İyunun 8-də "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupu “Babək haqqında mülahizələrin milli ideologiyanın qorunmasına mənfi və müsbət təsirləri” mövzusunda MQF Bakı QHT Resurs və Təlim Mərkəzində dəyirmi masa keçirib.
Tədbiri “Oğuz” MAQ rəhbəri Vüqar Zifəroğlu açıb. Bildirib ki, rəhbərlik etdiyi fikir mərkəzi mütəmadi şəkildə milli kimliyimiz və mənəvi dəyərlərimizin təbliğatı ilə bağlı müxtəlif mövzularda tədbirlər təşkil edir və bu dəyirmi masa da onlardan biridir. İndiyədək 11 kitab nəşr edərək müzakirəyə təqdim etdiklərini bildirən V.Zifəroğlu bu ilin sonunadək bir neçə belə tədbir keçirməyi planlaşdırdıqlarını vurğulayıb.
Mövzu ilə bağlı çıxış edən “Oğuz”MAQ İdarə Heyətinin üzvü, araşdırmaçı Ceyhun Bayramlı qeyd edib ki, Azərbaycanın milli ideologiyasının təməl prinsipi olan Azərbaycançılıq və vətənpərvərlik prinsipləri IX əsrdə işğala qarşı xalq azadlıq hərəkatına öndərlik etmiş Babək Xürrəminin Azad Azərbaycan ideyaları ilə üst-üstə düşür. O, çıxışında, Babəkin sıradan bir üsyan başçısı yox, əslində 22 il ərzində mövcud olmuş, heç bir dövlətdən asılı olmayan müstəqil bir Azərbaycan dövlətinin hökmdarı olduğunu faktlarla diqətə çatdırıb.
Çıxışda Babək barədə bu günədək geniş elmi ictimaiyiyətə açıqlanmamış bir sıra maraqlı məsələlərə toxunulub. Xüsusilə Babək Xürrəminin bir hökmdar kimi fəaliyyəti, Babəkin və xürrəmilərin İslam inancında olmaları, xürrəmilik ideyalarının mahiyyəti ilə bağlı yeni fikirlər söylənilib.
Daha sonra çıxış edən digər iştirakçılar müstəqil Azərbaycanımızın milli ideologiyasının formalaşmasında Babək Xürrəmi şəxsiyyətinin və ideyalarının yeri və rolu barədə fikir və mülahizələrini səsləndiriblər.
Tədbir maraqlı diskussiyalar və polemik çıxışlarla yadda qalıb.
Sonda çıxış edərək tədbir iştirakçılarına təşəkkür edən V.Zifəroğlu sentyabrda daha bir dəyirmi masa təşkil edəcəklərini bildirib.
Modern.az