Modern.az

700 bal toplayan tələbələr 1-ci kursda necə oxudular?

700 bal toplayan tələbələr 1-ci kursda necə oxudular?

22 İyun 2015, 16:27

2014-cü ildə ali təhsil müəssisələrinə qəbulda 9 abituriyent yüksək nəticə göstərərək 700 bal toplamışdı. Onlar tələbə kimi artıq bir ili başa vurublar. Modern.az saytı həmin tələbələrin I kursu necə başa vurmaları ilə maraqlanıb.

Qafqaz Universitetinin Kimya mühəndisliyi fakültəsinin tələbəsi Fatimeyi Zəhra Nağızadə prezident təqaüdçüsü olduğunu bildirib: “Bu il prezident təqaüdünü qoruyub saxladım. 100 ballıq qiymət sistemində bütün qiymətlərim A oldu. Əgər fənlər üzrə topladığın bal 91-dirsə, bu, əlaçı olmaq deməkdir. Bütün fənlərdən 92 bal topladım”.

Qafqaz Universitetinin Kompüter mühəndisliyi fakültəsinin tələbəsi Məmməd Hacılının sözlərinə görə, birinci kursun nəticəsi 100 ballıq sistemlə qiymətləndirilib: “Bu da o deməkdir ki, əlaçılığımı qoruyub saxlaya bilmişəm. Ümumi qiymətlərimin hamısı A-dır”.

Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinin tələbəsi Nicat Qasımov da yaxşı nəticə əldə etdiyini bildirib: “Hər iki semestri əla qiymətlərlə başa vurdum. Bütün fənlərdən topladığım nəticə 91 baldan yuxarı oldu”.

Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinin digər tələbəsi İlkin Məmmədzadə birinci kursu əla qiymətlərlə başa vurduğunu deyib: “Əgər 91 baldan yuxarı nəticə göstərirsənsə, bu, əlaçı olmaq deməkdir. Bütün fənlərdən topladığım bal 95-dən yuxarı idi. Beləliklə, I kursu əlaçı olaraq başa vurdum”.

Azərbaycan Diplomatik Akademiyasının Biznesin idarə edilməsi fakültəsinin tələbəsi Samir Rzayev I kursun imtahanlarının normal keçdiyini qeyd edib: “Qiymətlərim nə çox yüksək, nə də çox aşağı oldu. Qiymətləndirmədə elə fənlər oldu ki, A, elə fənlər də oldu ki, B+ aldım”.

Azərbaycan Diplomatik Akademiyası Beynəlxalq münasibətlər və ictimai əlaqələr fakültəsinin tələbəsi Qoşqar Qədimbəyli 100 üzərindən 80 faiz bal topladığını deyib.

Azərbaycan Diplomatik Akademiyası İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi fakültəsinin tələbəsi Nurlan Quluzadə imtahanların 4 sessiyaya bölünüb aparıldığın deyib: “Universitetdə tam güzəşt də var, faizli güzəşt də. Tam güzəşt odur ki, ödənişdən tam azad olunursan, faizli güzəşt isə göstərilən rəqəm qədər ödənişdən azad olunmaq deməkdir. Topladığım ümumi nəticə 20 faizdir”.

Azərbaycan Diplomatik Akademiyası İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi fakültəsinin tələbəsi Könül Qurbanlı da əlaçı olduğunu bildirib: “Bizdə qiymətləndirmə 4 ballıq sistemlə müəyyənləşir. Bütün fənlərdən topladığım bal A+-dur, bu da ən yüksək qiymət deməkdir. İmtahanlar çox da çətin deyildi”.

Bakı Ali Neft Məktəbinin tələbəsi, Prezident təqaüdçüsü, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alan Eltun İbrahimov əlaçılığını qoruya bilmədiyini deyib:

“Bakı Ali Neft Məktəbinin iki tələbi var. Biri “British Council”ın kecirdiyi İELTS imtahanı, digəri isə, Ali Məktəbin keçirdiyi İKT imtahanı. İngilis dilindən uğurlu nəticəm oldu və mən İELTS imtahanında maksimal nəticə topladım. Amma İKT imtahanında o qədər də uğurlu nəticə göstərə bilmədim. Qiymətləndirmə A, B, C ilə aparılır. İngilis dilindən 7 aldığıma görə A, İKT-dan isə C aldım”.

Yeganə OQTAYQIZI

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR