Modern.az

Azərbaycanlı tələbələr Norveçə təhsil almağa göndərilir

Azərbaycanlı tələbələr Norveçə təhsil almağa göndərilir

18 İyun 2015, 11:57


Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov bu il Norveçin Oslo Universitetində Beynəlxalq Yay məktəbində təhsil alacaq universitetin bir qrup tələbə və müəllim heyəti ilə görüşüb.

Modern.az xəbər verir ki, görüşdə rektor Səməd Seyidov ADU-nun 10 nəfər tələbəsinin universitet hesabına 2015-2016-cı tədris ilində Çin Xalq Respublikasının Şenyan Pedaqoji Universitetində təhsil alacağını xatırladıb. Rektor Çinə məhz bu sayda tələbənin göndərilməsinin Azərbaycanda ilk dəfə olduğunu vurğulayıb. Səməd Seyidov tələbələrin İtaliya, Fransa, Almaniya və digər ölkələrə oxumaq üçün göndərildiklərini bildirib. Həmçinin rektor universitetə ABŞ, Fransa, Koreya, İspaniya, Çin və digər ölkələrdən tələbələrin gəldiyini də qeyd edib. Hazırda Azərbaycanın möhtəşəm Avropa Oyunlarına ev sahibliyi etdiyini deyən rektor Səməd Seyidov Norveçə gedən nümayəndə heyətinə olduqları ölkədə vətən haqqında obyektiv reallıqları, mədəniyyəti, incəsənəti ilə bağlı geniş məlumatların çatdırılması zərurətindən danışıb.

Norveçə gedən tələbələr özlərini təqdim edərək Azərbaycanı layiqincə təmsil edəcəklərinə söz veriblər.

Qeyd edək ki, ADU-nun maliyyə dəstəyi ilə universitetin Beynəlxalq Münasibətlər, Regionşünaslıq və Xarici Dillər kafedrasının 5 nəfər müəllimi Avrasiya təqaüd proqramı vasitəsilə Oslo, eyni zamanda Bergen universitetlərinin BYM-kurslarında iştirak edəcək.

Bundan əlavə, Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər kafedrasını təmsil edən bir nəfər müəllim, o cümlədən Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Skandinaviyaşünaslıq ixtisasında təhsil alan 6 nəfər tələbəsi Oslo Universitetində Beynəlxalq Yay Məktəbi (BYM) 2015-də iştirak edəcəklər.

Bu il Yay məktəbinə gedən tələbələr Norveç dili, müəllimlər isə tədris etdikləri müvafiq ixtisaslar - Norveç dili və ədəbiyyatı, Norveç tarixi, Beynəlxalq siyasət və digər sahələr üzrə kurslarda iştirak edəcəklər.

Xatırladaq ki, Oslo Universitetində təşkil olunan kurslar 21 iyun 2015-ci ildən başlayaraq 1 avqust 2015-ci il tarixinədək davam edəcək.

Onu da qeyd edək ki, Azərbaycan Dillər Universiteti ilə Oslo Universiteti arasında layihə çərçivəsində hər il təşkil olunan yay məktəbində 2007-ci ildən bu günədək ümumilikdə ADU-nun 120 nəfərə yaxın müəllim və tələbəsi müxtəlif ixtisaslar, xüsusilə də Norveç dili üzrə təhsil alaraq geri qayıdıblar.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı