Modern.az

MDB tarixçilərinin toplantısında azərbaycanlılarla ermənilər arasında mübahisə

MDB tarixçilərinin toplantısında azərbaycanlılarla ermənilər arasında mübahisə

Təhsil

7 İyul 2015, 19:48

 

BDU-nun professoru İradə Hüseynovanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Belarusun Minsk şəhərində beynəlxalq forumda iştirak edib  

Modern.az xəbər verir ki, Minsk şəhərində MDB-yə üzv Dövlətlərin Humanitar Əməkdaşlıq Üzrə Dövlətlərarası Fondunun, MDB dövlətlərinin tarix institutlarının beynəlxalq Assosiasiyasının, Rusiya Federasiyasının Elm və Təhsil nazirliyinin, Rusiya Elmlər Akademiyasının Ümumi Tarix İnstitutunun, Lomonosov adına Moskva Dövlət Universitetinin Tarix fakültəsinin təşkilati və maliyyə dəstəyi ilə “Sovet ittifaqı II Dünya müharibəsində: Tarixin və tarixi yaddaşın aktual problemləri” mövzusunda tarixçilərin beynəlxalq yay məktəbi keçirilib.  

Tədbirdə Azərbaycan, Rusiya, Belarus, Ukrayna, Moldova, Qazaxstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Ermənistan nümayəndələri iştirak ediblər.   Azərbaycan nümayəndə heyəti tarix elmləri doktoru, professor İradə Hüseynova və Qafqaz xalqları tarixi kafedrasının doktorantı Əzim Heydərovla təmsil olunub.

İradə Hüseynova bildirib ki, forum zamanı Ermənistan tərəfinin əsassız iddialarına rast gəlinib və onlara Azərbaycan nümayəndə heyəti tərəfindən lazımi olan cavab verilib.  

İradə Hüseynova çıxışında Prezident İlham Əliyevdən sitat gətirib. “Qonşulara kin və nifrətə əsaslanan siyasətin sonu olmadığını bunun gec ya da tez baiskarların özlərinə qarşı dönəcəyini də vurğulamışdır” .

Azərbaycanın o dövrdə SSRİ-nin bir nömrəli neft bazası, pambıq tədarükü üzrə ikinci region olduğunu, kimyaçı alimlərimizin akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında labaratoriyanı 28 gün ərzində tərk etməyərək bu qısa müddətdə yüksək oktanlı benzin almağa nail olduqlarını, müharibə dövründə SSRİ-də istehsal olunan aviasiya yanacağının 85-90%-nin Azərbaycanda istehsal olunduğunu, ümumiyyətlə Bakının bütünlüklə düşmənə qarşı güclü bir silaha çevrildiyini, 123 nəfər həmvətənimizin Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü, 30 nəfərin Şöhrət ordeninin bütün dərəcələri, 176 min nəfərin isə müxtəlif orden və medallarla mükafatlandırıldığını  konfrans iştirakçılarına çatdırıb.

“Azərbaycan II Dünya müharibəsi illərində” adlı məruzəsi hazırladığı geniş slayd-şou ilə müşayət edilib.   Tədbir zamanı erməni nümayəndələri həmişə olduğu kimi mövzuya aid olmasa da, qondarma “soyqırım” iddialarını səsləndiriblər. Bu, Azərbaycan nümayəndə heyətinin qəti etirazına səbəb olub.

Professor İradə Hüseynova moderatorlara bu barədə iradını bildirərək iştirakçıların məruzələrinə nəzarət etməyə çağıraraq ermənilərə forumun təşkilatçıları tərəfindən ciddi xəbərdarlıq edilməsinə nail olub.

Eyni zamanda o, erməni nümayəndələrinə bildirib ki, əgər forumun mövzularına aid çıxış etməzlərsə, onlar da ermənilərin zaman-zaman müxtəlif tarixi dövrlərdə, o cümlədən  XX əsrin əvvəllərində Qafqazın və Orta Asiyanın türk-müsəlman xalqlarına qarşı törətdikləri soyqırım barəsində geniş məruzə ilə çıxış edəcəklər.

Debatlar zamanı İradə Hüseynova xalqımızın maraqlarından çıxış edərək elmi ictimaiyyətə ölkəmizin tarixi, mədəniyyəti və hazırda əldə etdiyi nailiyyətlər barədə geniş məlumat verib.  

O, bütün çıxışlarında Azərbaycan xalqının hazırda yalnız bir problem - Qarabağ problemi olduğunu və bunun məcburən süni surətdə qonşu Ermənistan tərəfindən törədildiyini, qonşu dövlətin apardığı bu aqressiv siyasət nəticəsində Azərbaycanın əzəli torpaqlarının 20%-nin işğal olunduğu, milyondan çox insanın qaçqın düşdüyünü də vurğulayıb. Professor çıxışı zamanı bu fikirləri də deyib: “Əminəm ki, biz hörmətli Prezidentimiz İlham Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində bu problemin də öhdəsindən gələcəyik. Bizim ölkəmiz bir çox üstünlüklərə sahibdir və böyük uğurlar əldə edib. Lakin bu uğurlu inkişafımızı gözü götürməyənlər mövcuddur, amma respublikamızda bu şər qüvvələrə qarşı duracaq güclü iqtisadi, sosial, mədəni, intelektual potensial var və Azərbaycan xalqı hər zaman onlara kəskin dirəniş nümayiş etdirməyə hazırdır”.  

İradə Hüseynova Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın  da Azərbaycan dövlətçiliyinə yüksək  xidmət etdiyini  vurğulayıb.  

İradə Hüseynovanın tədbir zamanı müəllifi olduğu və təqdim etdiyi  “История народов Кавказа”, “Историческая энциклопедия Кавказа” və “Гейдар Алиев – от политического руководителя к общенациональному лидеру” elmi monoqrafiyaları forum iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.


 

Leyla ƏFQAN  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı