Bu il çimərlik mövsümü iyun ayının 1-dən açıq elan edilib. Ötən müddətdə neçə suda boğulma faktı qeydə alınıb? Modern.az saytının suallarına Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin sektor müdiri Mansur Piriyev cavab verib.
O qeyd edib ki, havaların isti keçməsi ilə əlaqədar çimərliklərə vətəndaşların axını müşahidə edilir: “Hazırda çimərliklərə axın çoxdur. Nəzərə almaq lazımdır ki, 1-ci Avropa Oyunları ilə bağlı ölkəmizdə kifayət qədər turist var, həmçinin yerli idmançılarımız da istirahətə gəlirlər. Onlar əsasən, günün axşam saatlarında çimərliklərə üz tuturlar. Bu səbəbdən bütün çimərliklərdə ingilis dilində lövhələr quraşdırılıb, beynəlxalq işarələrdən istifadə edilib. Turistlərlə bağlı hər hansı problemimiz olmayıb. Başa düşmədikləri məsələ ilə bağlı yaxınlaşıb əməkdaşlarımızdan kömək istəyiblər”.
Onun sözlərinə görə, bəzi vətəndaşlar qaydalara riayət etməyərək problem yaradırlar: “Onlar xilasedicilərin tövsiyələrinə qulaq asmır, qadağanedici lövhələrə məhəl qoymurlar. Ona görə iyunun 1-dən başlayaraq iyunun 22-nə qədər dörd nəfər qadağan olunmuş su hövzələrində batıb. Halbuki, həmin ərazi çimərlik sayılmır. Onlardan ikisi Abşeron ərazisindəki, digər ikisi isə bölgələrdəki qadağan olunan su hövzələrində qeydə alınıb.
Çimərlik ərazisində suda batma faktı qeydə alınmayıb. Bu günə qədər 22 nəfər xilas edilib. Onların içərisində spirtli içki qəbul edərək suya girənlər, azyaşlı uşaqlar, hava qaraldıqdan sonra, küləkli hava şəraitində suya girənlər olub”.
Mansur Piriyev qeyd edib ki, Dövlət Sulardan Xilasetmə Xidmətinin həm paytaxtda, həm də regionlardakı məntəqələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir: “Hazırda Dövlət Sulardan Xilasetmə Xidmətinin 42 yerli struktur bölməsi gücləndirilmiş iş rejimində çalışır. Xilasedicilər həm sahil zolağında, həm də suyun içərisində səhər saat 09:00-da axşam saat 21:00-a qədər çimərliklərdə təyin olunmuş xətt üzrə xilasetmə texnikası ilə vəziyyətə nəzarət edirlər.
Əməkdaşlarımız vətəndaşların qadağan olunan ərazilərdə çimməyin təhlükəli olmasına dair maarfiləndirmə işləri aparırlar”.
Gülşən RAUFQIZI