Modern.az

“Avropa Oyunlarının açılışındakı qürur hissini Qarabağın azad olunmasında yaşamaq istərdik” - QAZİLƏR

“Avropa Oyunlarının açılışındakı qürur hissini Qarabağın azad olunmasında yaşamaq istərdik” - QAZİLƏR

13 İyun 2015, 14:50


İyunun 12-də Bakıda keçirilən 1-ci Avropa Oyunlarının açılış mərasimində milliliyimizi, birliyimizi, qədimliyimizi əks etdirən nüanslar böyük rezonansa səbəb oldu. Xüsusilə meydana gətirilən məşəli Qarabağ müharibəsi əlili İlham Zəkiyevin daşıması hər kəsdə böyük qürur hissi oyatdı. Maraqlıdır, Qarabağ döyüşçüləri bunu necə qiymətləndirir?

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Fizuli Rzaquliyev dünən açılışı keçirilən 1-ci Avropa Oyunları barədə təəssüratlarını Modern.az saytına bölüşərkən deyib ki, hər şey, sadəcə, möhtəşəm idi:

“Açılış mərasimində məşəli Qarabağ qazisinin meydana gətirməsi, üstəgəl Koroğlu uvertürasının, Qarabağ şikəstəsinin səslənməsi, milli ruha köklənmiş ab-hava  inanılmaz gözəl idi”.

O qeyd edib ki, həmin an keçirdiyi hisslərdən daha artığını yalnız Qarabağ azad olunduqdan sonra yaşayacaq: “Onlar elə hisslər idi ki, sözlə ifadə etmək mümkün deyil. Çox qürurverici anlardır. Atəşkəs dövründə ən çox sevindiyim, qürurlandığım anlar oldu. Hesab edirəm ki, bu cür möhtəşəmliyə imza atan dövlət, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı da azad edəcək”.

Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov məşəli İlham Zəkiyevin daşımasını ölkə başçısının Qarabağ döyüşçülərinə verdiyi dəyər kimi qiymətləndirib:

“1-ci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi çox müsbət haldır, yüksək qiymətləndirilməlidir. Qarabağ qazilərinə mütəmadi olaraq yardım göstərilməsi, daim diqqətdə saxlanılması, onlara lazımi köməkliklərin göstərilməsi, qanunlarla müəyyən olunan haqların verilməsi, cənab prezidentin “Qarabağa qazilərinin həll olunmamış problemləri qalmamalıdır” deməsi diqqətin göstəricisidir.

Hər bir Azərbaycan vətəndaşı belə möhtəşəm oyunların ölkəmizdə keçirilməsinə görə sevinməlidir. Məşəl bütün Azərbaycanı gəzərək oyunların açılışına gətirildi. Qarabağ qazisinin məşəli meydana gətirməsi ölkə rəhbərinin bizə verdiyi qiymət, önəmdən irəli gəlir. Açılış törəni çox möhtəşəm idi. Düşünürəm ki, hər bir azərbaycanlı bununla yalnız fəxr edə bilər. Çox istəyərdim ki, idmançılarımız çoxlu medallar qazanaraq xalqımızı sevindirsinlər”.

Keçmiş döyüşçü qarayaxma kampaniyasına əl atanların əməyinin boşuna çıxdığını da vurğulayıb:

“Bəzi QHT-lər beynəlxalq idman yarışmasına neqativ don geyindirməyə çalışsalar da heç nə alınmadı. İndi bütün dünyanın diqqəti Azərbaycandadır, bu idman yarışmasıdır və düşmən olmasına baxmayaraq hər kəs bu yarışlarda iştirak edə bilər. Bizim savaşımız bundan sonra da davam edəcək. Bunun 1-ci Avropa Oyunlarına heç bir aidiyyəti yoxdur”.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj