Birinci Avropa Oyunlarının üçüncü günündə, iyunun 14-də Azərbaycan daha bir medal qazanıb .
Modern.az xəbər verir ki, komandamıza səkkizinci medalı kişilər arasında triatlon yarışında mübarizə aparan Rostislav Pevtsov qazandırıb. O, yarışın sonunda 1 saat 49 dəqiqə 4 saniyəlik nəticə göstərib.
Bugünkü yarışda Böyük Britaniyadan olan idmançı Benson Qordon Avropa Oyunlarının çempionu olub. O, çempionluğu 1 saat 48 dəqiqə 31 saniyəlik nəticə ilə qazanıb. Portuqaliyalı Joao Silva 1 saat 48 dəqiqə 42 saniyə ilə ikinci yeri tutub.
Azərbaycan idmançısı Rostislav Pevtsov üçüncü yeri tutub.
Qaliblərə medalları Monako Olimpiya Komitəsinin prezidenti, Monako Knyazlığının Şahzadəsi II Albert təqdim edib.
Xatırladaq ki, triatlon yarışında idmançılar əvvəlcə suda üzməli, sonra velosiped sürməli və daha sonra qaçaraq yarışı başa vurmalıdırlar.