İyunun 13-də Azərbaycan Güləş Federasiyasının idmançıları Avropa Oyunlarında tatamiyə çıxacaqlar. Bu haqda Modern.az saytına məlumat verən federasiyanın mətbuat katibi Mais Musayev bildirib ki, həmin gün federasiyanın 4 idmançısı yarışacaq:
“Sabahdan güləş yarışları başlayır. Bu yarışlar iyunun 13-ü 18-i arasında Heydər Əliyev adına İdman Sarayında olacaq.
Güləşçilərimiz üç növdə yarışacaq. İyunun 13-14-də yunan-roma güləşçiləri, 15-16-da qadın güləşçilər, 17-18-də isə sərbəst güləşçilər yarışacaq. Ümumilikdə, federasiya oyunlarda 24 idmançı ilə təmsil olunur. Hər növdə 8 idmançı yarışacaq.
Sabah 59 kq çəkidə Elman Muxtarov, 71 kq çəkidə Rəsul Cumayev, 80 kq çəkidə Rafiq Hüseynov və 98 kq çəkidə Orxan Nuriyev yarışacaq.
İdmançıların əhval-ruhiyyəsi yüksəkdir. Bütün idmançılar I Avropa Oyunlarının Azərbaycanda keçiriləcəyi məlum olandan yarışlara hazırlığa start veriblər. Hazırlıq prosesi başa çatıb. Onlar hazırda Atletlər Kəndində yerləşiblər. Hamısı Azərbaycanı bu oyunlarda layiqincə təmsil eləmək əzmindədirlər. Yəqin ki, belə də olacaq. Bundan əvvəlki dünya, Avropa və Olimpiya oyunlarında olduğu kimi, yenə də qazandıqları qızıl medallarla xalqımızı sevindirəcəklər.
Mən bütün azarkeşləri yarışlara dəvət edirəm. Gəlib güləşçilərə dəstək olsunlar ki, qazanılan qələbələri bir yerdə qeyd edək”.
Sevinc YASİNQIZI