Modern.az

Tahir Kərimli Sərdar Cəlaloğluna cavab verdi: “Çox yanlış fikirləşir”

Tahir Kərimli Sərdar Cəlaloğluna cavab verdi: “Çox yanlış fikirləşir”

5 İyun 2015, 10:25

“Sərdar Cəlaloğlu çox yanlış fikirləşir. Hər bir partiyanın iqtidar-müxalifət görüşündə iştirak eləmək hüququ var”.

Bu sözləri Modern.az saytına Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

O bildirib ki, hər bir partiyanın kifayət qədər problemi var:

“Sərdar Cəlaloğlunun öz fikirləri var. O, özünün inandığı sözləri deyir. Şübhəsiz ki, bizim də öz arqumentlərimiz və fikirlərimiz var. Hər bir kəsin söz demək hüququ var. Ona görə də nə istəyir desin. Amma biz onun dediyi fikirlərlə razılaşmırıq. Çünki bu iqtidar-müxalifət görüşüdür. Bu görüşdə həm iqtidar, həm müxalifət tərəfdən partiyalar olmalıdır.

Onda mən də deyə bilərəm ki, müxalifət partiyaları da eyni sözləri deyir. Elədirsə, yığışıb bir adama tapşırsınlar ki, bir müxalifət partiyası və ya təşkilatı görüşdə onları təmsil eləsin.

Əli Həsənov hakimiyyəti və Yeni Azərbaycan Partiyasını təmsil edir. Bizim Əli müəllimə hörmətimiz var. Yeri gəlsə, biz ona mandat verə bilərik. Amma hər bir partiya özünü təmsil edir.

Heydər Əliyev 1993-cü ildə razı olmuşdu ki, məsləhət şurası adı altında məşvərət məclisi yaransın. Məclisdə də xeyli partiyalar olsun. Mən bu məsələni yaxınlarda yenidən qaldırdım. Çünki indi də bir koordinasiya mərkəzinin və ya məsləhət şurasının yaradılmasına ehtiyac var. Bütün partiyalar da ora dəvət olunmalıdır”.

Partiya sədri əlavə edib ki, onların Azərbaycanda gedən ictimai-siyasi proseslərlə bağlı mövqe bildirmək haqları var:

“Hər bir partiyanın özünə məxsus problemləri var. Məsələn, bizim qərargah və digər məsələlərlə bağlı xeyli problemlərimiz var. Biz həmin görüşlərdə iştirak etməklə bunları deyə bilirik. Ona görə də mən onların dediyi fikirlərlə razılaşmıram.

Hesab etmirəm ki, bu sözlər müxalifətin xeyrinədir. Çünki onda bu bəraət qazandırır ki, müxalifətin radikal kəsimi bunları heç müxalifət hesab eləmir. Bildirirlər ki, heç onların müxalifət adından danışmağa ixtiyarı yoxdur. Ona görə də mən onları bu cür mövqelərdən çəkindirməyə çalışardım. Hesab edirəm ki, görüşdə bütün partiyalar iştirak etməli, öz sözünü deməlidir”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Modern.az saytına açıqlamasında bildirib ki, bir çox partiyaların iqtidar müxalifət görüşündə iştirak etməsi düzgün deyil.

Sevinc YASİNQIZI

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular