İyunun 14-də gecə Tbilisidə baş verən daşqın zamanı zooparkda xilas edilən pinqvinlər reabilitasiya kursu keçirlər. Modern.az bildirir ki, bunu Tbilisi zooparkı administrasiyasının mətbuat xidmətinin rəhbəri Mziya Şaraşidze deyib: “Pinqvinlərin vəziyyəti normaldır, əlbəttə, onlar stressdədirlər, ancaq bizim həkimlər baş verən təbii fəlakətdən sonra onların reabilitasiyası üçün maksimum kömək edirlər”.
Onun sözlərinə görə, Tbilisi zooparkında 17 pinqvin olub, hadisədən sonra onların 9-u tapılıb. Pinqvinlərdən biri Tbilisidəki Wissol yanacaqdoldurma stansiyasının yanında, keçmiş “Laquna vere” hovuzunda tapılıb. Təbii fəalkətdən sonra Azərbaycan sərhədinə qədər gələn pinqvin isə hələ də tapılmayıb.
İyunun 14-də Tbilisidə əmələ gələn sel zooparkda çox ağır vəziyyətə səbəb olub. Su zooparkın aşağı hissəsini tamamilə dağıdıb. Heyvanların bir hissəsi boğulub, bəziləri şəhərə dağılışıb, sonradan bütün Tbilisi şəhəri ərazisində onlar ya ələ keçib, yaxud güllələniblər. Nəticədə 600 zoopark “sakini”nin yarıdan azı sağ qalıb.