filologiya üzrə elmlər doktoru, professor
Allah heç bir bəndəsinin pisliyini istəmir. Amma bəzi bəndələr şeytanla əlbir olub yollarından çıxırlar.
***
Uşaqları ən yaxşı qoruyan valideynlərdir. Xüsusən də körpə uşaqları.
***
Bəzən şeytana güc çatmır.
***
Allahdan başqasına bel bağlayan çarəsiz qalar.
***
Qaranlıqda insanın çirkin üzü görünməz.
09.09.2010-cu il
***
Poeziya sözlərin riyaziyyatıdır, riyaziyyat isə rəqəmlərin poeziyasıdır. Düz deyiblər ki, qəlbi şair olmayan riyaziyyatçılar yaxşı riyaziyyatçı ola bilməz.
17.04.2011-ci il
***
Niyə insanlar güclülərə xəyanət edirlər?
Niyə insanlar güclü adamları qısqanırlar?
Niyə insanlar güclü adamların əl-ayağına dolaşırlar?
Niyə insanlar güclü adamlara qənim kəsilirlər?
Niyə insanlar qorxaqlara, yaltaqlara meydan verirlər?
29.01.2012-ci il
***
Bütün yeraltı, yerüstü sərvətlər nə vaxtsa tükənəcəkdir. Ancaq dil elə zəngin sərvətdir ki, heç vaxt tükənmir.
***
Söz və ağıl...
Söz və səs...
***
Övlad Allahın valideynə verdiyi nə mükafatdır, nə müjdədir. Bir sınaqdır.
***
İstedadlı insanların ömür – gün yoldaşı olmaq da istedaddır.
***
İnsan səbrin hesabına hər şeyi udur.
***
Filankəs xanım kişi kimidir demək onu söyləməyə əsas verir ki, deməli, kişilər öz funksiyasını yerinə yetirə bilmir.
04.XI.2011-ci il
***
“Durğu işarələri cümlədə nəfəslik rolunu oynayır”. Xalq artisti Canəli Əkbərovla söhbətim zamanı bu fikri o söylədi.
25.03.2013-cü il
***
Bizim hər birimiz (yaradıcı insanlar) kitablardan çox öyrənmişik. Kitablar kitabxanada saxlanılır. Bizim (yaradıcı insanların) yazıb yaratdıqlarımız da (kitablar) kitabxanada qorunur. Deməli, kitabxana bizi həm mənəvi cəhətdən qidalandırır, həm də bizi əbədi yaşadır. Ona görə də hər bir yaradıcı adam kitabxanaya borcludur.
31.01.2013-cü il
***
Mirzə İbrahimovun belə bir sözü varmış: “Şərəfi şəkərə satan şərəfsizlər”. Bu fikrin nə ilə bağlılığı belə olmuşdur: İranda seçki zamanı şəkərlə, şəkər verməklə insanları ələ almışlar.
26.05.2013-cü il
***
Rəvayətə görə, ömür paylanan zaman bütün canlılara eyni ömür – 40 illik ömür verilmişdir. İnsan isə ömrünün azlığından şikayət etmiş və nəticədə Allah onun 40 illik ömrünün üzərinə 40 il də artırmışdır. Allah artırdığı bu 40 ilin 20-ni eşşəyin, 20-ni isə itin ömründən kəsib insana vermişdir. Ona görə də insan həyatının müəyyən dövrünü (40-dan sonrakı) çox işləyir (məcazi mənada eşşək kimi işləyir), müəyyən dövrünü (60-dan sonrakı) çox deyingən olur (məcazi mənada it kimi hürür). Yəni insan həm insana, həm eşşəyə, həm də itə aid olan ömür yaşayır...
26.05.2013-cü il
***
“Allah bildiyi məsləhətdir”. “Allah bizi qarşıdakı daha qorxulu bəlalardan qorusun”. Bu deyimlərin çoxlu izahı var. Bir izah da belədir: Bir gün çoban öz sürüsünü çayın kənarında otarırmış. Görür ki, çayda bir kəllə var. O kəlləyə üz tutub deyir ki, niyə bu günə qalmısan? Kəllə deyir ki, buna da şükür, Allah bilən məsləhətdir, Allah qarşıdakı bəlalardan qorusun. Günlərin bir günü çoban görür ki, həmin kəllə çayın kənarındakı bir qayaya dəyib və sınıq-sınıq olubdur. Çoban onda başa düşür ki, kəllə ona deyəndə ki, Allah qarşıdakı bəlalardan qorusun, bax onda bunu deyirmiş.
26.05.2013-cü il
***
Məqalələrim, kitablarım, çıxışlarım xoşuna gələn bir adam məni hər dəfə görəndə deyir ki, bu gün işim yaxşı olacaqdır. Hətta onu da deyir ki, necə edim ki, hər gün səni görüm, işim yaxşı getsin...
***
Ləyaqəti, böyüklüyü olmayan adamlar böyük işlər görə bilməzlər.
***
Mən pul deyiləm ki, hamı məni sevsin.
***
Buqələmun insan yaxşı insan ola bilməz.
***
Səhvini etiraf et, görək səni bağışlamaq olarmı?!
***
Məhəbbət suya, yağışa ehtiyacı olan cadar-cadar torpağa bənzəyir.
***
Məhəbbət əbədi hissdir.
***
İki nəfər bir-birilə torpaq üstündə döyüşür. Bir addım torpağın kimə məxsus olduğu barədə mübahisə edirlər. Bir ağıllı adamdan soruşurlar ki, bu bir addım torpaq kimindir. Həmin ağıllı adam qulağını bir neçə dəqiqə torpağa söykəyir və sonra ayağa durur. Deyir ki, mən torpaqdan torpağın kimə məxsus olduğunu soruşdum. O isə dedi ki, torpaq üstündə döyüşənlər də, hər bir kəs də mənə məxsusdur. Torpaq üstündə döyüşənlər də, hər bir kəs də mənimdir.
1.08.2013-cü il
***
Yayın isti günlərindən biri idi. Avtobusla evə gedirdim. İsti olduğundan avtobusun qabaq qapısı açıq idi. Bir cavan qız avtobus dayanacaqlardan birinə yaxınlaşanda sürücüyə dedi ki, açın qapıları. Qız bu açıq qapının düz yanında dayanmışdı. Dayanacaqda düşmək istəyirdi. Elə bu zaman sürücü cavab verdi: Neçə qapını açmaq lazımdır, sənə lazım olan qapı açıqdır.
***
Gənclik açılmamış mücrüdür. Onu yalnız qocalar aça bilir.
18.08.2013-cü il
***
Yolnan gedən yorulmaz. Doğrudan da, dağnan, dərəynən, təpəynən, daş-kəsəknən gedən tez yorulur.
15.09.2013-cü il
***
Ziyalı bir türk Azərbaycanda qonaqlıq zamanı icazə alıb ilk badəni qonaq olduğu evin sahibinin sağlığına içir. O qeyd edir ki, siz kökü qoruyub saxlamısınız. Bizdə (yəni Türkiyədə) hər hansı bir qonağı əksər vaxt evə aparmırlar. Ancaq siz bunları çox asanlıqla edirsiniz.
Hətta türk onu da qeyd edir ki, onun evində yorğan-döşək yükü olduğu halda, hələ indiyə qədər o yorğan-döşək yükü açılmamışdır. Ancaq Azərbaycanda hər kəsin evindəki yorğan-döşək yükü qonaq-qara üçün açılır. Türk onu da qeyd edir ki, Azərbaycanda kök qorunub saxlanılır. Bu cəhətdən Türkiyədə kök qorunmur.
15.09.2013-cü il
***
Daş olsaydım əriyərdim, torpaq idim dözdüm.
15.09.2013-cü il
***
Uşaq babasından soruşur ki, hamımız öləcəyik?! Babası deyir ki, yox sən ölməyəcəksən. Sən qocalana qədər elm o qədər inkişaf edəcəkdir ki, ölümün əlacı, dərmanı tapılacaq və sən əbədi yaşayacaqsan. Bu vaxt uşaq yenə də babasına sual verir:
- Baba, onda sən də ölməyəcəksən?
Babası cavab verir:
- Bala, mən çox qocalmışam, mənim vaxtımda həmin dərman olmayacaqdır.
15.09.2013-cü il
***
Baba öz nəvəsi ilə qəbristanlığın yanından keçirmiş. Bu zaman nəvənin gözü qəbir daşları üzərindəki şəkillərə zillənir. Başlayır babasına suallar verməyə:
- Baba, bu qəbirin üstündə niyə at şəkli var?
Baba deyir:
- Bala, bu qəbirdə uyuyan filankəs mehtər olub.
- Baba, bəs bu qəbrin üstündə niyə neft şəkli var?
- Bala, bu qəbirdə uyuyan neftçi olub.
- Baba, bəs bu qəbrin üstündə niyə balıq şəkli var?
- Bala, bu qəbirdə uyuyan balıqçı olub.
Çoxlu sayda bu suallardan sonra nəvə babasına sual verir ki, baba, bəs sən öləndə qəbrinin üstündə nə şəkli olacaq?! Baba deyir ki, bala, mən bağbanam. Qulluq etdiyim ağaclar mənə atamdan qalıbdır. Əgər mənim öz əkdiyim ağaclar bitsə və bar versə, mən öləndə qəbrimin üstündə ağac şəkli olacaq.
