Modern.az

Deputat Nizami Cəfərov PKK-ya qoşulan azərbaycanlı tələbələrdən danışdı

Deputat Nizami Cəfərov PKK-ya qoşulan azərbaycanlı tələbələrdən danışdı

17 İyun 2015, 17:24


“Türkiyəyə attestatla təhsil almağa gedən tələblərin əksəriyyəti qəbul olduqları özəl universitetlərdə oxumur və başqa işlərlə məşğul olurlar. Gününü keçirən insanlar da hər zaman müxtəlif siyasi qüvvələrin maraq dairəsinə düşürlər”.

 Bu sözləri Modern.az-a Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunın rəhbəri Nizami Cəfərov 3 azərbaycanlı tələbənin PKK sıralarına qoşulmasına münasibət bildirərkən deyib. O qeyd edib ki, Türkiyədə təhsil alan azərbaycanlı tələblər haqqında bu cür söhbətlər çox olur:

“Onlar universitetlərə adlarını yazdırıb başqa işlərlə məşğul olurlar. Bilik dalınca getməyən tələbə, əlbəttə, müxtəlif yollara əl atacaq. Çünki onun məqsədi bilik almaq deyil. Gününü keçirən adamları da müxtəlif siyasi qüvvələr, qurumlar çox asan ələ keçirə bilirlər. Düşünürəm ki, ciddi nəzarət olmalıdır və bu məsələlərin kökünə gedilməlidir”.

Nizami Cəfərov bu cür hadisələrin intellektsizlikdən, məqsədsizlikdən yarandığını vurğulayıb:

“Türkiyənin gözəl universitetlərinə qəbul olan tələbələr qarşılarına qoyduqları məqsədə nail olur, təhsillərini alırlar. Onları heç bir siyasi qurum yanlarına çəkə bilməz. Amma məqsədi olmayan və orada gününü keçirməyə gedənlərin axırı sonda belə olur”.

Deputat bu məsələdə valideynlərin daha çox günahkar olduğunu da qeyd edib:

“Valideyn bilir ki, övladının bilik səviyyəsi universitetə qəbul olmaq üçün yetərli deyil. Və qohum-əqrəba yanında pis olmamaq üçün attestatla başqa ölkədə oxumağa göndərir. Halbuki ciddi valideyn düşünməlidir ki, övladı ora nə məqsədlə gedir. Bu cür faktlar digər valideynləri də narahat edir, onlar övladlarının belə təşkilatlara qoşulacaqlarından qorxurlar. Bunun üzərində dövlət qurumlarımız müəyyən təhlillər aparmalıdır. Çünki bu cür faktlar var və bundan sonra da ortaya çıxa bilər”.

Bu il iyunun 6-da YouTube-da özünü azərbaycanlı tələbələr kimi təqdim edən 3 şəxslə videomüsahibə yayılıb. Onlar PKK-ya xas olan geyimdədir, çiyinlərində “Kalaşnikov” avtomatı var. Videomüsahibədə gənclər Azərbaycandan oduqlarını, Türkiyə universitetlərində təhsil aldıqlarını və RKK-ya qoşulduqlarını təsdiq edirlər. Onlar özlərini Yıldırım Beyazit Universitetinin tələbəsi Fərəməz Azəri, Turqut Ozal Universitetinin tələbəsi Babək Hakır, Balikesir Universitetinin tələbəsi Azad Mirkan kimi təqdim edir. Bu gənclərin əsl adları belədir: Mobil Tağızadə, Sənan Güləhmədov və Məmmədhüseyn Rüstəmov.


Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı