Abid TAHİRLİ
Bakı I Avropa Oyunları və İsmayıl Qaspiralı. Bəlkə ilk baxışda bu kəlmələr arasında bir rabitə , bir əlaqə tapmaq çətin görünür. Lakin bu qətiyyən belə deyil. Bəşərin yetişdirdiyi parlaq və nadir simalardan biri , XIX əsrin sonu, XX əsrin əvvəlləri Rusiya imperiyası müsəlmanlarının lideri, ideoloq , reformator, yazıçı- publisist, naşir, redaktor İsmayıl Qaspiralı Avropa dəyərlərinə- elminə, təhsilnə, mədəniyyətinə yiyələnməyə , qoca qitənin eybəcərliklərindən uzaq olmağa səsləyirdi. «Firəngistan məktubları»nda «Bu gün Avropadan geri qalmış millətlər Avropanı müəllim və xoca tutmalıdırsa da, Avropanın qüsurlarından, xətalarından ibrət alıb bundan daha səadətli yaşam tərzi qurmağa səy göstərmələri daha ziyadə vacibdir» - yazan İ.Qaspiralı «Avropa mədəniyyətinə bir nəzər» adlı publisistik əsərində qeyd edir: “Avropa bir ixtiyardır, təcrübəsi çoxdur. İxtiyarlığına hörmət edək. Təcrübəsindən bəhrələnək, xətalarını təkrar etməyək: məktəblərini, universitetlərini bizlər də təsis edək, elmlə ağlımızı ziyalandırdığımız qədər haqq və ədalətlə ürəklərimizi doldurmağa çalışaq. Avropada pis-yaxşı nə varsa, uşaq kimi çapmayaq, bir insan kimi götür-qoy edək: nədir, nəyə yarar, vicdan və haqq-ədalət xaricində deyil ki?!»
Bakı I Avropa Oyunlarının Azərbaycanda keçirilməsini qloballaşan dünyanın problemləri konteksində dəyərlədirsək , heyrətamiz mənzərə yaranar: səd- sərhəd tanımayan, milli- mənəvi dəyərlər, adət- ənənələr üçün ciddi və real təhlükə yaradan qloballaşma dalğası Avropa Oyunları qarşısında ram olur, geri çəkilir. Qoca qitənin sakinləri milli mətbəximizə, adət-ənənələrimizə , maddi-mədəniyyət abidələrimizə, mənəvi- dini dəyərlərimizə məftun olduqlarını gizlətmirlər. Avropa Oyunları bütün incəliklərinə qədər elə məharətlə , yüksək zövqlə təşkil olunmuşdur ki, hər yerdə- qonaqlar qarşılananda, yerləşdiriləndə, yarışlar keçiriləndə, mükafatlandırma mərasimində, şəhərin küçə və prospeklərində milli kolorit, milli ruh duyulur, hiss olunur.
Mükafatlandırma mərasimində səsləndirilən milli musiqimiz Avropa Oyunlarının himni kimi qəbul edilsə, heç kimin buna təəccüblənməyəcəyinə tam əminəm. Bu musiqi çətin , lakin ədalətli mücadilənin təntənəsini, zəfərin bütün həzzini, məziyyətlərini, qələbənin qürur və fəxarət duyğusunu insanın qəlbinə və hafizəsinə əbədi həkk edir, hopdurur. Bütün deyilənlərə, idmançılarımızın möhtəşəm qələbələrini də əlavə etsək, ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyəti daha aydın görünər. Və sonda Bakı I Avropa Oyunları və İsmayıl Qaspiralının istək və arzuları haqqında düşünəndə bu qənaətə gəlirsən ki, müstəqil Azərbaycanın-gəncliyin də qoca Avropaya töhfəsi mif yox, həqiqət, inkaredilməz faktdır.