovundursa da, hər ikisi ümumilikdə səadət dolu ailə həyatı yaşasa da, gənclik illərinin sevgi yarası isə tam qaysaq bağlamırdı ki, bağlamırdı.

Yubiley konfransının təşkilatçıları bu dəfə tədbirin daha da maraqlı keçməsi üçün iyirmi beş il əvvəlki ilk konfransın iştirakçılarını da qonaq dəvət etməyi qərara aldılar. Çıxış üçün söz veriləcək bir neçə təcrübəli ekspertin arasında Nicatla Nurayın da adları vardı. Nəhayət ki, ömrün payızında – 65 yaşda Nicatla Nurayın istər-istəməz illər uzunu boyunca gözlədikləri, artıq ümidlərini kəsdikləri möcüzə baş verdi!!! Vaxtilə onların qəlbinə sevgi közü salan qadir Allah bir daha qüdrətini göstərdi!!! Nə bu, nə də onların iyirmi beş il əvvəlki görüşləri heç nəyi dəyişmək iqtidarında olmasa da, amma Nicatla Nurayın nədənsə buna kəskin ehtiyacları vardı.Nə üçün?!. Bunu onların özləri də dəqiq bilmirdilər?!!

Rio-de-Janeyro hava limanından vaxtilə qaldıqları mehmanxanaya gələrkən şirin xatirələr qanadında pərvazlanan Nicatı qəfil bir səksəkə bürüdü... Birdən... Yox, yox, Allah eləməsin?!.

Bir qədər əvvəl mehmanxanaya yetişən , düz iyirmi beş il əvvəlki kimi foyedə Nicatın peyda olmasını səbirsizliklə gözləyən Nuray da yol boyunca eyni narahatlığı keçirmişdi. Gözlərini hotelin qapısından çəkmirdi. Nəhayət, ümidləri çin oldu, qəhərlərini güclə boğub, lal-dinməz xeyli bir-birinə tamaşa etdilər. Həmin günü gecədən xeyli keçənə qədər şirin-şirin söhbətləşdilər. Dəcəl uşaqlar təkin duzlu-məzəli zarafatalarından da qalmadılar. Yaş da istər-istəməz özünü göstərir, yorğunluqdan gözləri xumarlanırdı. Xoşbəxtlikdən bu dəfə ehtiyatda hələ altı günləri vardı. Yuxunun onlara güc gəldiyi bir vaxtda yaddaşlarında əvvəlki görüşlərinin ən təsirli məqamları canlandı. Hər ikisi bundan duyuq düşdü. Mənalı-mənalı baxışdılar. Nicat bic-bic gülərək zarafatla: - Nuray, bu dəfə də valideynlərimizdən qisas almaq fürsətini fövtə versək, bizimki qaldı qiyamətə... hə, nə deyirsən?!!

-  Atalar üçdən deyib!!?

Nurayın  bu “tapıntısı”na uğundular, bəsdi deyənə qədər...Birdən Nicatın ağlına gözlənilməz fikir gəldi: - Nuray təklifim var. Sabah konfransda iştirak edəndən sonra qalan beş gün qonaq kimi bizim ixtiyarımızdadır. Vətən üçün burnumun ucu göynəyir, valideynlərimin qəbirlərini də sidqi qəlblə ziyarət edərdim, yaman qəribsəmişəm?!. Bilirəm, biz çox vaxt eyni cür düşünür, təxminən eyni hissləri keçiririk. Qismətdi, biz gizlincə, qohum-əqrəbaya bildirmədən Vətənə yollana bilərik... Nə deyirsən?!.

Elə bil Nuraya dünyanı bağışladılar!!!

İki gün sonra artıq Azərbaycandaydılar. Qiyafələrini bacardıqca dəyişib, eynək taxıb əcnəbilər tək tanınmaz olan Nicatla Nuray Bakını xeyli gəzib-dolaşdılar. Göz, könül dolusu paytaxta tamaşa etdikdən sonra Nurayın valideynlərinin məzarlarını ziyarət etdilər. Bu qoşa məzara və ətrafına əməlli-başlı xərc çəkilmişdi. Başdaşları ilə üzbəüz oturacaqda doluxsunmuş, bir-birinə sıx qısılmış vəziyyətdə əyləşib Nurayın valideynlərinin şəkillərinə baxırdılar. Onların gəlişi ilə elə bil şəkillər də canlanmışdı. Bu məqamda ağlasığmaz hadisə baş verdi. Nurayın valideynlərinin gözlərindən yanaqlarına yuvarlanması aydınca görünən bir neçə gilə yaş axdı?!. Bunu hər ikisi sezdiyindən məəttəl-məəttəl bir-birlərinə baxdılar. Canlı heykələ döndülər. Onlara ötən iyirmi beş ildə iki dəfə görüşməyi ərmağan etmiş Tanrının növbəti möcüzəsindən özlərini lap itirmişdilər...

Nicatın valideynlərinin məzarlarını da ziyarət etmək üçün maşın tutub birbaşa kənd qəbirstanlığına yollandılar. Bəxtlərindən yaxınlıqda kimsə görünmürdü. Sadə kənd qəbirstanlığındakı bu iki məzarın başdaşından “boylanan” insanların çöhrələrindəki məğrurluq, zəhmətkeşlik nişanələri hələ uzaqdan diqqəti cəlb edirdi. Qəribədi, üzbəüz dayanan kimi bu şəkillər də elə bil canlandılar. Gözləri ilə nəsə “deyirdilər”. Özlərini itirən Nicatla Nurayın yenə də hansısa möcüzənin baş verəcəyinə qətiyyən şübhələri qalmamışdı. Doğrudan da, qeyri-adi hadisə bu dəfə də özünü çox gözlətmədi. Özü də necə?!. Nicatın da valideynlərinin şəkillərinin gözlərindən acı göz yaşları selə dönən məqamda pıçıltı dərəcəsində səslər eşidildi. Hər iksinin valideynlərinin səsləri bir-birinə qarşımışdı: - Bizi bağışlayın, siz indinin özündə də bir-birinizə çox yaraşırsınız!!! Sədd heyf?!!

Ruhların xoru anladan səslərindən ölçüyəgəlməz dərəcədə təsirlənən Nicatla Nuray qəfil insan hənirtisindən diksindilər. Yaxınlıqda iki oğlan uşağı böyük bir maraqla onlara baxırdılar. Nisbətən böyüyünün əlində çiçək dəstəsi var idi. Təzəcə dərilmiş bahar çiçəkləri. Uşaqlardan böyüyü Nicatın atasının qəbrinə sarı barmağını tuşlayaraq dilləndi: - Siz, necə də Qüdrət babaya oxşayırsınız?!. Babam deyirdi ki, onun bircə oğlu var, Rusyatda yaşayır, təsadüfən, o, siz deyilsiniz ki?!.

Yalan uydurmağı özünə rəva bilməyən Nicat acizanə şəkildə uşaqlardan xahiş etdi: - Sizə and verirəm, bu barədə heç kimə heç nə deməyin...

Mahiyyətcə heç bir şey anlamayan uşaqlar tələmtələsik “yaxşı, narahat olmayın” deyib kəndə sarı götürülmək istəyəndə, Nicat onlara yaxınlaşıb hərəsinin ovucuna bir 50 dollarlıq basdı və üzlərindən öpdü. İlk dəfə “canlı” dollarla, özü də bu boyda böyük məbləğdə pulla qarşılaşan uşaqların gözləri kəllələrinə çıxdı. “Sağ ol” deməyi belə unudub onlar addımlarını yeyinlətdilər. Xeyli aralanandan sonra böyük oğlanın yadına elə bil nəsə düşdü. Tezcə geriyə döndü, əlindəki tər çiçək dəstəsini məmuniyyətlə Nicata uzatdı. Ona elə bil dünyanı bağışladılar. O, çiçəkləri qoxladı. Həmin məqamda yaddaşında sonuncu dəfə kəndlərində seyr etdiyi çəmənlik canlandı. Vaxtilə onu – “arşınmalçı”nı əhatəyə alan “qızlar” – onu qınaq obyektinə çevirən tələbə yoldaşları əlindəki çiçək dəstəsində “cəmlənmişdilər”!!! Qoxu həmin qoxu idi, amma nə qədər qulaq kəsilsə də, çiçək dəstəsindən ona mehribancasına boylanan “qızlar”dan səs çıxmadı ki, çıxmadı. Nicat xüsusi ehtiramla çiçək dəstəsini Nuraya təqdim etdi.

Kəndin yuxarı hissəsində ayaq saxlayan bayaqkı oğlan uşaqları bu qəribə insanları aparan xarici maşın gözdən itənədək həmin mənzərəni mat-məəttəl seyr etdilər... Yenə də heç nə anlamasalar da...

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!