“Lionun əhalisinin 30 faizi ermənidir, fransızlar şəhəri onlara versinlər?”
“Keçmiş həmsədrin Dağlıq Qarabağ məsələsinə qarışmağa ixtiyarı yoxdur. Bu onu sübut edir ki, əvvəldən ermənipərəst mövqedə olub”. Bu sözləri Modern.az-a açıqlamasında politoloq Qabil Hüseynli ATƏT-in Minsk qrupunun Fransadan olan keçmiş həmsədri Jak Forun Dağlıq Qarabağı Azərbaycan qaytarmağın mümkün olmaması, Qarabağın erməni əhalisinin öz statuslarını dəyişmək istəməmələri haqqında fikrinə münasibət bildirərkən deyib. O, keçmiş həmsədrin problemi bilmədiyini vurğulayıb:
“O bilmir ki, Dağlıq Qarabağın əhalisi təkcə ermənilərdən ibarət deyil. Oranın əhalisinin 45 faizi azərbaycanlılar, 55 faizi erməni olub. İkincisi, ermənilər Azərbaycanın tərkibində olan yerli aborigen xalq deyil, köçüb gəlmədir. Biz ürəyiaçıqlıq edib onları torpağımıza qəbul etmişik. Tutalım, Fransada yarım milyon erməni var, Lionda əhalinin 30 faizini ermənilər təşkil edir. Fransızlar onda Lionu onlara versinlər?”.
Ermənilərin artıq bir dövlət qurduqlarını deyən politoloq bildirib ki, onların yenidən dövlət yaratmaları beynəlxalq qanunlara ziddir:
“Köçüb gələn erməni hər yerdə müstəqillik tələb edəcəksə, onda dünyanın az qala Argentinadan tutmuş Meksikaya, Fransaya qədər hər yerində müstəqillik əldə etmələri və dövlət qurmaları lazım olur. Dünyada 5500 xalq var, onlardan 201 nəfəri dövlət yarada bilib. Ermənilər 5 milyon nəfərdir. Bunlar Azərbaycan torpaqlarında öz dövlətlərini yaradıb və müqəddəratını təyin ediblər. İkinci dövlətin yaranması mümkün deyil, qeyri-qanunidir, beynəlxalq qanunlara da ziddir. Ona görə də hörmətli keçmiş ermənipərəst həmsədr yaxşı olardı ki, gedib öz işləri məşğul olsun”.
Qabil Hüseynli Fransanı bu məsələdə ədalətli olmağa çağırıb:
“Azərbaycanın ərazi bütövlüyü məsələsinə hörmət etməyə çağırıram. Belə araqarışdıran bəyanatların verilməsini hiddətlə pisləyirəm”.
NATO Parlament Assambleyasının Yerevanda keçirilən “Rose-Roth” 89-cu seminarının iyunun 19-da keçirilən toplantısında ATƏT-in Minsk qrupunun Fransadan olan keçmiş həmsədri Jak Forun Dağlıq Qarabağı Azərbaycan qaytarmağın mümkün olmadığını qeyd edib.
Aytən ƏLİYEVA