Müsavat Partiyası Qadınlar Birliyinin sədri seçilməyə iddialı olan namizədlər ərizələrini təqdim etməyə başlayıblar.
Bunu Modern.az saytına Müsavat Partiyasının təşkilat şöbəsinin müdiri Razim Əmiraslanov deyib. O bildirib ki, iyulun 13-nə kimi namizədlərdən ərizələr qəbul ediləcək:
“Artıq ərizələrin qəbuluna start verilib. Ayın 13-nə kimi vaxt var. Bütün proses iyulun 17-də yekunlaşacaq. İyulun 18-də isə Qadınlar Birliyinin yığıncağı keçiriləcək. Yığıncaqda kimin sədr seçildiyi də bilinəcək.
Ümumiyyətlə, Müsavat Qadınlar Birliyi ölkə üzrə bütün müxalif partiyalar arasında ən güclü təşkilatıdır. Təşkilatda kifayət qədər potensiallı, səviyyəli və intellektual xanımlar var. Xanımlar da kimə daha çox üstünlük versə, o da sədr seçiləcək”.
Müsavat Məclisinin sədri Nüşabə Sadıqlı qeyd edib ki, birliyə kimin yeni sədr seçiləcəyi bilinmir:
“İddialı namizədlər var. Amma kimin sədr olacağını demək tezdir. Çünki elan eləmişik ki, sədr olmaq istəyən ərizə ilə öz namizədliyini versin. Hələlik vaxt var”.
Sevinc Yasinqızı