Abid TAHİRLİ
Azərbaycan mətbuatının mümtaz simalarından biri, istiqlal mücahidi , ictimai-siyasi xadim, tərcüməçi , yazıçı-publisist, naşir-redaktor Ceyhun Hacıbəyli 100 il bundan əvvəl , bir qədər də dəqiqləşdirsək, 1915- ci ilin yanvar ayının 23-də XIX əsri sonu XX əsrin əvvələrində ziyalılarımızın rus dilindəki əsas tribunası sayılan “Kaspi” qəzetinin 18-ci nömrəsində dərc etdirdiyi “ Sərhəd”də adlı məqaləsində erməni qəzetlərinin yalanda və canfəşanlıqda onlardan heç də geri qalmayan bir sıra rus qəzetlərinin İranla sərhəddə yerləşən kəndlərdəki erməni əhalisinin təcili silahlandırılması və bununla da şahsevənlərin Arazı keçib ermənilərin həyatı və əmlakı üçün yaratdığı təhlükənin aradan qaldırılması ilə bağlı materiallarına- “həyəcan siqnalına” münasibət bildirir. Peşəkar publisist C. Hacıbəyli tutarlı və təkzibolunmaz faktlara , o cümlədən Qafqaz Sərhəd Komissarlığının rəsmi məlumatlarına istinadən göstərir ki, əslində şahsevənlər tərəfindən əmlakı talan olunan, öldürülənlər azərbaycanlılardır, erməni kəndləri dağlarda yerləşir, quldurlar ora getmək haqqında heç düşünmürlər, digər tərəfdənsə, erməni yaşayış məntəqələrinə yetişmək üçün hökmən müsəlman kəndlərindən keçmək lazımdır.
Deməli, xristian əhalinin yox, müsəlmanların silahlandırılması vacibdir. İlk baxışda elə təəssürat yarana bilərdi ki, bu yazı dərc olunduqdan sonra erməni və rus mətbuatı geri çəkiləcək, yalandan daha hay-küy qaldırmayacaq, əlaqədar dövlət qurumları sərhəddəki müsəlman əhalinin təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər görəcəklər. Amma yox, qəzetlər daha ucadan vay-şivən salmaqda, imdad diləməkdə, müsəlmanları olmayan islam həmrəyliyinə görə qınamaqda, ittiham etməkdə davam edirlər...
XI əsrdə başlayan və 200 il davam edən səlib yürüşlərinin varisləri- yeni ideoloqları və icraçıları çirkin əməlləri ilə bu müharibənin bitmədiyini hər zaman hiss etdirirlər: Osmanlı imperiyasını çökdürmək üçün o ərazilərə missionerlər yerləşdirməklə, müharibə və fitnə- fəsadlarla, “Şərq məsələsi” , yaxud “ Erməni məsələsi” adı ilə. Məsələ burasındadır ki, səlib yürüşlərinin başlıca hədəfi Qüds idisə, onların xələfləri bütün türk- müsəlman dünyasına düşmən kəsilmişdir.
Bütün bunların ilk dəfə ölkəmizdə keçirilən Avropa oyunları ilə bir əlaqəsi varmı? Heç dərinə nüfuz etmək lazım deyil, ilk baxışda açıq- aydın görünür ki, var. Avropa Oyunlarınnın bütün taleyini bizim həvalə etdiyimiz hakimlər maksimum ədalətin təntənəsinə çalışdığı göz önündədir. Avropanın “Qarabağ oyununa” təyin etdiyi hakimlərin- Minsk qrupu həmsədrlərinin ermənipərəst və antiazərbaycan siyasətinin də sübuta ehtiyacı yoxdur, aşkardır.
Bu “ədalət” və “insan haqları” keşikçiləri” bir milyondan çox azərbaycanlı əhalinin əbədi və əzəli torpağından didərgin salınmasına, xalqımıza qarşı törədilmiş Xocalı və ona bənzər qətliamlara biganədir, Azərbaycan ərazisinin 20 faizinin işğal altında saxlanılmasına göz yumur, sanki bu vəziyyətin təminatçısıdır. Addımbaşı insan haqlarının pozulduğu , on minlərlə bəşər övladının-miqrantın dəniz sularında batırıldığı Avropa min bir bəhanə ilə Avropa oyunlarına kölgə salmaq istəyir. Almaniya, Böyük Britaniya, Fransa mətbuatı Azərbaycanla bağlı yanlış rəy yaratmaq üçün dəridən qabıqdan çıxır.
1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan 907- ci düzəliş Qərbin baş dirijoru ABŞ-ın yeritdiyi ikili standartlara misaldır. Bu fakların sayını artırmaq da olar. Görünən, bilinən odur ki, bizim avropalılarla keçirdiyimiz oyunun prinsipi ,məramı, leymotivi açıdır, aşkardır, ən əsası ədalətli və təmizdir. Avropalılar isə bizimlə gizli, ikiüzlü, məkrli və çirkli oyuna üstünlük verir. Təəssüf.