Araşdırmaçı jurnalist Eynulla Fətullayev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Avropa İttifaqı yanında daimi müşahidəçi missiyasının rəhbəri Arif Məmmədovun məmurlar haqqında bəyanatını Azərbaycan dövləti əleyhinə addım kimi dəyərləndirən məqalə yazıb.
Müəllif “Azərbaycan XİN-də İlham Əliyevə qarşı üsyan çağırışları” başlıqlı yazıda iddia edib ki, hakimiyyət daxilində bir sıra diplomatlar dövlətə qarşı birləşərək qruplaşma yaradıblar.
Məqalədə o da qeyd edilib ki, Xarici İşlər Nazirliyinin (XİN) bir sıra əməkdaşı, o cümlədən mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Arif Məmmədovun çağırışını dəstəkləyir.
Daha sonra isə Hikmət Hacıyev haqqında xidməti təhqiqat başlandığı haqında informasiya yayılıb.
XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev jurnalistin bu iddiasına münasibət bildirib. O, Modern.az saytına açıqlamasında deyib ki, hazırda Azərbaycan üçün mötəbər bir tədbir olan Avropa Oyunları ilə bağlı hazırlıq prosesində iştirak edir.
“Avropa Oyunları hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir. Mən Xarici İşlər Nazirliyindəki 15 illik fəaliyyətim dövründə həmişə dövlətimizə, prezidentimizə və xalqımıza sadiq olmuşam və əməllərimlə bunu sübut etməyə çalışmışam. Hər birimiz ölkə rəhbəri ətrafında sıx birləşməliyik”,-deyə Hikmət Hacıyev bəyan edib.
XİN təmsilçisi Arif Məmmədovun Binəqədidə baş vermiş yanğın hadisəsinə görə Azərbaycan məmurlarını sərt şəkildə tənqid etməsi ilə bağlı məsələnin araşdırıldığını deyib.
Aqşin Kərimov