"ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri tezliklə baş tutmalıdır"
Trend-in məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
Onun sözlərinə görə, həmsədrlər səfər məsələsini Bakıda I Avropa Oyunlarının açılışında olarkən müzakirə ediblər: "Lakin mənim dəqiq məlumatım yoxdur".
Robert Sekuta ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanla bağlı məaqamlara da toxunub. Deyib ki, ABŞ-ın insan haqları üzrə hesabatı illikdir və bu, Prezident Karterin vaxtından qalan çoxdankı ənənədir.
Diplomat bildirib ki, bəzi ölkələr barədə hesabatlar onlarla dialoq üçün əsas yaradır: "Hesabat uzun müddətə hazırlanır və elə alındı ki, bu, Avropa Oyunları ilə üst-üstə düşdü, lakin onun Oyunlara aidiyyəti yox idi".
Robert Sekuta deyib ki, "I Avropa Oyunlarının açılış və bağlanış mərasimləri heyranedici idi".O, qeyd edib: "Mən də yarışları izlədim. Hər şey çox yüksək səviyyədə təşkil edilmişdi. Könüllülərin işi məni xüsusilə təsirləndirdi, onlar çox gözəl iş görərək ölkələrini əla təmsil etdilər".
Səfir Atletlər kəndində də olduğunu vurğulayıb: "Müxtəlif ölkələrin nümayəndələrinin bir-biri ilə ünsiyyət qurması çox xoşuma gəldi. Birlikdə Azərbaycanın mətbəx nümunələrinin dadına baxdıq".