İdarədən Modern.az-a verilən məlumata görə, Avropa Oyunları çərçivəsində kişilər və qadınlar arasında keçiriləcək velosiped yarışı ilə əlaqədar paytaxtın Üzeyir Hacıbəyov, Rixard Zorge, Rəşid Behbudov, Zərifə Əliyeva, Əziz Əliyev, Lermontov, Teymur Elçin, Mehdi Hüseyn, Landau, Abbasqulu ağa Bakıxanov, Səməd Vurğun, Şəmsi Bədəlbəyli küçələrində, habelə Bülbül, Neftçilər, İstiqlaliyyət, Parlament, İnşaatçılar və Hüseyn Cavid prospektlərində iyunun 20-də səhər saat 05:30-dan 21:00-dək və iyunun 21-də səhər saat 03:30-dan 21:00-dək nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Qeyd olunan marşrutda sürücülər bəzi küçə və prospektlərdən yalnız birtərəfli istiqamətdə istifadə edə biləcəklər. Hüseyn Cavid prospektindən Parlament prospektinə doğru, İnşaatçılar prospektindən Hüseyn Cavid prospektinə doğru, A.Bakıxanov küçəsindən İnşaatçılar prospektinə doğru Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsinədək və Neftçilər prospektindən Nobel prospektinə doğru hərəkət edən nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilməyəcək.
Bununla yanaşı, yarış marşrutunun əhatə etdiyi çevrə daxilindən kənar yollara çıxmaq üçün sürücülər Şıxəli Qurbanov, Zivərbəy Əhmədbəyov küçələrindən keçməklə Tbilisi prospektinə, oradan isə istənilən istiqamətə hərəkət edə bilərlər.
Modern.az