Modern.az

Azərbaycanda 37 uşaq zorakılığa məruz qalıb, aralarında qızlar da var

Azərbaycanda 37 uşaq zorakılığa məruz qalıb, aralarında qızlar da var

4 İyun 2015, 09:46


“2015-ci ilin birinci rübü ərzində uşaqlara qarşı törədilmiş fiziki zorakılıq halları üzrə 37 fakt aşkarlanıb. Bu rəqəm 2014-cü ildə 198, 2013-cü ildə isə 165 olub”.
Bu söpzləri Modern.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin əməkdaşı Pərviz Əliyev deyib. O qeyd edib ki, fiziki zorakılıq halları daha çox 14-17 yaş qrupunda üstünlük təşkil edir.

“Məsələn, 2014-cü ildə uşaqlara qarşı törədilən 198 fiziki zorakılıq faktının 62-i qızlara qarşı olub”.

P.Əliyev qeyd edib ki, fiziki zorakılıq halları ilə bağlı statistik rəqəmlər tam reallığı əks etdirmir.

“Fiziki zorakılıqla bağlı müraciət edildikdə, cinayət işi qaldırılıb, İnzibati Xətalar Məcəlləsinə uyğun iş açılan zaman bunlar qeydiyyata alınır və statistik məlumat toplanılır. Ancaq çox zaman uşaqların öz hüquqlarını anlamaması və ya fiziki zorakılığa məruz qalıb-qalmadıqlarını bilməməsi səbəbindən müraciət edilmir və statistik məlumat toplanılmır.

Bütün statistik məlumatlar tam reallığı əks etdirməyən rəqəmlərdir. Hansı hallarda müraciət olunur, cinayət işi qaldırılır, İnzibati Xətalar Məcəlləsinə uyğun iş açılır, onlar qeydiyyata alınır onunla bağlı statistik məlumat toplanılır. Ancaq bəzən müraciət olmur, uşaqlar həqiqətən zorakılıqla üzləşirlər, lakin hüquqlarından xəbərsizdirlər”.

Pərviz Əliyev deyir ki, bunu nəzərə alaraq maarifləndirmə işləri aparırlar, sırf məişət zorakılığı ilə bağlı regionlarda müxtəlif tədbirlər keçirirlər.

“Daha çox məktəblərdə maarifləndirmə tədbirləri keçiririk, şagirdlərə məlumatlar veririk. Təhsil Nazirliyi ilə əməkdaşlığımız nəticəsində bu gün Bakının bütün məktəblərinin psixoloqların işinin gücləndirilməsi, zorakılıq, intihar və s. hallarla bağlı treninqlər keçirmişik”. 

Komitə rəsmisi  fiziki zorakılıq hallarından fərqli olaraq, uşaqlara qarşı psixi, iqtisadi zorakılıqla bağlı faktların aşkarlanmadığını bildirib. “Aşkarlansa belə, onlara qarşı ciddi tədbir görülmür. Qanunvericilikdə bu məsələ daha çox fiziki zorakılığa aid edilir”.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular