Modern.az

Avropa bir daha gördü, bildi və etiraf etdi ki...

Avropa bir daha gördü, bildi və etiraf etdi ki...

Təhsil

29 İyun 2015, 13:30

Bakıda keçirilən ilk Avropa Oyunları başa çatdı və möhtəşəm bir idman bayramı kimi tarixə düşdü. Ölkəmizin siyasi təhlilçilərinin və idman mütəxəssislərinin, habelə Avropanın bir sıra tanınmış jurnalist və analitiklərinin fikrincə Azərbaycanın  qoca qitədə və ümumən beynəlxalq arenada özünütəsdiq yolunda atdığı uğurlu addımlar bundan sonra daha geniş müstəvidə davam edəcək, Qərblə Şərqin qovuşuğunda yerləşən möcüzələr ünvanının işığına can atanların sayı durmadan artacaq.

Avropa Oyunlarının möhtəşəmliyi, Bakıda yaradılan yuxuyagəlməz şərait, idman azərkeşlərini, turistləri və atletləri heyrətə gətirən təşkilatçılıq işləri belə bir həqiqəti də ortaya qoydu ki, bu məkanda beynəlxalq səviyyəli siyasi, humanitar və mədəniyyət tədbirləri ilə yanaşı olimpiya və çempionatları da istədiyin kimi keçirmək mümkündür. Belə bir danılmaz həqiqət də ortaya çıxdı ki, yüksək demokratik dəyərlər daşıyıcısı müstəqil Azərbaycan dövləti ilə bütün siyasi oyunları düz oynamaq gərəkdir. Çünki Bakının müəyyənləşdirdiyi düzgün və balanslaşdırılmış siyasət yalnız bu dövlətin suverenliyinə, Azərbaycan xalqının daha xoşbəxt gələcəyinə istiqamətlənib. Azərbaycan bütün xalqların və dövlətlərin haqq işini daim dəstəkləyir və sosial ədalətin, sülhün, əmin-amanlıqın tərəfdarıdır. Bakıya təşrif buyuran siyasi və dövlət xadimləri, ölkə rəhbərləri Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin Sədri Mehriban Əliyeva ilə görüşlərində dövlətimizin həyata keçirdiyi xarici və daxili siyasətin  prioritetləri ilə yaxından maraqlandılar, bu xəttin dönməzliyinə bir daha əmin oldular, ölkədə idmanın inkşafı ilə bağlı həyata keçirilən radikal islahatların nəticələrindən razı qaldıqlarını bildirdilər.

Bakıda keçirilən bu möhtəşəm idman yarışları, əsl bayram, festival xarakteri almış tədbirlər xalqımızın qonaqpərvərliyi, səmimiliyi və ürəkaçıqlığı barədə söylənilənlərin nə qədər real, həyati olduğunu açıq-aşkar sübut etdi. Hər bir millətin nümayəndəsini onun öz ana dilində salamlayan nəzakətli və nəcabətli azərbaycanlı gənclərin – könüllülərin qonaq-qara qarşısında xalqımızın başını nə qədər uca tutduğu barədə saysız faktlar var. Polşalı idmançını döşəməyə çırpılmaqdan qurtaran da, zədələnmiş erməni boksçunu dərhal xəstəxanaya çatdıran da, avtoqəzaya düşən avstriyalıları təcili dövlət səviyyəsində öz ölkəsinə yola salanlar da məzh fədakar azərbaycanlılar oldu. Yarışlardan sonra paytaxtın bütün guşələrini, İçərişəhəri, ölkəmizin digər gəzməli – görməli yerlərini qonaqlara böyük həvəslə, yorulmadan tanış edənlər, onlara mədəni xidmət göstərənlər, milli təamlarımıza qonaq edənlər, Azərbaycan haqqında əsl həqiqəti birər-birər izah edənlər də əsl vətənpərvərlik aktına imza atdılar.


Təbii ki, Avropa Oyunlarına paytaxtın və Mingəçevirin idman arenalarında baxmaq hər kəsin qismətində ola bilməzdi. Əksər insanlar yarışları televiziya vasitəsi ilə izlədi. Bu işdə AzTV və “ İdman Azərbaycan” kanallarının xidməti danılmazdı. Bu qurumlarda, habelə İctimai Televiziyada çalışan səriştəli və bacarıqlı idman şərhçiləri, rejissor və operatorlar bu işin öhdəsindən bacarıqla gəldilər. Yayım zamanı heç bir ləngliyə, yanlışlığa yol verilmədi. Oyunlar bütün əhatəliliyi və dolğunluğu ilə geniş tamaşaçı kütləsinə çatdırıldı. Adları çəkilən eləcə də ölkənin digər telekanalları canlı yayımdan əlavə xüsusi olaraq hazırlanmış idman buraxılışlarında yarışların nəticələri barədə müfəssəl məlumat yaydılar. Təbii ki, yarışları mavi ekran vasitəsi ilə izləyən hər bir tamaşaçı ölkə telekanallarının fəaliyyətindən razılığını bildirir.

İyunun 12-dən 28-dək Bakıda qonaq olan avropalılar Azərbaycanın min illərdən bəri qazandığı, qoruduğu və inkişaf etdirdiyi milli-mənəvi dəyərlərin, idman ənənələrinin, iqtisadi yüksəlişinin, elm, mədəniyyət və incəsənət sahəsində qazandığı nailiyyətlərin, bütün dünyaya görk olası qonaqpərvərliyinin, Atəşgahdan od alan, Günəşin nurunda bərq vuran, Xəzərin maviliyi ilə süslənmiş və ən əsası sadə, zəhmətkeş və ürəyiaçıq insanlarımızın nəfəsi ilə qızınan milli sərvətlərimizin açıq səma altındakı sərgi-paradını çox böyük həvəslə seyr etdilər. Hər şey göz qabağında idi. Hər bir azərbaycanlı Bakının qonağı olan avropalılara öz əməli ilə sözsüz-söhbətsiz bir mesaj ünvanlayırdı – biz bir çox millətlərin həsəd apardığı qədim, eyni zamanda  sivil xalqlarındanıq. Lakin müasir dünyanın sakinləri olaraq elmin, ədəbiyyatın, idmanın zirvələrinə doğru yürüyürük. Olimpə istiqamətlənmiş zəfər yürüşümüzün uğurlu nəticələr verəcəyinə  də son dərəcə ümidliyik. İsti iyun günlərində minlərlə avropalıya qucaq açmış Azərbaycan həm də bu ümiddədir ki, qoca qitə nəhayət ölkəmizlə bağlı ikili standartlara son qoyacaq, suverenliyimizə, milli və demokratik dəyərlərimizə hörmət edəcək, ərazi bütövlüyümüzün təmin edilməsində siyasi səylərini artıracaq.

Ötən on yeddi gündə baş verənlərin - istər yarışların salnaməsinə yazdığımız qızıllı səhifələr, istər möhtəşəmliyi ilə təkrarsızlıq təsiri bağışlayan açılış və bağlanış mərasimləri, istərsə də Azərbacana gələn çoxsaylı atletlərin, azarkeşlərin və turistlərin özlərini evlərindəki kimi hiss etmələri üçün yaradılan şərait fonunda Avropa bir daha gördü, bildi və etiraf etdi ki, Azərbaycan gənc bir dövlət olsa da sözün əsl mənasında güclüdür, qüdrətlidir və dünya meridianlarında nüfuzunu və şöhrətini qorumağa qadirdir.

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım