Modern.az

Çempion Ayxan, könüllü Həmid Xan, yaxud himn oxumaq dərsi

Çempion Ayxan, könüllü Həmid Xan, yaxud himn oxumaq dərsi

Təhsil

22 İyun 2015, 17:30

Abid TAHİRLİ

Çətin və gərgin yay imtahan sessiyasından sonra bir qədər sınıxmış İqtisad Universitetinin II kurs tələbəsi Həmid Xanı dincəlmək üçün doğma Qəbələyə göndərmək niyyətində idim. Lakin onunla aramızdakı bir söhbət bütün planları dəyişdi. Həmid Xan xeyli həyəcan və narahatlıqla soruşdu:

-Ata , bir xahişim var. Olarmı , mən bu yay Qəbələyə getməyim?

 Mən  təəccüblə: “ Niyə?“- deyə soruşanda o, birnəfəsə  dedi:

- Mən Avropa Oyunlarına könüllü yazılmaq istəyirəm. Bu mənim üçün bir şansdır, bir qismətdir, bir fürsətdir ki, cüzi də olsa, xidmət edim, yardım göstərim. Söz verirəm ki, Ingilis dilini də yaxşı öyrənəcəyəm, III kursda daha yaxşı oxuyacağam, lap səhər, axşam idman da edəcəyəm, yeməyimə də fikir verəcəyəm...

- Yaxşı, sənin işinin adı nə olacaq? –deyə Həmid Xanı güclə sakitləşdirdim.

- Mən müsabiqədən keçəndən sonra nə iş tapşırsalar, onu da yerinə yetirəcəyəm- deyə o, cavab verdi.

Razılığımı bildirəndə Həmid Xanın qanadları olsaydı, uçardı. Müsabiqədən uğurla keçdikdən sonra onu Avropa Oyunlarının ofislərindən birinə göndərdilər. Həmid Xan ona çox yaraşan könüllü paltarı və yerinə yetirdiyi işlə  ilə qürur duyur, hər növbədən sonra təəssüratlarını danışmaqdan yorulmur.  İmkan olanda Avropa Oyunlarını birgə izləyir, fikir mübadiləsi edirik. 17 iyun günü taekvonda üzrə keçirilən final oyununa da birlikdə baxırdıq.  Ayxan Tağızadə polşalı Karol  Robakla döyüşürdü. Həyəcan və gərginlik son həddə çatmışdı. Nəhayət , Ayxan həlledici zərbə ilə rəqibini məğlub etdi və qızıl medalı qazandı. Təltifetmə mərasimində çempionun şərəfinə Azərbaycan bayrağı qaldırılanda, himnimiz səsləndiriləndə Ayxan az qala bütün dünyanın eşidəcəyi  səslə, bütün  sevgisi və qəlbi ilə himnimizi oxuyurdu. Həmid Xan da ona qoşulmuşdu, himnimizi ayaqüstə durub ucadan oxuyurdu. Himn bitdikdən sonra Həmid Xan  səsi titrəyə- titrəyə bunları dedi:

- Afərin Ayxan, bax, himni belə oxuyarlar! Ayxan himni oxumağın  da dərsini keçdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım