Modern.az

Müxalifət liderləri Avropa Oyunlarının açılış mərasimini dəyərləndirdilər: “Möhtəşəm idi” - FOTO

Müxalifət liderləri Avropa Oyunlarının açılış mərasimini dəyərləndirdilər: “Möhtəşəm idi” - FOTO

13 İyun 2015, 13:39


İyunun 12-də I Bakı Avropa Oyunlarının möhtəşəm açılış mərasimi keçirildi. Mərasimdə bir çox ölkələrin prezidentləri, tanınmış şəxslər də iştirak etdi. Açılış mərasimində müxalifəti təmsil edən Azadlıq Partiyasının sədri Əhməd Orucu, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Xalq partiyasının sədri Pənah Hüseyn də iştirak edib. Modern.az saytı partiya nümayəndələrinin təəssüratlarını soruşub.

Əhməd Oruc:

“Məncə, normal bir açılış oldu. Yəqin ki, idmançılarımız da müəyyən medallar qazanacaqlar. Hələ 16 gün ərzində Azərbaycandan dünyanın bəzi ölkələrinə idman reportajları veriləcək. Hələ tanıtım mərasimi indi başlanıb. Ümid edirəm ki, bu, dünyaya pozitiv bir mesaj olacaq. Oyunlara ev sahibliyi etməklə Azərbaycan çox ciddi idman ölkəsi olduğunu və bu kimi böyük tədbirlərə ev sahibliyi edə biləcəyini ortaya qoydu. Bir sıra Avropa liderlərinin bu məsələdə guya siyasi rəng verib iştirak etməməsinin doğru olmadığını hesab edirəm. Onlar Yerevanda 2015-ci il aprelin 24-də qondarma erməni soyqırımının anım mərasimində iştirak etmiş insanlardır. Onlar üçün Azərbaycanda insan haqları və digər məsələlər bəhanədir. Onların dövlət maraqlarına uyğun olsa, istənilən yerdə iştirak edə bilərlər.
Təəssüf ki, indi Azərbaycanda siyasi məhbuslar var. Biz açılışdan öncə də, indi də hakimiyyətdən tələb edirik ki, siyasi məhbusları buraxsın. Ölkədə barış şəraiti yaradaq. O zaman kimsə Azərbaycan əleyhinə danışmaz.
Adətən, güləş yarışlarına azarkeşlik edirəm. Azarkeşlik etdiyim idmançı da var, bu, güləşçi, dünya çempionu Həsən Əliyevdir.
Dəvət olunsam, bağlanış mərasimində də iştirak edəcəyəm”.

Elşad Musayev:

“Açılış mərasimi möhtəşəm hazırlanmışdı. Bunu müsbət qiymətləndirmək lazımdır. İlk dəfə idi ki, Azərbaycanda belə böyük tədbirin böyük miqyasda açılışı keçirilirdi. Təbii ki, müəyyən həyəcan, arzu və istək də var.
Ola bilsin, siyasətçilər içərisində məndən sonra idman haqqında bilgisi olan yoxdur. İdman növlərinin əksəriyyəti ilə maraqlanıram. İdmanın futbol, güləş növü ilə məşğul olmuşam. Hazırda güləş yarışlarını izləyirəm.
Planıma görə, bağlanış mərasimində ölkədə olmayacağam. Əgər qalsam, iştirak etmək istərdim”.

Mirmahmud Mirəlioğlu:

“Çox möhtəşəm səhnələr var idi. Qalan təfərrüatlar isə sonranın məsələsidir. Yarışları izləmək imkanım olmayacaq. İdmançılarımıza uğurlar arzulayıram.
Bağlanış mərasimində iştirak etməyim bizdən asılı məsələ deyil. Açılış mərasimində iştirak etmək üçün dəvətliydik. Biz də bu dəvəti hörmətlə qarşıladıq, amma bağlanış mərasimində iştirak bizlik deyil. Əgər dəvət olunsam, qiymətləndirəcəyəm”.

Yeganə OQTAYQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj