Qarpızdan zəhərlənmə halları haqqında tez-tez eşidirik və bunun orqanizm üçün ağır fəsadları haqqında da az-çox bilirik. Ancaq buna baxmayaraq bir çoxlarımız qarpız alarkən şirin dilli satıcının “bal kimi şirin qarpız” sözlərinə inanıb sağlamlığımızı təhlükə altına atırıq.
Modern.az saytı mövzu ilə bağlı yazını təqdim edir.
Əvvəlcə qarpızın insan orqanizmi üçün faydalarına nəzər yetirək.
İlk növbədə qeyd edək ki, qarpız antioksidantlarla zəngindir.
İmmuniteti gücləndirir.
Görmə qabilliyyətini yaxşılaşdırır.
Onkoloji xəstəliklərə qarşı profilaktik vasitədir.
Orqanizmi zərərli maddələrdən təmizləyir.
Sinir sisteminin fəaliyyətinə müsbət təsir göstərir.
Böyrəklər üçün faydalıdır, böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır.
Təbii antidepressantdır, gərginliyi, qıcıqlanmanı, yorğunluğu aradan qaldırır.
Susuzluğu götürür.
Cinsi fəallığı və istəyi artırır.
Təbii ki, bu siyahını bir az da artırmaq olar. Amma məsələ ondadır ki, qarpız düzgün seçilməzsə bu faydaların əvəzinə insan öz sağlamlığına xoşagəlməz problemlər qazana bilər.
Qarpız seçərkən nələrə diqqət yetirilməlidir?
1. İlk növbədə qarpızı onun təbii yetişdiyi dövrdə almaq lazımdır.
2. Qarpızın üzərindəki naxışlar aydın olmalıdır.
3. Keyfiyyətli qarpız işıq altında parıltılı görünməlidir.
4. Qarpızın üzərində sarı ləkələrin çox olması onun keyfiyyətsiz olduğunun əlamətidir.
5. Qarpızın saplağı quru olmalıdır. Saplaq yaşdırsa demək o vaxtından əvvəl dərilib.
6. Çəkisi 7-8 kiloqramdan artıq olan qarpızı almaq məsləhət deyil. Adətən iri qarpızlar süni yolla yetişdirilir.
7. Qarpız alarkən satıcının onu kəsməyinə icazə verməyin. Çünki ümumi istifadədə olan bıçaqdan alacağınız qarpıza mikrob və bakteriyaların düşmə ehtimalı böyükdür.
8. Qarpızın yetişməsini müəyyənləşdirmək üçün klassik üsul sayılan çırtma vurarkən boşluqdan gələn səs çıxmalıdır.
9. Qarpızın tərkibində olan nitratın səviyyəsini isə yalnız kəsdikdən sonra bilmək olar. Əgər ağ və sarımtıl zoğlar çoxdursa demək nitratın səviyyəsi də artıqdır.
10. Qarpızda nitratın səviyyəsini yoxlamaq üçün onun yeyilən hissəsini suya atın. Əgər su bulanırsa qarpız keyfiyyətlidir, əgər suyun rəngi dəyişib qırmızıya çalırsa demək süni yolla yetişdirilib.
11. Digər bir üsul. Qarpızı bötöv halda suya atın. Suyun üzərində qalan qarpız onun keyfiyyətindən, suda batan qarpız isə keyfiyyətsizliyindən xəbər verir.
Qarpız alarkən seçiminizdə diqqətli olun. Adi bir diqqətsizlik isti yay günlərində qarpızdan ala biləcək ləzzətinizə zəhər qata bilər.
İlham Cəmiloğlu