16.09.2013-cü il
***
Şəri cəzalandırmaq üçün yalan deyilirsə, o, həqiqətə çevrilir.
***
Dişi pələng çaqqala arvad ola bilməz.
21.09.2013-cü il
***
Yaxşı övlad ata-ananın başını yox, üzünü ağardır.
29.09.2013-cü il
***
İnsanın iki adı var: adam, insan
***
Balığın elə növü var ki, həm dişidir, həm də erkək. O, vaxtı çatanda kürüsünü tökür. Bir müddətdən sonra erkək kimi kürünü qidalandırır.
29.09.2013-cü il
***
Füzuli sözün güc qanununu yaradıbdır. O, sözün güc qanununu, düsturunu elə yaradıbdır ki, heç kəs onu poza bilmir. Füzulinin sözdən yaratdığı qanun, düstur zirvədir. Bu zirvəyə yalnız qibtə etmək olar. Onu fəth etmək yalnız Füzulinin öz işidir.
***
Azad Mirzəcanzadə fiziki mövcudluğu baxımından XX əsrə, mənəvi, elmi mövcudluğu baxımından XXIII əsrə aiddir.
30.09.2013-cü il
***
Ev doğulmaq və ölmək üçündür. Həyat yollarda keçir.
02.X.2013-cü il
***
Tərcüməçi tərcümə etdiyi əsəri təkmilləşdirmək naminə əsərin müəllifi ilə rəqabətdə olmalıdır.
***
Ağıl üçün ən təhlükəli xəstəlik qürurdur.
***
Sevgi elə eynəkdir ki, onu taxanda hər şey qızılgül kimi görünür.
***
Musiqi mələklərin dilidir.
***
Məqsədsiz insan yelkənsiz gəmidir.
***
Hər şeyi sonralara saxlamaq olmaz. Sonralar böyük bəlalara çevrilə bilər.
***
Külə döndünsə, gülə dönməyi gözlə və neçə dəfə gülə döndüyünü söylə.
16.X.2013-cü il
***
XX əsrdə dilin və sözün başına nələr gətirdiyimiz barədə fikirləşməliyik. Ən başlıcası XX əsrdə söz ucuzlaşdı, dəyərdən və gücdən düşdü. Belə olduğundan dünyanın özü təhlükə altına alındı. Qırğınlar, qan-qadalar, vuruşlar, daha nələr, nələr baş alıb getdi...
***
Dünyada reallıqlar çoxdur... Bir reallıq da var. Bu reallıq hər birimizin özümüzük. Hər birimizin həyatımızdır. Özümüz də, həyatımız da bizə Allahın verdiyi ən zərif hədiyyədir. Bu hədiyyəni eybəcərləşdirənlərə, əlimizdən alanlara qarşı olmaq lazımdır. Bu hədiyyəni istədiyimiz kimi istifadə etməliyik. Bu hədiyyə bizə, bizim hər birimizin özümüzə məxsusdur.
***
Toy-düyün sözünün birinci hissəsi toy yemək, içmək, demək, gülmək, şadlanmaqla bağlı olan, daha doğrusu, bu mənaları bildirən sözdür. Düyün sözü isə iki gəncin bir-birinə bağlanmasıdır, məhəbbətidir. Bu, bəylə, gəlinin bir-birinə bağlanmasından əmələ gələn sözdür. Daha doğrusu, bəylə gəlinin bir-birinə bağlanmasını ifadə edən sözdür.
***
XX əsrin ən böyük faciələrindən biri də pislərin çoxalması, yaxşıların azalmasıdır. Bu pislər bir-birini elə tez tapıb birləşirlər ki, məəttəl qalırsan. Ancaq yaxşılar biri-biri ilə birləşmək barədə fikirləşmirlər. Yaxşılar yaxşıların və pislərin xəbəri olmadan yaxşı əməlləri ilə məşğul olurlar...
16.X.2013-cü il
***
İnsan yaşayırsa, bu, elə xoşbəxtlikdir.
***
İşıqlı insan özünü hər yerdə azad hiss edir.
***
Bir yerdə çox qalmaq, durmaq və oturmaq insanı korlayır. Yaxşı deyiblər ki, su bir yerdə çox qalanda o da iy verir.
***
İnsan ağzı qapağı açılmamış bir qazana bənzəyir. Bütün ömrü boyu bu qazanın qapağı tez-tez açılır və onun içindəkilər görünür.
***
Şairin şairliyi onun sözlərinin, sətirlərinin altındadır.
***
İnsanın hər şeyi görməyə və izləməyə vaxtı yoxdur.
3.XI.2013-cü il.