Modern.az

Böyük Britaniya səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldı

Böyük Britaniya səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldı

2 İyul 2015, 12:11


Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq 1 iyul 2015-ci il tarixində Xarici İşlər Nazirliyinə dəvət olunub və xarici işlər nazirinin müavini Xələf Xələfov tərəfindən ona etiraz edilib. Modern.az saytına bu haqda Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nəlumata görə, Xələf Xələfov səfirə özünü Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejimin başçısı kimi  təqdim edən Bako Saakyan adlı şəxsin Böyük Britaniyaya səfəri və “Chatham House - Kral Beynəlxalq Münasibətlər İnstitutu”nda  8 iyul 2015 – ci ildə keçirilməsi nəzərdə tutulan tədbirdə iştirak edəcəyi ilə bağlı Azərbaycan Respublikası Hökumətinin qəti etirazını bildirib.

Bu kimi halların Azərbaycan və Böyük Britaniya arasında mövcud olan dostluq və strateji münasibətlərin ruhuna uyğun olmadığı vurğulanıb və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş addım kimi qiymətləndirilib.

Səfir İrfan Siddiq Böyük Britaniyanın Dağlıq Qarabağdakı rejimi tanımadığını və onunla heç bir əlaqəsinin olmadığını deyərək, Azərbaycanın narahatlığı barəsində ölkəsinin Xarici İşlər Nazirliyinə məlumat verəcəyini diqqətə çatdırıb. 

Həmçinin, Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi tərəfindən məsələ ilə bağlı Böyük Britaniya Xarici İşlər Nazirliyində görüş keçirilib və müvafiq etiraz məktubu təqdim edilib.

Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyinin məktubuna cavab olaraq, Böyük Britaniya XİN-in məktubunda bildirilib ki, Böyük Britaniya Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini dəstəkləyir, Dağlıq Qarabağda yaradılmış rejimi tanımır və Böyük Britaniyanın bu mövqeyi dəyişməz olaraq qalır. Məktubda separatçı rejimin başçısının Böyük Britaniyaya səfərinin hökumət tərəfindən təşkil edilmədiyi və onun Londonda olacağı müddətdə heç bir hökumət rəsmisi ilə görüşünün olmayacağı xüsusilə vurğulanıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım