Modern.az

“Türkiyədəki kürdlərin partiyası ilə əlaqələrimiz onların fəaliyyətindən asılıdır”

“Türkiyədəki kürdlərin partiyası ilə əlaqələrimiz onların fəaliyyətindən asılıdır”

22 İyun 2015, 16:07

İyunun 7-də Türkiyə Böyük Millət Məclisinə seçkilərdə hakim Ədalət və İnkişaf Partiyası (AKP) qalib olsa da, təkbaşına hökumət qurmaq üçün yetərli səs toplaya bilmədi. PKK-nın siyasi qanadı Xalqların Demokratik Partiyasının (HDP) 10 faiz baryeri aşaraq parlamentə düşməsi isə Türkiyə siyasi səhnəsində yeni cığır açdı. Ümumiyyətlə, Türkiyədəki siyasi partiyalar arasında dərin ideoloji fərqlər mövcuddur. Bu fərqlilik isə Azərbaycana münasibətdə də özünü göstərir. Görəsən, Türkiyədəki hansı partiya Azərbaycana daha yaxındır və Azərbaycanın maraqlarına uyğun addımlar atır?

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Mədəniyyət məsələləri komitəsinin sədri Nizami Cəfərov Modern.az-a açıqlamasında Türkiyədəki bütün partiyaların Azərbaycana yaxın münasibətdə olduğunu deyib.

O qeyd edib ki, Türkiyədə Azərbaycana münasibət dövlət siyasətidir və xalqın münasibətidir: “İstənilən partiya xalqla razılaşmalıdır və Türkiyədə də xalqın Azərbaycana xüsusi münasibəti var. Ədalət və İnkişaf Partiyası ilə yaxın münasibətlərimiz var. Bu gün də Türkiyənin ən nüfuzlu partiyasıdır. Cümhuriyyət Xalq Partiyası ilə münasibətlərimiz yaxşıdır. Nəzərə alsaq ki, daha çox Atatürkçülük mövqeyindən çıxış edirlər, Azərbaycanda da ümumi fikirdə Atatürkə xüsusi ehtiram var. Bu cəhətdən xüsusi hörmət-məhəbbət var.

Millətçi Hərəkat Partiyası idarəçilikdə az iştirak etsə də, ümumi əhval-ruhiyyənin yaranmasında öndə olub, milli mövqelərdən çıxış edib.

MHP tarixən türk dünyası ilə əlaqələri çox olan partiyadır və bu baxımdan da bizə yaxındır. Yeni yaranan Xalqların Demokratik Partiyası bir eksperiment hadisədir, bu partiyanın da bu qədər səs toplaması bizim üçün diqqəti çəkəndir. İstər-istəməz bu partiya ilə həm Türkiyənin özündə, eləcə də Azərbaycanda razılaşan və razılaşmayanlar var. Bu partiyanın gələcək fəaliyyətindən asılıdır ki, xidmətləri necə olacaq? Xüsusilə HDP-nin kürd separatizmi, terrorçuluqla əlaqələri məsələsi, əlbəttə, mübahisəlidir”.

Nizami Cəfərov bu gün Azərbaycana münasibətdə müsbət mövqe nümayiş etdirən partiyaları belə sıralayıb: “Birinci yerdə Ədalət və İnkişaf Partiyası, ikinci yerdə Milliyyətçi Hərəkat Partiyası, üçüncü yerdə Cümhuriyyət Xalq Partiyası durur. Xalqların Demokratik Partiyası isə eksperimental partiyadır və onların mövqeləri bəlli deyil”.

Aytən ƏLİYEVA

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR