Modern.az

“Fərari” ata

 “Fərari” ata

30 İyun 2015, 11:40

                                           (hekayə)

Hələ tələbəlik dövründən Səmədlə Tahir möhkəm dost idilər. Ailə qurandan sonra qismətlərinə qonşu olmaq da düşmüşdü. Mehribancasına dolanan bu ailələr sevinclərini də, kədərlərini də birgə bölüşürdülər. Ailələlərin hər birində iki oğlan uşağı böyüyürdü. Səmədin böyük oğlu Ədalət və Tahirin böyük oğlu Mehdi Neft Akademiyasının axırıncı kursunda təhsil alırdılar. Ədalətin kiçik qardaşı Sabir və Mehdinin kiçik qardaşı Vasif isə universitetə təzəcə qəbul olunmuşdular. Valideynlərin qız uşağı üçün burunlarının ucu göynəyirdi. Elə bu səbəbdən hər iki ailə gəlin intizarındaydı. Evin kişiləri büruzə verməməyə çalışsalar da, əslində bu barədə heç də həyat yoldaşlarından az düşünmürdülər.

Ermənistanın başladığı müharibə hər iki ailənin yuxusuna haram qatmışdı. Mehdi kimi Ədalətin də könüllü əsgər getmək istəyindən duyuq düşən Səmədi fikir götürmüşdü. Tədbirli olması ilə seçilən Səməd oğlunun bu “xam” addımının qarşısını almaq üçün gecə-gündüz bilmədən götür-qoy edirdi. Tahirin buna münasibətinin heç də yaxşı olmayacağını anladığından  bu barədə ona heç nə deməmək qərarına gəlmişdi. Azərbaycanın əsgər və zabitlərinin qeyrətlə döyüşmələrinə baxmayaraq ölkədəki siyasi çəkişmələr orduya da sirayət edirdi. Nəticədə müharibə bölgəsindən gələn tabutların sayı artmaqdaydı. Ölkənin dörd bir tərəfində olduğu kimi orduda da özbaşnalıq səngimirdi.

Atalıq imtiyazından sui-istifadə edən Səməd oğlu Ədaləti böyük çətinliklə də olsa yola gətirib Rusiyada yaşayan qohumlarının yanına qaçırtdı. Tahir bunu eşidəndə çox təəssüfləndi və onu dostcasına məzəmmət etdi. Doğma balasının taleyinə zəhər qatdığını ona dönə-dönə xatırlatdı. Tahir oğlunun könüllü olaraq müharibəyə yollanmaq istəyini alqışladı və bundan tükənməz qürur hissi keçirdi. Artıq bir neçə aydan sonra Mehdi döyüş bölgəsindəydi. Səmədi isə oğlu Ədalətə görə tez-tez polisə çağırırdılar. Bu azmış kimi,o, kiçik oğlunu da ilkin fürsətdə min bir bəhanə ilə Rusiyaya yola salmışdı. Səmədin ailəsinə polis, Tahirgilə isə müharibədən gələn xəbərlər sakitlik vermirdi. Hər iki ailə səksəkədəydi. Səməd qarmaqarışıqlığın, özbaşnalığın baş alıb getdiyi bir dövrdə oğlunun müharibəyə yollanmasına razılıq verdiyi üçün Tahiri qınamaqdan yorulmurdu. Siyasətbazların günahı ucbatından tabutların sayı durmadan artdıqca Tahir ürəyinin dərinliyində az qalırdı bəzən Səmədə haqq qazandıra. Vətən Tahir üçün baladan da şirin olduğundan, o andaca onu xəcalət təri basır, tezcə də Səmədə “haqq qazandırmaq” fikrindən daşınırdı.Əksinə, dostunu təcili şəkildə öz səhvini düzəltməyə çağırırdı. 

Beləcə, bir ilə qədər vaxt ötdü. Gözlənilmədən Tahir kiçik oğluna toy eləməli oldu. Vasif sevdiyi qızı atasının başqasına ərə vermək istədiyini valideynlərinə açıqlayıb onlardan tezliklə elçi getməyi xahiş etdi. Bu xəbəri cəbhədəki qardaşına da çatdırdılar. Mehdinin təkidi ilə elçilik baş tutdu. Bir neçə gün sonra nişan məclisi oldu.

Cəbhədən şad xəbərlərin gəldiyi günlərin birində artıq Vasifin  toyu idi. Çal-çağırın gur məqamında Dağlıq Qarabağdan da xoş soraq gəldi. Bizimkilərin Ağdərəni alması xəbəri məclisdəkilərin ovqatını birə-min artırdı. Hamı qürur içindəydi, axı, bəyin qardaşı da həmin döyüşlərin iştirakçısı idi. Tahirin ailəsi böyük hörmət sahibi olduğundan bütün qohumlar, dostlar, yaxınlar, məhəllə sakinləri toyda cani-dildən iştirak edirdilər. Gecə saat 1-ə qədər çəkən toyun sonuna yaxın bəyin əmisi qardaşının qulağına nəsə pıçıldadı. Tahir o andaca qara bulud kimi dolsa da, toyun axırına qədər özünü şux tutmağa çalışdı. Baş verən faciədən xəbərsiz toy iştirakçıları, bəxtəvərliyindən qanad açan ana ən xoş arzularla bəylə gəlini evə yola saldılar. Ata yerindəcə donub qalmışdı. Cavanlar toyxananı sökmək istəyəndə Tahir buna izn vermədi, onu dəli bir ağlamaq tutdu. Azca keçmiş bütün məhəllə yas içindəydi. Bir qədər əvvəl kiçik qardaşa xoşbəxtlik arzulanan toyxana indi böyük qardaşın yas mağarına dönmüşdü?!. 

Səhəri gün günortaya yaxın tabutu gətirdilər. Hərbçilər əvvəlcə tabutu açmağa icazə verməsələr də, onlar Mehdinin valideynlərinin təkidi qarşısında aciz qaldılar. Ermənilər azərbaycanlı hərbçinin sifətini tanınmaz hala salmışdılar. Özlərini balalarının meyidinin üstünə salan valideynlər hələ də Allahdan ümidlərini kəsməmişdilər. Əsgərin biləyindəki iri qara xalı görəndə onların tükürpədici naləsi şahə qalxdı. Bu, son ümidlərin də puça çıxması demək idi. Tahiri ovundurmağa çalışan Səməd fürsəti fövtə vermədi: - Dost, bax, mən sənin bu gününü görməmək üçün vaxtında təkid edirdim, oğlun bir para siyasətbazın güdazına getdi... Axı, nəydi bu tifilin günahı?!. Sədd heyif, Mehdidən, heyif...

Tahir donub qalmışdı, tamamilə lal-dinməz olmuşdu... Əsgəri torpağa tapşırmaq üçün tabutu yerdən qaldıranda birdən atanın ürəyinə nəsə damdı, qəlbinin dərinliyində hələ özünün də izahını tapmadığı ümid qığılcımı sönmək bilmirdi ki, bilmirdi...Tahir qəfil tabutun qabağını kəsib qohum-qardaşa onu yerə endirməyi işarə etdi. Kimsə cınqırını belə çıxarmadan tabutu yerə qoydular. Ata tabutun baş tərəfinə keçib diz çökdü və ehmallıca meyitin ağzını araladı. Gördüyünə az qala şəkk gətirən Tahir gözlərini ovxalayaraq təkrarən meyitin dişlərinə diqqət kəsildi. Bu dəfə ondan hayqırtı qopdu. Hamı təəccüb içindəydi. Tahirsə ildırım sürətilə mağara sarı götürüldü. Dünən axşamkı kimi qollarını açaraq mağar boyunca dövrə vurub süzməyə başladı. Hamıya elə gəldi ki, kişi dərd-sərdən havalanıb. Bu məqamda ,o, kəskin bir hərəkətlə yerindəcə donub qaldı, əlləri ilə başını tutdu və onu ürəkləri dağlayan hönkürtü tutdu. Ani fasilədən sonra Tahir iri addımlarla tabuta sarı yönəldi, əyilib meyiti bağrına basdı. Onun mələrtisi düşməni də yerindən oynadardı. “Yazıq bala, yazıq bala”, – deyə, o, meyiti acı göz yaşlarına bələdi. Birtəhər özünü toparlayan həyat yoldaşı ərinə yaxınlaşaraq ona səsləndi:- Tahir, özünə bir az toxtaqlıq ver, dünyaya gələn bütün oğullar ilk növbədə Vətən üçündür, övladımız da bizim nəslin adını daha da  uca eləyib, odur ki, başını dik tut?!. Ərinin dili söz tutmadığından əlləri ilə meyitin ağzını bir daha aralayıb, əsim-əsim titrəyən şəhadət barmağını onun dişlərinə tuşladı. Bayaqdan ağlamaqdan heyi qalmayan ana meyitin üst dişləri arasında qızıl dişin omadığını görəndə o andaca bayıldı... Ərlə arvadı təzəcə özlərinə gətirmişdilər ki, əsgərin əsl qohumları gəlib meyiti apardılar. Bu tükürpədici səhnə yenicə bitmişdi ki, hərbi komissarlıqdan Mehdinin sağ olduğu xəbərini sevincək onlara yetirdilər. Ağdərənin düşməndən alınması zamanı minaya düşərək ağır yaralanan  silahdaşlarından birini ermənilərin atəşi altında  döyüş meydanından çıxararkən Mehdi qıçından yaralanmışdı və Goranboyda xəstəxanada yerləşdirilmişdi. Bizimkilərin qələbəsi ilə bitən döyüşdən sonra görkəmcə Mehdiyə oxşayan əsgərin meyiti səhvən Tahirgilə gətirilmişdi.

