Bu gün Baku-2015 Avropa Oyunlarının bağlanış mərasiminə həsr olunmuş mətbuat konfransı keçirilir. Modern.az xəbər verir ki, konfransda çıxış edən Azad Rəhimov media nümayəndələrinə bu oyunlarda aktiv iştirakları və məlumatları düzgün və dolğun çatdırdıqlarına görə təşəkkür edib.
“Biz bunu bacardıq və bütün dünyaya Azərbaycanı təqdim edə bildik. Göstərdik ki, bu gözəl ölkədə gözəl xalq yaşayır. Dünənki bağlanış mərasimi ilə göstərdik ki, biz nə qədər dünyaya yaxınıq və yaxın olmaq bistəyirik. Bu həqiqətən də idmanın, xalqın, ölkənin böyük təntənəsi idi. Biz böyük nailiyyətlər qazandıq və medalların sayı ilə ikinci yerdə olduq. Bu gün Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev bizimlə çalışan insanları təbrik etdi, mükafatlar təqdim etdi. Ən böyük mükafat Avropa Oyunlarının təşkilat komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya verildi, o, “Heydər Əliyev Ordeni ilə təltif olundu. Bu gün eyni zamanda “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleqə “Dostluq” ordeni təqdim edildi. Avropa Olimpiya Komitəsinin sədri Patrik Hikkiyə də minnətdarlığımı bildirirəm”.
Könüllərdən danışan nazir Azad Rəhimov onların bu oyunlarda çox məsuliyyətli olduğunu söyləyib.
“Könüllər bizi çox sevindirdi. 17 min gənc oyunlara cəlb olunmuşdu. 5 minə yaxını açılış və bağlanış mərasimində iştirak edib. Qalanları - 12 minə yaxını təşkilat, əməliyyat məsələlərində bizə kömək edib. Onların bir qismi xaricdən gələnlər idi. Bizdə könüllər birliyi 12-13 ildən artıqdır fəaliyyət göstərir və nazirlik olaraq onlarla sıx əlaqədəyik, layihələrinə kömək edirik”.
Azad Rəhimov deyib ki, birinci Avropa Oyunlarının gəlirləri üç istiqamətdə ola bilər.
"Bu, biletlərin satışı, sponsor vəsaiti və yayım hüquqlarının satışı ilə bağlıdır. Hazırda bu üç istiqamət üzrə təxminən 15-17 milyon manat civarında vəsait toplanıb". Trend-in məlumatına görə, bunu birinci Avropa Oyunlarının yekunlarına dair keçirilən mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir qeyd edib ki, Avropa Oyunları zamanı 1000 saatdan çox yayım oldu.
Onun sözlərinə görə, birinci Avropa Oyunlarının açılış və bağlanış mərasiminə büdcədə 100 milyon manat vəsait nəzərdə tutulmuşdu: "Bu iş bir neçə mərhələdən formalaşır. Sonuncu mərhələ Bakıya gələn xüsusi sistemlər, qaldırıcı qurğular, xüsusi kostyumlarla bağlıdır. Bütün bunların hesablanması həftənin sonuna qədər yekunlaşacaq və mən düşünürəm ki, 100 milyondan aşağı bir rəqəm formalaşacaq. Ümumilikdə Avropa Oyunlarının büdcəsi 960 milyon manat idi. Bu büdcə müxtəlif istiqamətlərə xərclənib, o cümlədən açılış və bağlanış mərasimlərinə, mütəxəsislərin maaşı, texnologiya və digər sistemlərə, müvəqqəti qurğuların tikilməsi və s. Həmin büdcədən bir manat da kənara çıxmamışıq. Manatın devalvasiyası nəticəsində 134 milyon manat artıq xərc yaranmışdı, amma biz dövlətdən bu 134 milyon manatı istəmədik. Avropa Oyunlarının büdcəsində qənaət edib o məbləğdən kənara çıxmadıq".
2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsinə toxunan nazir bildirib ki, təklifi dövlət başçısı, Olimpiya Komitəsinin prezidenti özü irəli sürməlidir.
Saymon Kleq bildirib ki, 2500-ə yaxın azərbaycanlı və xarici əməkdaş bu layihə üzərində çalışıb. İstənilən təşkilat komitəsi müxtəlif təcrübəli insanları bir araya toplayırsa, burda hər kəs məqsədə çatmaq üçün çalışır.
“Eyni zamanda sponsorlara, yayımçılara və mətbuata təşəkkürümü bildirirəm. 2500-dən çox könüllü, məşəlçi bu işin tərkib hissəsi idi. Onlar hər gün tədbirin yüksək səviyyədə təşkil olunması üçün çalışırdılar. Açıllış mərasimi bənzərsiz nailiyyət idi. Artıq I Avropa Oyunları tədricən tam yekunlaşmaqdadır. Biz də öz işimizlə prezidentin qeyd etdiyi kimi qara qızılı insan kapitalına çevirmək ideyasına xidmət etdik”.
Aytən Əliyeva