10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən “NİDA”çı məhbus Rəşadət Axundovun atası Fikrət Axundov iyulun 7-də oğlu ilə görüşüb.
O, Modern.az saytına deyib ki, oğlunun səhhəti normaldır, saxlanma şəraitindən şikayəti yoxdur: “Görüşə tək getmişdim. Görüş əsnasında heç bir maneçilik yaratmadılar. Amma türmə türmədir də... Azadlıq olmayandan sonra hər şey çətindir... Həbsdə olan adam nə fikirləşə bilər?! Deyir ki, türmədən çıxsaq yaxşıdır. Rəşadət növbəti əfv sərəncamında siyahıya adının düşməyinə çox ümidlidir. Əhval-ruhiyyəsi yaxşıdır. Artıq 2 il yarımdır həbsdədir. Bir növ həyatı ilə barışıb. Özünü o mühitin çərçivəsinə salıb”.Fikrət Axundov oğlunun barakda 36 nəfərlə birlikdə qaldığını da vurğulayıb:
“Bu ona təsir etsə də çalışır ki, çətinlikləri məndən gizlətsin. Rəşadət həbs olunandan 12 gün sonra oğlu Araz dünyaya gəlib. Artıq nəvəm 2 yaş 3 aylıqdır. Yəqin ki, övladı ilə gün keçirmək hər adamın arzusudur. Mənim də arzum odur ki, Rəşadət həbsdən çıxıb oğlu ilə gəzməyə getsin”.
Rəşadət Axundov 2013-cü ilin mart-aprel aylarında 7 “Nida”çı gənclə həbs olunub. Onlar əsasən kütləvi iğtişaşları təşkil etmə cəhdində təqsirli biliniblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşadət Axundova 8 il həbs cəzası verilib.
Yeganə OQTAYQIZI