Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) dini icmalara maliyyə yardımı ayırmağa başlayıb.
Komitənin mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilib ki, bu məqsədlə mayın 29-da maliyyə yardımı ayrılan ilk 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.
Prezident İlham Əliyevin 2014-cü il noyabrın 27-də imzaladığı sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat ayrılıb.
Toplantıda Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, ayrılan maliyyə vəsaiti ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliğinin daha da gücləndirilməsinə sərf ediləcək. Onun sözlərinə görə, komitədə maliyyə vəsaitinin icmalara verilməsi ilə bağlı Qiymətləndirmə Komissiyası yaradılıb. Komissiya icmaların təqdim etdiyi layihələri müzakirə etdikdən sonra həmin layihələrə uyğun vəsaitin ayrılması barədə qərar qəbul edilir. Komitə sədri əlavə edib ki, icma sədrləri onlara ayrılan vəsaitin istifadə olunması ilə bağlı rəhbərlik etdikləri icma üzvlərinin rəyini də nəzərə almalıdırlar.
Mübariz Qurbanlı qeyd edib ki, icmaların layihələri reallaşdırması, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin düzgün təbliği, xüsusilə gənclərə dinin olduğu kimi izah edilməsi radikalizmlə mübarizədə də öz müsbət təsirini göstərəcək.
O, dini icma sədrlərinin yerlərdə axund və imamlarla, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyətinin vacibliyini vurğulayıb.
Gülşən RAUFQIZI