Hər il Respublika Hərbi Prokurorluğunun təşəbbüsü və təşkilatçılığı ilə Müdafiə Nazirliyi ilə birgə hərbi birləşmələrdə, xüsusilə düşmənlə üzbəüz mövqelərdə dislokasiya olunmuş hərbi hissələrdə hüquqi təbliğat və mədəni-kütləvi xarakterli tədbirlər həyata keçirilir.
Modern.az xəbər verir ki, Müdafiə Nazirliyinin və Respublika Hərbi Prokurorluğunun 2015-ci ilə dair birgə tədbirlər planına əsasən bir qrup zabit 26 iyun Silahlı Qüvvələr Günü ərəfəsində cəbhəyanı bölgələrdə yerləşən hərbi hissələrdə olublar.
Zabitlər birlik, birləşmə və hərbi hissələrdə müxtəlif kateqoriyalardan olan hərbi qulluqçular, o cümlədən bilavasitə ön xətdə yerləşən hərbi hissələrin şəxsi heyətilə görüşlər keçiriblər. Görüşlərdə şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunması, hərbi intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, ordu quruculuğuna mənfi təsir edə biləcək cinayət hadisələrinin təhlili və nəticələrindən asılı olaraq müvafiq tədbirlərin görülməsi, o cümlədən digər məsələlər barədə maarifləndirici söhbətlər aparılıb.
Hərbi hissələrdəki əsgər yataqxanaları və yeməkxana ilə də tanışlıqdan sonra şəxsi heyət ilə keçirilən təntənəli görüşdə çıxış edən Respublika Hərbi Prokurorluğunun və Müdafiə Nazirliyinin məsul əməkdaşları əvvəlcə 26 iyun – Silahlı Qüvvələr günü münasibəti ilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun və hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin hərbi qulluqçulara ünvanladıqları təbrik məktubları oxunub və ön cəbhədə, düşmənlə təmas xəttində xidmət edən əsgər və zabitlərimizin çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulanıb.
Daha sonra nümayəndə heyətlərinin üzvləri hərbi qulluqçular qarşısında çıxış ediblər. Qeyd edilib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində əldə olunmuş sürətli inkişaf, Ordumuzun maddi-texniki bazasının gücləndirilməsinə, onun müasir silahlarla təchizatına, hərbi qulluqçuların sosial vəziyyətinin, maddi rifah halının və təminatının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına da təsir göstərib.
Hərbi prokurorluğun əməkdaşları öz çıxışlarında belə tədbirlərin keçirilməsi nəticəsində ötən illərlə müqayisədə Silahlı Qüvvələrdə qeydə alınmış cinayətlərin sayının əhəmiyyətli dərəcədə azaldığını xüsusi vurğulayaraq, bu istiqamətdə vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə hərbi kollektivlərdə dostluq, qardaşlıq mühitinin formalaşdırılması, qarşılıqlı sağlam və işgüzar münasibətlərin nizamnamələr çərçivəsində qurulmasının vacibliyini vurğulayıblar.
Tədbirlərdə hərbi xidmətdə olan əsgərlərin valideynləri də çıxış edərək hərbi qulluqçulara təbriklərini çatdırıb və yaradılan yaxşı şəraitə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Tədbirlər zamanı hərbi qulluqçuları nümunəvi xidmət etməyə həvəsləndirmək məqsədilə Hərbi Prokurorluğun əməkdaşları tərəfindən xidmətdə fərqlənən 96 hərbi qulluqçuya qol saatı hədiyyə edilib.
Bundan əlavə, hərbi qulluqçuların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə Respublika Hərbi Prokurorluğu tərəfindən hərbi hissələrə televizor, elektrik generatoru, kompyuter dəstləri və digər zəruri məişət əşyaları təqdim edilib.
Tədbirlər rayon İcra hakimiyyətlərinin təşkil etdikləri bayram konsertləri ilə yekunlaşıb. Görüşlər zamanı müxtəlif mövzularda təkliflər səsləndirilib və hərbi qulluqçuları maraqlandıran bir sıra suallar cavablandırılıb.
Modern.az