Modern.az

“Açığı qızlardan bu uğuru gözləmirdik” - Ülvi Quliyev

“Açığı qızlardan bu uğuru gözləmirdik” - Ülvi Quliyev

Təhsil

16 İyun 2015, 13:04


“Biz oğlan idmançıların Avropa Oyunlarında nailiyyət əldə edəcəyini daha çox gözləyirdik. Amma qızlarımız da ümidlərimizi doğrultdu”.

Bunu Modern.az saytına Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, deputat Ülvi Quliyev deyib.

O bildirib ki, karateçilərin yarışların ilk günündə medallar qazanması digər idmançılar üçün stimul oldu:

“Təəssüratlarım çox yüksəkdir. Çünki gözlədiyimizdən də artıq idmançımız nailiyyət əldə etdi. Bizi sevindirdilər. Ən sevindirici hal isə odur ki, bu yarışların ilk medalları karateçilərdən gəldi. Düşünürəm ki, I Avropa Oyunlarının ilk belə yüksək nailiyyətlərlə başlamağımız digər idmançılar üçün də böyük bir stimul oldu. Yəqin ki, belə də davam edəcək. 4 qızıl və 2 bürünc medal qazanmaq bizi çox sevindirir.

Ümumiyyətlə, karate yarışlarında şanslarımızın 80 faizindən istifadə elədik. Yarışlarda 5 oğlan və 5 qız idmançımız iştirak edirdi. Oğlanlara daha çox ümid var idi. Cəmi bir oğlan idmançımız medal qazana bilmədi. Qızlardan isə açığı bu cür nailiyyət gözləmirdik. Biz qızlardan birinin bürünc medal qazanacağını gözləyirdik. Amma 1 qızıl və 1 bürünc oldu. Bu da çox sevindirici haldır.

Digər idman növlərindən əldə olunan nailiyyətlər də bizi sevindirir. Bir daha Avropaya və dünyaya göstərdik ki, Azərbaycan həqiqətən də idman ölkəsidir, bu sahədə aparılan siyasət təqdirə layiqdir. Bu, bütün idmanın kütləviliyi və sağlam həyat tərzinin təbliğidir.

Ölkə başçımız İlham Əliyevə və təşkilatı məsələlərə görə isə birinci xanım Mehriban Əliyevaya bütün karate ailəsi adından minnətdarlığımızı bildiririk. Karate idman növünü də I Avropa Oyunlarına daxil edib, bizə bu sevinci bəxş elədilər.

Ümumilikdə, təşkilatı proseslərin və bütün yarışla bağlı hər bir şeyin ən yüksək səviyyədə olması ilk növbədə bizi Azərbaycan vətəndaşı, idman ictimaiyyətinin nümayəndəsi və bir karate təşkilatının rəhbəri olaraq sevindirdi. Çox sag olsunlar ki, bizə etimad göstərdilər. Düşünürəm ki, biz də bu etimadları layiqincə doğrulda bildik”.

Sevinc YASİNQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı