Ermənilər Azərbaycan torpaqlarını zəbt etməklə bərabər hər zaman onun zəngin mədəniyyətinə də göz dikiblər. Belə ki, onlar müxtəlif vaxtlarda Azərbaycan xalqına məxsus olan musiqi əsərləri, folklor və digər qeyri-maddi mədəni irs nümunələrini öz adlarına çıxarmağa çalışıblar. Buna misal olaraq, “Sarı gəlin”, “Süsən sünbül” və onlarca digər xalq mahnılarını, “Yallı”, “Vağzalı”, “Köçəri”, “Uzundərə”, “Mirzəyi” rəqslərini, qədim musiqi alətlərimizi (tar, balaban, zurna), hətta məşhur Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun əsərlərini, eləcə də müasir bəstəkarlarımızın mahnılarını erməni nümunələri kimi təqdim etməyə cəhdlər göstəriblər.
Modern.az təqdim edəcəyi bu araşdırmasında konkret olaraq bir zamanlar ermənilərin oğurluq hədəfində olan milli rəqslərimizdən danışacaq.
“Köçəri” – ilk olaraq Azərbaycanın qədim milli rəqslərindən olan “Köçəri” rəqsindən bəhs edək. Ermənilər bu rəqsi əvvəllər də bir neçə dəfə özəlləşdirməyə cəhd ediblər. Lakin “Eurovision-2011” musiqi yarışmasında ifa etdikləri mahnıya bu rəqsi də əlavə etmələri mənfur plagiatçılığın ən pik nöqtəsi oldu. Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin müdaxiləsindən sonra həqiqət öz yerini tapdı. Agentlik rəqsin tarixi, onun Azərbaycan xalqına bağlılığı, “hətta “Köçəri” sözünün etimologiyası barəsində geniş araşdırma hazırlayaraq onu Ümumdünya Əqli Mülkiyyət Təşkilatına yolladı.
Milli nəğmələri və rəqslərimiz oğurlama hallarını həm ötən nəsrlərdə, həm də XX əsrdə erməni müəlliflərinin özləri də qeyd ediblər.
1868-ci ildə erməni ədəbiyyatşünası S. Palasanyan Sankt Peterburqda erməni dilində nəşr etdirdiyi “Erməni nəğmələri ” adlı kitabında yazırdı: “ biz hansı xalqın təsiri altında oluruqsa, onun mahnılarını da özümüzünkü hesab edirik və özümüzünkü kimi təqdim edirik".
M. Nalbadyan adlı başqa bir erməni müəllifi isə “Qədim şeir və nəğmələr haqqında” kitabında belə yazır: “ermənilər əksər musiqi və nəğmələri türklərdən (azərbaycanlılardan) götürülüb. Mən ermənilərin yaşadığı bir çox yerlərdə olmuşam. Həmişə təmiz ermənicə olan bir şey eşitmək istəmişəm. Təəssüf ki, bu günədək mən buna nail olmamışam”.
İki erməni müəllifinin yazdıqları qeydlər onların mədəni imkanlarının necəliyini əks etdirir.
“ Köçəri ” sözü bildiyimiz kimi bir yerdə qərar tutmayan, tez-tez köç edib yerlərini dəyişən insan zümrələrini əks etdirir. Bu mahiyyət rəqsin gedişində də özünü əks etdirir. Belə ki, bir-birinin kəmərindən tutan rəqqaslar dairəvi yallı gedirlər, yəni, yerlərini dəyişirlər.
Mahmud Kaşğarinin məşhur “Divani lüğət” kitabında “köçəri” sözü aşağıdakı mənalarda verilir: “koç-qoç”, yəni erkək qoyun; köçmək, yəni bir yerdən, yaxud bir evdən başqa yerə getmək.
Azərbaycan ərazisində islamdan öncəki vaxtlarda qəbiristanlıqlarda başdaşı üzərində “Daş qoç” və “Daş at” heykəlləri qoyulub. “Daş qoç”lu qəbirləri oğuz qəbirləri adlandırırlar. Sözün “koç-qoç” mənasında kəlməsi isə onun türk mənşəli olmasına heç bir şübhə yaratmır. Bununla belə “Köçəri” rəqsinin adı türk mənşəli “köç” sözündən götürülüb. “Köç” sözünün bütün formaları Azərbaycan türkcəsi, türk, türkmən və digər türk dillərində eyni mənanı daşıyır: bir yerdən başqa yerə köçmək; köçəri ailə, tayfa və ya qəbilə; sürgün, sürülmə, köçürülmə; həyatdan köçmə, yəni vəfat etmək; ər evinə gəlin köçmək və s.
Çox təəssüflər ki, Azərbaycan bəstəkarlarının heç birinin istifadə etmədiyi, lakin təpədən-dırnağa Azərbaycana məxsus olan bu rəqs 1940-cı ildə bir daha erməni plagiatçılığının qurbanı olur. Aram Xaçaturyan adlı bir erməni bəstəkarı özünün “Qayane” adlı baletində bu rəqsdən istifadə edir. Bununla bərabər başqa iki milli rəqsimizi də ora daxil edir. Həmin rəqslər barəsində aşağıda söhbət açacağıq. Lakin Xaçaturyanın bu addımı onu tez bir zamanda ifşa edir. SSRİ-nin məşhur musiqişünasları baletin tərkibindəki folklor nümunələrinin ermənilərə deyil, azərbaycanlılara məxsus olduğunu üzə çıxarır və bu barədə məqalələr yazırlar. Xaçaturyan bundan sonra özünü sığortalamaq üçün belə bir fikir söyləyir ki, guya uşaq vaxtı nənəsi ona həm Azərbaycan, həm də erməni nəğmələri oxuyarmış. Onu aldadan da həmin uşaq yaddaşı olub. Amma bu sığortalama prosesində belə bəstəkar özünü ifşa etmiş olur.
“Şalaxo” rəqsi – bu gün də Azərbaycanda igidlik timsalı kimi göstərilən rəqslərdən olan “Şalaxo”yo edilən haqsızlıqdan danışmamışdan əvvəl məşhur mütəxəssislərdən olan A. Koroşşenkonun bir sözünü xatırlayaq. O, özünün “Şərq, daha çox Qafqaz musiqisi üzərində müşahidələr” əsərində yazır: “...ermənilərin özlərinin xalq musiqisi yoxdur”. Bu cümlənin nə dərəcədə doğru olmasını sübut etməyə o qədər də ehtiyac yoxdur. Amma mövzu istiqamətində faktı konkret olaraq “Şalaxo” rəqsi üzərində əsaslandıraq. Belə ki, 1959-cu ildə SSRİ-də hazırlanan “Musiqili ensiklopedik lüğətdə” “Şalaxo” rəqsi “erməni solo kişi rəqsi” kimi təqdim olunub. Burada təbii ki, Mərkəzdə xüsusi söz sahibliyinə malik olan ermənilərin rolu olub. Elə yuxarıda adını çəkdiyimiz bəstəkar Aram Xaçaturyanın da. Belə ki, o, “Qayane” baletində “Şalaxo” dan geninə-boluna istifadə edib.
Əslində isə “Şalaxo”nun sərf Azərbaycana məxsus olması o zaman kiməsə sirr deyildi. Xüsusən Gürcüstan azərbaycanlıları da “Şalaxonun” azəri rəqsi olmasını çox gözəl bilirdilər. Çünki bu rəqsin fəlsəfəndə türklüklə Qafqazçılıq mahiyyəti birləşirdi. Bəzən “şələküm” kimi də göstərilən rəqs solo və duet şəklində ifa edilir. Rəqsin mahiyyəti ondan ibarətdir ki, burada ifaçı özünün bütün gücünü ortaya qoymalıdır, bütün bacarığını əks etdirməlidir.
“Uzundərə” – Böyük Üzeyir bəyin də “O olmasın, bu olsun” operettasında istifadə etdiyi “Uzundərə” milli rəqsi də çox təəssüf ki, erməni plagiatçılığının qurbanı olub.
R. Boyaçyan tərəfindən toplanan və A.Seriyeks tərəfindən çapa hazırlanan “Erməni xalq nəğmələri” kitabının Paris nəşrində “Uzundərə” və “Ceyranı” Azərbaycan folklor rəqsləri erməni rəqsi kimi verilmişdir. Hələ bu azmış kimi yazıda bir neçə dəfə adı çəkilən Xaçaturyan özünün “qayane” baletində bu rəqsə yer ayırıb. Amma çox yaxşı ki, ondan əvvəl dahi Üzeyir bəy özünün “O olmasın, bu olsun” adlı operettasında əsas obraz Məşədi İbad bu rəqsin ritmləri altında rəqs edir. Oxucularımız yəqin ki “mən nə qədər , nə qədər qoca olsam da, dəyərəm min cavana” misrası ilə başlayan məşhur musiqini unutmayıblar (heç unutmazlar da!)
Bu çox gözəl! Amma bu gün unudulmayan “Uzundərə “ haqqında azacıq da olsa məlumat vermək lap yerinə düşərdi:
Uzundərə- Qarabağda Ağdamla Göytəpə arasında bir dərə var. Adına "Uzundərə" deyilir. Deyilənə görə bu rəqs məhz həmin dərəyə həsr olunub. Rəvayətə görə Uzundərə tərəkəmələrin düşərgəsi olub, onlar dağlar qoynundakı yaylaqlara köçərkən, yolüstü burada əylənib rəqs edər, şənlənər və dincələrmişlər.
Başqa bir rəvayətə görə isə gəlin apararkən yol dərənin içərisindən keçirmiş. Yol çoх uzun olduğundan, musiqiçilər gəlini lirik bir musiqi ilə müşayiət edirmişlər. Oğlan evindən olan qadınlar gəlinin önündə oynayıb ona xeyir dua verərmişlər.
O zamandan başlayaraq şənliklərdə həmin musiqiyə oynamaq istədikdə “gəlini o uzun dərənin içindən apardığımız zaman başlanan musiqini çalın” deyilir. Beləliklə də, “Uzundərə” oyun havası yaranır. Bu oyun havası bir qədər “Vağzalı”ya bənzəyir.
Elə Vağzalı demişkən, dərhal keçid alaq “Vağzalı”ya. Çünki az qala toyların himni olan bu həzin rəqs də ermənilərin diqqətindən, “hörmət”indən kənarda qalmayıb. Rəqsin əski adı "Atlandırma"dır. Qədim və Orta Çağ türkləri atlı xalqlar olublar, gəlini də atla gətirərdilər. Toya, əlində fənər olan qırx atlı (yengə) gələrdi. İki boş at isə gəlin və yengə üçün gətirilərdi. “Vağzalı” havasını çala-çala gəlini ata mindirərdilər. Onun hər əlindən biri tutar, başqa birisi də atı çəkərdi.
Hələ XVl əsrdə Azərbaycanda məskunlaşan Qaraqoyunlu qəbiləsinə məxsus olan bu rəqs “Qarabağın ağırı” adlandırılıb. Əsrlər keçdikcə bu rəqs şaxələnərək mövcudluğunu iki “Asta qarabaği” və XlX əsrin sonu XX əsrin əvvələrindən “Vağzalı” adları altında saxlamaqdadır. Keçmişdə iri şəhər və qəsəbələr arasında yeganə müasir nəqliyyat vasitəsi qatarlar olduğundan gəlini digər şəhərə vağzaldan həmin bu həsrət və sevinc dolu “Qarabağın ağırı" sədaları altında yola salarmışlar ki, sonralar bu rəqs xalq arasında "vağzalı" adı altında məşhurlaşır. Rəqsə qulaq asarkən bu musiqinin sevinc və həsrət ruhundan yoğrulduğunu zənn etmək olar. Elə bil bir ailə övladını yola salır, digəri isə bir övladını qarşılayır.
Həmçinin, “Atlandırma” (“Vağzalı”) rəqsinin melodiyası “Kitabi Dədə Qorqud” adı keçən qopuzun "Yelətmə" havasından gəlir. "Yelətmə"- yelləndilmə, həvəsləndirmə, coşdurma məzmunu verir. Bu havanın gəlinköçürmə, yaxud da gəlin gərdəyə salma mərasimində çalındığını güman etmək olar:
Qanturalıyla qızı götürüb gərdəkə qoydılar. Ozan gəldi, yelətmə çaldı.
Rəqsin musiqisi incə və lirikdir. Rəqsin özü insanda qeyri iradi kövrək, zərif hisslər oyadan süzücü və alıcı rəqs elementlərindən ibarətdir.
Keçmişdə bu rəqs məşəl və atəş səsləri altında toy evinə və gəlin gərdəyinə qədər müşayət olunardı. İndinin özündə də bu rəqsin melodiyası Azərbaycan toylarının rəmzi olaraq qalmaqdadır.
İndi siz deyin, gör, nə qəddar qəddar və riyakar olasan ki, ilk notundan son notuna qədər, yarandığı dövrdən indiyə qədər təpədən-dırnağa yalnız Azərbaycan xalqına məxsus olan “Vağzalı”ya göz dikəsən?! Amma erməni öz mədəni istilasını bu rəqsin üzərində də sınamağa çalışdı. Çox gözəl ki, az qala hər gün kiminsə evindən səslənən bu rəqsi tam “yeyə” bilmədilər. Yuxarıda yazılanların hamısı bir daha onu əks etdirir ki, heç bir rəqs boşdan yaranmayıb. Hər yaranan rəqsdə xalqın əsrlər boyu formalaşan düşüncə tərzi, hissiyyatı var. Yuxarıdakı rəqslərin tarix və keçdiyi yola baxanda da bunu hiss etmək olar. Eyni aqibəti “Yallı”, “Ceyranı” və “Mirzeyi” rəqsləri də yaşayıb. Təsəvvür edin, mənfur düşmən hətta yaşı Qobustan qayaları qədər olan “Yallı”ya da əl atmaq istəyiblər. Amma hər bir milli rəqsimiz bu xalqın dəyəridir. Rəqslərimizi qorumaqla dəyərlərimizə bir daha sahib çıxaq.
Qeyd: Yazı Azərbaycan Mətbuat Şurası və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə “Milli rəqslərimiz milli dəyərimizdir” mövzusunda kütləvi informasiya vasitələri arasında keçirilən yazı müsabiqəsinə təqdim edilmək üçün verilir.
Elmin NURİ