İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (Azİz) I Avropa Oyunları ilə əlaqədar Avropa Parlamentinə müraciət ünvanlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, müraciətdə qeyd edilir ki, minlərlə idmançının səbirsizliklə gözlədiyi I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün Azərbaycan və ölkənin rəhbərliyi bütün imkanlarını səfərbər edib.
Müraciətdə İsrailin də uzun illər boyu bir sıra ölkələr və beynəlxalq təşkilatlar tərəfindən sərt tənqidlərə məruz qaldığı, lakin bütün müharibələrdən şərəflə çıxdığı və hazırda bir sıra dövlətlərin qısqanclıqla yanaşdığı bir ölkəyə çevrildiyi xatırladılır. Ölkəmizi bu baxımdan İsraillə müqayisə edən təşkilat üzvləri qeyd edir ki, Azərbaycanın sərvəti, ağlasığmaz iqtisadi imkanları, müharibə şəraitində olmasına baxmayaraq, davamlı irəliləməsi, bölgədə iqtisadi və siyasi liderliyini təsdiqləməsi faktı ilə barışa bilməyənlər bu gün Azərbaycana qarşı qarayaxma kampaniyası aparmağa cəhd edir: “Şübhəsiz ki, Azərbaycanın ünvanına yağdırılan böhtanlar hələ çox danışılacaq. Çünki, Uinston Çörçilin təbirincə desək, "həqiqət paltarını geyinənə qədər yalan dünyanın yarısını dolanır".
Müraciət müəllifləri hesab edir ki, Azərbaycan ikili standartlar dünyasında öz nüfuzu uğrunda mübarizə aparmalıdır.
Aytən ƏLİYEVA