Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. Modern.az xəbər verir ki, iclasın sonunda bir sıra kadr məsələsinə toxunulub. Rəyasət Heyətinin qərarı ilə AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyevin xahişi nəzərə alınaraq tutduğu vəzifədən azad edilib. AMEA-nın müxbir üzvü Namiq Cəlilov həmin elmi təşkilatın direktoru vəzifəsini icra edəcək. Bundan başqa, AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru, akademik Adil Qəribov da öz xahişi ilə tutduğu vəzifədən azad edilib. Fizika elmləri doktoru Oqtay Səmədov həmin institutun direktoru vəzifəsini icra edəcək.
Bununla yanaşı, iki təyinat da baş tutub. Arzu Məmmədxanlı AMEA-nın Humanitar elmlər bölməsinin, filologiya üzrə fəlsəfə doktoru Zümrüd Mənsimova AMEA-nın İctimai elmlər bölməsinin elmi katibi vəzifələrinə təyin ediliblər.
Elmin NURİ