I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi tarixi bir hadisədir. Bu tarixi hadisənin müxtəlif tərəfləri haqda çox danışılıb. Bu dəfə Azərbaycan vətəndaşlarının ictimai mədəniyyəti və özün necə aparmaq bacarığına diqqət çəkmək istədik. Sosioloq Əhməd Qəşəmoğlu Modern.az saytına mövzu ilə açıqlama verib.
O, xarici ölkələrdə tez-tez səfərlərdə olduğunu bildirib: “İstər bazarda, istərsə də küçədə əhalinin davranışı həmin ölkə haqqında təsəvvür yaradır.
Əhalinin küçədəki davranışından, qonağa münasibətindən asılı olaraq bir ölkəyə məhəbbət də yarana bilər, soyuqluq, laqeydlik də. Bunu şəxsi təcrübəmdən bilirəm. Bu baxımdan nəzərə almalıyıq ki, oyunlar zamanı ölkəmizə gələn qonaqlar çox olacaq. Bunun idman tərəfini kənara qoysaq, I Avropa Oyunlarına Azərbaycan xalqı haqqında ictimai rəy formalaşması kimi də baxmaq olar.
Bu zaman sual yaranır: “Oyunlar zamanı yerli əhali nə etməlidir?” Camaat fikirləşməlidir ki, bu çox məsuliyyətli bir dövrdür. Gənc, yaşlı, qadın, kişi – hər kəs hesab etməlidir ki, burda öz hərəkəti ilə hansısa bir xalqın nümayəndəsində elə bir fikir yarada bilər ki, o fikir sonra Azərbaycanın Qarabağ uğrunda, o cümlədən apardığı başqa mübarizələrdə köməyi ola bilər”.
Əhməd Qəşəmoğlunun fikrincə, insanlar həm özləri ilə, həm də cəmiyyətlə mübarizə aparmalıdır:
“Biz bilirik ki, qarşımızdakı xarici ölkə vətəndaşıdır. Kimliyindən asılı olmayaraq, ölkəyə gələn hər bir xarici vətəndaşda yaradacağımız fikir Azərbaycan üçün mühüm rol oynayır. Elə hesab etməliyik ki, bu oyunlar bir toydur. Toy mərasiminə də insanlar necə səliqəli getməyə çalışırsa, həmin günlərdə üst-başımıza da elə fikir verməliyik.
Çünki ölkədə insanların davranışı, geyimi çox söz deyir.
Təəssüf ki, bəzən şəhərdə üstündə səliqə-səhmanı olmayan, necə gəldi hərəkət edən, hətta görürsən ki, kişilər üzünü belə təmizləmir, guya kefi necə istəyir elə edir, ona belə rahatdır, sərbəstdir, zibil yerə atan, yerə tüpürən insanları da müşahidə etmək olur.
Amma hər birimiz ümumi Azərbaycan naminə, ümumi Azərbaycan mövqeyini nəzərə alaraq hərəkət etməliyik. Yəni kiməsə, nəyəsə xoş gəlmək üçün yox”.
Yeganə OQTAYQIZI