Dörd nəfər, o cümlədən Ermənistan polisinin üç əməkdaşı rüşvət almaqda şübhəli bilindiklərinə görə saxlanılıblar. Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, Milli Təhlükəsizlik Xidmətinin iyunun 3-də 4-də keçirdiyi operativ axtarış tədbiri nəticəsində yol polisinin imtahan-qeydiyyat xidmətinin və nəqliyyat vasitələrinin texniki ekspertizası bölməsini xüsusi tapşırıqlar üzrə böyük müfəttişi polis podpolkovniki Spartak Arutyunyan və həmin xidmətin müfəttişləri, kapitan Ara Arutyunyan və baş leytenant Ovik Qaloyan, eləcə də onlara vasitəçilik edən Yerevan sakini Artur Matinyan saxlanılıblar.
Vasitəçi Artur Matinyan imtahanda formal iştirak etmək müqabilində sürücülük vəsiqəsinin verilməsi üçün vətəndaş A.dan 120 min dram həcmində rüşvət alaraq onun 90 min dramını Spartak Arutyunyana verib. Polis podpolkovniki isə həmin proseduru Ara Arutunyan və Ovik Qaloyanın iştirakı ilə həyata keçirib.
Fakt üzrə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq idarəsində cinayət işi qaldırılıb.
Modern.az