“Bakı şəhərində IX və XI siniflər üzrə iyunun 2-də keçirilmiş buraxılış imtahanlarında şagirdlərin aşağı nəticə göstərmələrinə təəssüflənirəm. Bu cəmiyyət üçün bir siqnaldır. Bu siqanala qarşı həm cəmiyyət, həm məktəblər, həm nazirlik tədbirlər görməlidir”.
Bu sözləri Modern.az-a açıqlamasında təhsil eksperti Şahlar Əliyev deyib. O qeyd edib ki, əgər məktəblərdə ana dili və riyaziyyatdan şagirdlər belə aşağı nəticə göstərirsə, təhsil sistemində bir qüsur var və bu qüsur tapılmalıdır:
“6 aya insana velosioped sürməyi öyrədirlər. 11 ilə şagirdə dili və riyaziyyatı öyrədə bilmirik. Demək, ya idarəetmə, ya müəllimlər, ya maliyyə yerində deyil. Bunu analiz etmək lazımdır. Burada kompleks araşdırmalar getməlidir”.
Ekspert insan həyatı üçün riyaziyyatın vacib olduğunu bildirib: “Bütün dünyada qəbul olunan bir nəzəriyyə var. 10 ağıllı adamdan soruşulsa ki, orta məktəbdə hansı fənlərə diqqət yetirilsin, onun 9-u və ya hamısı deyəcək ki, riyazayyata. Riyaziyyat hava və su kimi vacibdir. Riyaziyyatdan belə aşağı nəticə göstərilməsi çox məyusedicidir. Riyaziyyat silahdır, əgər riyaziyyat yoxdursa, silahımız zəifdir, yaşaya bilməyəcəyik”.
İyunun 2-də Bakı şəhəri üzrə keçirilən buraxılış imtahanında Azərbaycan bölməsində buraxılış imtahanında iştirak edən IX sinif şagirdlərinin 55, 85 faizi ana dili fənni üzrə, 57,98 faizi riyaziyyat fənni üzrə “2” və “3” qiyməti alıb. Həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 44,15 faizi, riyaziyyat fənni üzrə isə 42,02 faizi “4” və “5” qiyməti alıblar.
Rus bölməsində isə buraxılış imtahanında iştirak edən IX sinif şagirdlərinin 45,56 faizi ana dili fənni üzrə, 44,16 faizi riyaziyyat fənni üzrə “2” və “3” qiyməti alıblar. Həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 54,44 faizi, riyaziyyat fənni üzrə isə 55, 84 faizi “4” və “5” qiyməti alıblar.
Azərbaycan bölməsində buraxılış imtahanında iştirak edən XI sinif şagirdlərinin 45, 67 faizi ana dili fənni üzrə, 35,39 faizi riyaziyyat fənni üzrə “2” və “3” qiyməti, həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 54,32 faizi, riyaziyyat fənni üzrə isə 64,62 faizi “4” və “5” qiyməti alıblar.
Rus bölməsində isə buraxılış imtahanında iştirak edən XI sinif şagirdlərinin 36,85 faizi ana dili fənni üzrə, 27,32 faizi riyaziyyat fənni üzrə “2” və “3” qiyməti, həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 63,15 faizi, riyaziyyat fənni üzrə isə 72,68 faizi “4” və “5” qiyməti alıblar. 165 nəfər maksimum nəticə göstərərək 90 bal toplayıb.
Aytən ƏLİYEVA