Birinci Avropa Oyunlarında Azərbaycan boksçuları iyunun 16-dan 27-nə kimi yarışacaqlar.
Azərbaycan Boks Federasiyası mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli Modern.az saytına bildirib ki, federasiya oyunlarda 15 boksçu ilə təmsil olunacaq:“Boks ən uzun müddətli davam edən yarışdır. Ona görə də yarışlar iyunun 16-da başlayıb 27-də bitəcək. Boks üzrə yarışlar “Bakı Crystal Hall” da keçiriləcək. Kişilərin oyununda 10 idmançı, xanımlarda isə 5 idmançı yarışacaq. İyunun 15-də isə boksçuların püşkatması olacaq.
Ona görə də ilk günün birinci mərhələsində kimlərin rinqdə mübarizə aparacağı bilinəcək. Daha sonra arada fasilə olacaq. İkinci seans isə axşam 18.00 –da başlayacaq.
Oyunlarda federasiyamızı kişilərdən 49 kq çəkidə Salman Əlizadə, 52 kq çəkidə Elvin Məmişzadə, 56 kq çəkidə Tayfur Əliyev, 60 kq çəkidə Albert Səlimov, 64 kq çəkidə Lorenzo Sotomayor, 69 kq çəkidə Pərviz Bağırov, 75 kq çəkidə Xaybulla Musalov, 81 kq çəkidə Teymur Məmmədov, 91 kq çəkidə Abdülqədir Abdullayev, 91 kq çəkidən yuxarı isə Məhəmmədrəsul Məcidov, xanımlardan Anaxanım Ağayeva, Anna Əlimərdanova, Yana Alekseyeva, YelenaVıstropova və Leyla Cavadova təmsil edəcək.
İdmançılarımız 20 gündən çox Meksikada təlim-məşq toplanışı keçiblər. Bu, sırf fiziki hazırlığın artırılmasına hesablanan məşq idi. Bakıya gəldikdən sonra isə 10 gün əvvəl ölkəmizə gələn İrlandiya və Bolqarıstanın komandaları ilə birgə son hazırlıq məşqləri ediblər.
İyunun 11-də isə Atletlər Kəndinə köçüblər. Boksçuların əhval-ruhiyyələri yüksəkdir. Rinqə ancaq qalib gəlmək üçün çıxacaqlar. Onlar məsuliyyəti hiss edirlər”.
Sevinc YASİNQIZI