Modern.az

Müxalifət iqtidarla növbəti görüşdə parlament seçkilərini müzakirə etmək istəyir

Müxalifət iqtidarla növbəti görüşdə parlament seçkilərini müzakirə etmək istəyir

2 İyul 2015, 12:44

 

İqtidarla müxalifətin axırıncı görüşü mayın 15-də keçirilib. Növbəti görüş nə vaxt olacaq? Görüşdə hansı məsələlər müzakirəyə çıxarıla bilər?

Modern.az saytı bu sualla bir sıra partiya sədrlərinə müraciət edib.

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa:

“Növbəti görüşün nə vaxt olacağı bilinmir. Birinci Avropa Oyunlarına görə qərar vermişdik ki, oyunlardan sonra seçki kompaniyası başlamazdan əvvəl bir dəfə də görüş keçirilsin. Yəqin ki, prezidentin köməkçisi Əli Həsənov partiyalarla təmas quraraq özü vaxtı müəyyən edəcək.

Görüşün iyul ayında baş tutması ehtimalı azdır. Amma hər halda, ola bilsin ki, görüş avqustda, yaxud ondan sonra keçirilsin.

Növbəti görüşdə seçkilərin demokratik keçirilməsi mövzusunun müzakirəsi daha aktual ola bilər. Çünki bundan sonra seçki prosesi gəlir.

Əsas gündəmdə olan məsələ budur. Bunu müzakirə eləmək daha rasional və yerində olar.

Ümumiyyətlə, seçki kampaniyasında siyasi partiyaların namizədlərinin maneəsiz, müəyyən dərəcədə qeyri-ciddi əsaslar olmadan qeydiyyatdan keçməsinə problemlər yaralıdır.

Bu problemlərdə yerli icra hakimiyyəti orqanlarının rolu xüsusi olur. Ona görə də icra hakimiyyəti başçılarının müəyyən dərəcədə qanun çərçivəsinə yönəldilməsi istiqamətində məsələ müzakirə oluna bilər. Eyni zamanda, seçki kompaniyası çərçivəsində İctimai Televiziyada partiya namizədlərinin fikirlərinin cəmiyyətə daha rahat və səmərəli çatdırılması üçün şərait yaradılması da zəruridir”.

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə:

“Bizdə görüşlə bağlı məlumat yoxdur. Amma, hər halda dialoqun özü mahiyyət etibarı ilə iqtidar-müxalifət münasibətlərində yeni mərhələdir. Bu mərhələni davam etdirmək lazımdır. Əvvəlcə dialoq vərdişləri yaranmalıdır. Ondan sonra nələrsə həll olunacaq. Ümumiyyətlə, görüşdə konkret mövzular müəyyənləşdirilib müzakirə olunmalıdır”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu:

“Bu barədə məlumatımız yoxdur. Biz danışmışıq ki, görüşləri Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsi təşkil eləsin. Ona görə də onlardan bizə məlumat gələndə görüşün vaxtını bilirik. Yoxsa, bu bizim arzularımız ilə keçirilmir.

Qarşıdan parlament seçkisi gəlir. Əsas gündəmdə olan məsələ budur. Dünya Azərbaycandakı vəziyyətlə bağlı ölkəmizə qarşı olduqca sərt bir mövqe nümayiş etdirir. İndiki vəziyyətdən çıxmaq üçün əsas məsələlərdən biri parlament seçkisinin əvvəlkilərdən müəyyən mənada demokratik keçirilməsi ola bilər. Bəlkə, bununla beynəlxalq qınaqların qarşısını almaq, ən azı sərtliyi yumşaltmaq mümkün olsun.

Bu baxımdan indidən parlament seçkisinin hansı ictimai-siyasi şəraitdə, hansı qanun və qaydada olması məsələsi müzakirə olunmalıdır. Bu dövlət üçün çox əhəmiyyətlidir. Həmçinin xalqın siyasi aktivliyi artırılmalıdır. Seçki həqiqətən də ən azı seçkiyə oxşar bir şəkildə keçirilməlidir”.

Sevinc YASİNQIZI 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım