“Buraxılış imtahanlarının nəticələrindən razı deyiləm. Amma 11-ci sinif şagirdlərinin buraxılış imtahanlarında aşağı nəticə göstərmələrinin 2 səbəbi var”.
Bu sözləri Modern.az-a açıqlamasında Sabirabad rayon təhsil şöbəsinin müdiri Elman Bünyadov deyib. Onun fikrincə, əsas səbəb kənd məktəblərində müəllim çatışmazlığıdır:
“Birinci səbəb odur ki, Sabirabadın ucqar kəndlərində müəllim çatışmazlığı var. Bura müəllimlər az gəlir. İkincisi, Sabirabad rayonunun bəzi məktəb direktorları özlərini doğrulda bilmədilər və onlarla bağlı tədbirlər görüləcək”.Elman Bünyadov 2013-cü illə müqayisədə 2014-cü ildə Sabirabad rayon təhsilində sıçrayışın olduğunu da qeyd edib: “Keçən il bizdən 123 nəfər ali məktəblərə daxil olub. İki qızıl medalçımız özlərini doğruldublar və onlar 600-dən yüksək bal toplayıblar”.
Elman Bünyadov bu il qızıl medala bir nəfər namizədləri olduğunu və onun qəbul imtahanlarında 650-dən çox bal toplayacağına inandıqlarını deyib:
“Bir nəfər qızıl medalçımız buraxılış imtahanlarında “5” qiyməti alıb.
Ümumiyyətlə, Sabirabadda təhsilin səviyyəsinin aşağı olmasının səbəbi Kürün daşmasının təsirinin uzun müddət qalması ilə bağlıdır. Amma cənab prezidentin göstərişləri ilə bu da öz həllini tapdı və nisbətən təhsildə yüksəliş gedir. Ötən il bir məzunumuz “2” qiyməti almışdı, amma 450 balla Texniki Universitetə qəbul oldu. Yəni şagirdin səviyyəsini 1-2 saat ərzində öyrənmək mümkün deyil”.
Bu il XI siniflər üzrə keçirilən buraxılış imtahanlarında Sabirabad rayonunun məzunları ən aşağı nəticə göstərib. Bu rayonun məktəblərində təhsil alan şagirdlərin 46,80 faizi ana dilindən, 50,59 faizi isə riyaziyyatdan “2” alıb.
Aytən ZƏHRA