Avropa İnsan Haqları Məhkəməsi Böyük Palatasının “Çıraqov və digərləri Ermənistana qarşı” azərbaycanlı məcburi köçkünlərin şikayəti üzrə müsbət qərar çıxarıb.
Qərar İyunun 16-da elan edilib. Sözügedən iş erməni təcavüzü dövründə Azərbaycanın Laçın rayonu ərazisindən qovulan 6 Azərbaycan vətəndaşının Ermənistan Respublikasına qarşı 2005-ci il aprelin 6-dakı iddiasına əsaslanır.
İddiaçıların “İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiya çərçivəsində bir sıra hüquqlarının (mülkiyyətin qorunması hüququ (1 saylı Protokolun 1-ci maddəsi), şəxsi həyata və ailə həyatına hörmət hüququ (Konvensiyanın 8-ci maddəsi) və səmərəli hüquqi müdafiə vasitələri hüququ (Konvensiyanın 13-cü maddəsi)) Ermənistan tərəfindən pozulmasının davam etdiyi bildirilərək, Məhkəmə iddiaçıların xeyrinə qərar verib. Bundan əlavə, Məhkəmə qərarı Ermənistanın Azərbaycan ərazilərinin qeyri-qanuni işğalı və işğal olunmuş ərazilərində hərbi mövcudluğunu davamlı inkarına birdəfəlik son qoyub.
Məsələnin Azərbaycan üçün siyasi əhəmiyyəti nədən ibarətdir? Bundan sonra məcburi köçkünlərin Avropa Məhkəməsinə müraciət etməsi kütləvi hal ala bilərmi? Modern.az saytı mövzuya İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovun və deputat Qənirə Paşayevanın münasibətini öyrənib.
Çingiz Əsgərov bildirib ki, məhkəmənin bu qərarı Azərbaycan xalqı üçün çox əhəmiyyətlidir: “İlk məcburi icra olunan məhkəmə sənədidir. Orada yazılıb ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və bu torpaqlarda baş verən pozuntulara görə tam məsuliyyət daşıyır. Bu, ilk hüquqi sənəddir və bundan əvvəl hüquqi qüvvəyə malik olan sənəd yoxdur. Buna görə də bu, ilk növbədə bizim üçün böyük əhəmiyyət daşıyır.
Digər tərəfdən, məcburi köçkünlərin hüquqlarının bərpa olunması baxımından çox önəmlidir. Avropa Məhkəməsi müəyyən edib ki, 12 ay ərzində bizim vətəndaşlar cavabdeh dövlətlə kompensasiya məbləği ilə bağlı razılığa gəlməlidirlər. Əgər razılığa gəlməsələr, onda Avropa Məhkəməsi özü bu məsələyə baxıb qərar çıxaracaq. Bu, əlbəttə, presedentdir. Bizim yüz minlərlə məcburi köçkünümüz Avropa Məhkəməsinə müraciət edib. Məhkəmənin çıxardığı bu qərar sonrakı mərhələdə də şikayətlərin baxılmasında əhəmiyyətli rol oynayacaq”.
Məsələnin kütləvi hal almasına gəlincə, Çingiz Əsgərov bildirib ki, bu, 2005-ci ildə verilən on minlərlə şikayətlər sırasındandır: “Artıq üzərindən 10 il keçib. Sadəcə, bu şikayətə birinci olaraq baxılıb. Qalan şikayətlərə də baxılmalıdır. Burada tək mülkiyyət hüququ deyil, şəxsi həyata hörmət hüququ, yəni öz evində yaşamaq, ata-babalarının qəbirlərini ziyarət etmək və digər bu kimi hüquqların pozulması müəyyən edilib. Əlbəttə, bu, Ermənistan üzərində müəyyən öhdəliklər müəyyən edəcəkdir.
Laçından olan 6 nəfər ümumilikdə 8 milyona yaxın kompensasiya tələbi irəli sürüb. Məhkəmə qeyd edib ki, bu məbləğ üçün təsdiqedici sənədlər olmalıdır. Hesab edirəm ki, burda böyük məbləğlərdən söhbət gedəcək. Əgər Ermənistan hökuməti şikayətçilərin tələbləri ilə razılaşmasa, Avropa Məhkəməsi bu barədə qərar çıxarmalı olacaq”.
Qənirə Paşayeva bildirib ki, 10 ildən sonra, nəhayət, Avropa Məhkəməsi müsbət qərar verdi: “Məhkəmə qərarının ən vacib məqamlarından biri odur ki, qərarda Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlaması, eyni zamanda orda baş verən bütün pozuntulara görə Ermənistanın məsuliyyət daşıması məsələsi öz əksini tapıb. Təbii ki, beynəlxalq məhkəmədə belə bir qərarın öz əksini tapması müsbət məqamdır.
Hüquqları pozulan məcburi köçkünlərimizin beynəlxalq məhkəmədə hüquqlarını axtarması çox vacibdir. Bu artıq yüz minlərlə insanın məsələsidir. Belə bir presedentin beynəlxalq məhkəmələrdə öz əksini tapması gələcək proseslər üçün də bir zəmin yaradır. Prosesdən sonrakı prosedurların necə gedəcəyi də önəmlidir. Hər bir vətəndaşın Avropa Məhkəməsinə müraciət etmək hüququ var. Avropa Məhkəməsinin məsələyə belə yanaşması gələcək üçün xoş nəticələrdən xəbər verir”.
Yeganə OQTAYQIZI