
Modern.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiqin britaniyalı jurnalistlərin Avropa Oyunlarında akreditə olunmaması ilə bağlı dediklərinə münasibət bildirib. “Dünən mətbuatda heç bir çərçivəyə sığmayan bir informasiyaya rast gəldim. Birləşmiş Krallığın Azərbaycandakı səfiri britaniya jurnalistlərinin akkreditasiya almamalarını biabırçılıq adlandırıb. Görünür Birləşmiş Krallığın səfiri elə hesab edir ki, Azərbaycanla bağlı nə istəsə deyə və edə bilər. Təəssüf” deyə N.Məmmədov öz “Twitter” səhifəsində qeyd edib.
Xatırladaq ki, Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq “Turan”a açıqlamasında bəzi Britaniya jurnalistlərinin oyunları işıqlandırmaq üçün akkreditasiya almadıqlarını və bunun biabırçılıq olduğunu qeyd edib.
Aytən ƏLİYEVA