Modern.az

Cəbhə bölgəsində Polis günü qeyd olundu

Cəbhə bölgəsində Polis günü qeyd olundu

2 İyul 2015, 13:54

Horadiz şəhərində Füzuli Dövlət Dram Teatrında - 2 iyul polis işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat müdirləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Əvvəlcə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayon polis şöbəsinin rəisi Xəqani Məmmədov bir qrup tədbir iştirakçısı ilə birgə  Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək düzüb, xatirəsinə hörmət və ehtiramlarını bildiriblər. Tədbir Dövlət himninin səslənməsi ilə başlanıb.  Sonra daxili işlər naziri, geneal-polkovnik Ramil Usubovun rayon polis əməkdaşlarına təbrik teleqramı oxunub. 

Rayon polis şöbəsinin rəisi Xəqani Məmmədov məruzə ilə çıxış edib. O, Azərbaycan polisinin keçdiyi şərəfli yoldan danışıb.  Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev polis işçilərini peşə bayramları münasibətilə təbrik edib, ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasında polis işçilərinin xidmətlərindən, dövlətin hüquq mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğısından söz açıb.  Alı Alıyev bildirib ki, Azərbaycan polisi həmişə dövlətə, cəmiyyətə şərəflə xidmət edib.
“Yarandığı gündən çətin və şərəfli yol keçmiş Azrbaycan polisi müstəqil dövlətçiliyimizin qorunmasında böyük rol oynayıb, vətəndaşların hüquq və azadlıqlarının keşiyində ayıq-sayıq dayanıb. Polis əməkdaşları vətənimizin ərazi bütövlüyü uğrunda gedən mübarizədə fəal iştirak edib, döyüşlərdə rayon polis şöbəsinin 16 əməkdaşı şəhid olub. İki nəfər isə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb”-deyə icra başçısı vurğulayıb. 

Rayon polis şöbəsi rəisinin müavini Xəyyam Mirhüseynov, veteran polis işçisi Fəxrəddin Abbasov və digərləri çıxış edərək bildiriblər ki, 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə əsası qoyulan milli polis sistemimiz ötən dövr ərzində çətin və şərəfli bir yol keçib.

Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Alı Alıyev tərəfindən xidmətdə fərqlənən bir qrup polis əməkdaşına Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim olunub. Sonda polis orqanlarının fəaliyyətindən bəhs edən video çarx nümayiş olunub. 












Modern.az
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım