Son zamanlar televiziya kanallarımızda şou xarakterli verilişlərin sayı durmadan artır. Artmaqda olan bu cür verilişlərdə özbaşınalıq və qeyri-etik davranışların qarşısı alınmır. Bir çox aparıcılar isə auditoriya toplamaq məqsədilə qeyri-etik hərəkətlərlə vəziyyəti daha da gərginləşdirirlər.
Modern.az saytı Milli Məclisin deputatlarından hansı yerli televiziya kanalını izlədiklərini və hansı tipli verilişlərin daha çox olmasını arzuladıqları soruşub.
Deputat Aqil Abbas bildirib ki, daha çox İctimai TV və ANS-in efirində yayımlanan xəbər buraxılışlarını izləyir. Eyni zamanda, İctimai Televiziyada maarifpərvər proqramların yayımlanmasının müsbət hal olduğunu qeyd edib. Deputat yerli televiziyalarda yayımlanan proqramların səviyyəsindən razılıq edib.
Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa: ““Space” və AzTV-dən başqa bütün kanallarımızı izləyirəm. Əsasən də ANS və İctimai TV-də yayımlanan xəbər buraxılışları diqqətimi çəkir”
Sosial Rifah Partiyasının sədri, deputat Xanhüseyn Kazımlı: “Vətənpərvərlik ruhunda olan bütün proqramları izləyirəm. Düşünürəm ki, gələcək nəslin inkişafı üçün bu məzmunlu proqramlara ehtiyac var. Ümumi götürsək, kanallarımızın yayımladığı proqramlardan razıyam.”
Firayə ALLAHVERDİYEVA