Fəaliyyəti 2012-ci ilin dekabrında dayandırılan və 2013-cü ilin ortalarında Rusiyadan təhvil alınan Qəbələ Radiolokasiya Stansiyasının (RLS) ərazisindən hələ ki istifadə olunmur.
Qəbələ rayon İcra Hakimiyyəti başçısının müavini Abil Ağasəfov Modern.az saytına açıqlamasında Qəbələ RLS-in ərazisinin dövlət nəzarətində olduğunu qeyd edib. O bildirib ki, ərazinin bu günə kimi istifadə olunmamış qalır:
“Dövlət obyektidir və mühafizə altında saxlanılır. Gələcəkdə prezident, Nazirlər Kabineti nə qərar versə, ona uyğun da istifadə olunacaq. Amma indi ora boşdur”.
Qəbələ RLS SSRİ-nin Raketdən Müdafiə Kompleksinin 8 əsas stansiyalarından biri olaraq 1985-ci ildə istismara verilib. Texniki parametrlərinə görə dünyada anoloqu olmayan 6000 km radiusdakı məsafəni nəzarətdə saxlamağa qadir stansiya İran, Türkiyə, Hindistan da daxil olmaqla Yaxın Şərqi bütövlükdə, həmçinin Hind okeanı və Avstraliya qitəsinin müəyyən bir qismini izləmək imkanına malik olub. Stansiya həmçinin bu ərazilərdən atılmış orta məsafəli, nüvə başlıqlı raketlərin ilk atış anından etibarən onların trayektoriyasını müəyyən edə bilirdi. Stansiya SSRİ dağıldıqdan sonra Azərbaycanın mülkiyyətinə çevrilib. Azərbaycan 2002-ci ildə stansiyanı Rusiyaya 2012-ci ilə kimi il ərzində 14 milyon dollar ödəməklə icarəyə vermişdi.
Stansiyada 1400 nəfər Rusiya hərbçisi qulluq edirdi. Burada həmçinin Azərbaycan mütəxəssisləri də fəaliyyət göstərirdi.
Ümumilikdə stansiyada 2000 nəfər fəaliyyət göstərə bilərdi. 2012-ci il dekabrın 10-da Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi bəyanata görə, Rusiya RLS-in istismarını həmin gün dayandırdı. İstismarın dayanmasının səbəbi tərəflərin stansiyanın icarə müqaviləsinin uzadılması barədə şərtlərdə razılaşma əldə edə bilməməsi oldu.
Aytən ƏLİYEVA