Mehdi tezliklə tam sağaldı və onu qısa müddətə evlərinə də buraxdılar. Bir neçə günlük istirahətdən sonra yarı zarafat, yarı ciddi “Mən kəfəni yırtdım”, - deyərək,o, yenidən cəbəyə yollandı. Bir də atəşkəsdən sonra – 1994-cü ildə sağ-salamat evlərinə döndü. Neft Akademiyasını bitirib Azrbaycan Dövlət Neft Şirkətində işə düzəldi. 

Müharibənin səngiməyini fürsət bilən Səməd Rusiyaya yollandı, orada böyük oğluna dolayı yolla pasport və hərbi bilet düzəltdirdi. Ədaləti dilə tutub evləndirmək üçün Bakıya gətirdi. Qonşular Ədalətlə yarıkönül, ağızucu görüşdülər. Tahirgilin ailəsindən başqa kimsə onlara baş çəkmədi. Ədalətin neçə il idi sevdiyi qızın atası da elçilərə qəti “rədd” cavabı verdi. Onun fərariyə verməyə qızı olmadığını deyib az qaldı qonaqları evindən qovsun. Bu rüsvayçılığın səhəri günü Ədalətin təyyarə ilə Bakını tərk etməsindən heç valideynlərinin də xəbəri olmadı. Səmədin hər iki övladı Vətənlə əlaqələrini tamam kəsdi. Valideynləri onların ünvanını belə bilməsinlər deyə xəbərsiz-ətərsiz  Rusiyanın ucqar şəhərlərindən birinə köçdülər. Səmədlə həyat yoldaşına çoxdan intizarında olduqları gəlingətirdi məclisi qismət olmadı. Üstəlik doğma balaları da onlardan birdəfəlik üz döndərdilər. Qısa zamanda dərddən,fikirdən vaxtsız qocaldılar. Onları tanımaq belə çətin idi.

Mehdi artıq nişanlıydı. Günlərin birində Neft Şirkətinin sponsorluğu ilə bu igidə bir toy məclisi quruldu ki, gəl görəsən. Şirkətdən hədiyyə olaraq gənc ailəyə üçotaqlı mənzil də bağışlandı. Toyda sağlıq üstə növbəydi. Səmədlə xanımı da həmin şənlikdəydilər. Müharibə ucbatından acı tale yaşayan bu ailəyə Tahirgil həmişə dayaq durmağa çalışırdılar. Aradabir köks ötürərək bəylə gəlini seyr edən Səmədlə həyat yoldaşı Tahirgilin sevincinə ürəkdən şaddılar, amma onların göz yaşlarının qəlblərinə süzüldüyü də acı bir həqiqət idi. Vaxtilə ilə onlar da övladlarına məhz bu cür xoşbəxt tale arzulayırdılar.

Toyun gur məqamında dostları Mehdinin hər iki ayağını itirmiş döyüş yoldaşını məclisə gətirdilər. Bu, vaxtilə bəyin özünü təhlükə qarşısında qoyaraq düşmən caynağından xilas etdiyi həmin yaralı əsgər idi. Onun gəlişi toya ölçüyəgəlməz hərarət qatdı, hamı hədsiz dərəcədə təsirlənmişdi. Gurultulu alqışlar altında sözü qəhrəman Vətən oğluna verdilər: - Bizim gəlinbacının xoşbəxtliyi ondadır ki, bu gənc ailəyə Mehdi kimi kişi oğlu kişi başçılıq edəcək... Vətəni darda qoymayanların xoşbəxt gələcəyinə isə Ulu Yaradanın özü duaçıdır!!!

Səngimək bilməyən alqış sədalarından az qalırdı şadlıq evinin divarları titrəyə. Toy məclis əhlini elə tutmuşdu ki, həmin anlarda xəcalətdən özlərinə yer tapmayan Səmədlə xanımının necə aradan çıxmalarından kimsə duyuq düşmədi. Şənliksə gecə yarıya qədər davam etdi. Hamının ürəyindən isə bu toyun dədə-baba qaydasınca heç olmasa ən azı yeddi gün-yeddi gecə davam etməsi  keçirdi.                

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım