Azərbaycan Dövlət Aqrar Universitetində 2014/2015-ci tədris ilinin yekunlarına həsr olunan elmi şuranın geniş iclası keçirilib. Modern.az-ın məlumatına görə, şuranın iclasında hesabat dövründə universitedə görülmüş işlər və imtahan sessiyasının nəticələri müzakirə edilib, müxtəlif nominasiyalar üzrə qaliblər mükafatlandırılıb.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək, müxtəlif məsələlərdən danışıb. Rektor Təhsil Nazirliyinin layihəsi əsasında həyata keçirilmiş sorğunun nəticələrinə əsasən universitetin Gəncə şəhərində yerləşən ali təhsil müəssisələri sırasında 1-ci və respublika ali təhsil müəssisələri arasında 7-ci yeri tutmasını, tələbələrdən ibarət ENACTUS komandasının 30-31 may tarixlərində Bakıda keçirilmiş tələbələrin azad sahibkarlıq fəaliyyəti proqramı üzrə X milli çempionatda qalib olmasını və Cənubi Afiika Respublikasında keçiriləcək beynəlxalq çempionatda ölkəmizi təmsil etmək hüququnu qazanmasını, 23-24 aprel tarixlərində Serbiyada keçirilmiş Qara dəniz regionu ölkələrindən olan rektorların 11-ci konfrasının sessiyasında Qara Dəniz Universitetləri Şəbəkəsinin Baş Asambleyasının qərarına əsasən universitetin bu təşkilata üzv qəbul olunmasını, "Azərbaycan Universitetləri" facebook səhifəsi tərəfindən keçirilən 2014/2015-ci il tədris ilinin "ən yaxşı universitet" sosial sorğusunda Azərbaycan Dövlət Aqrar Universitetinin 1-ci, “ən yaxşı rektor” sorğusunda universitet rektorunun 2-ci yeri tutmasını və digər naliyyətləri həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsi kimi qiymətləndirib.
İmtahan sessiyasının nəticələri barədə məruzə edən universitetin tədris işləri üzrə prorektoru Anar Hətəmov 2014/2015-ci tədris ilinin yay və qış imtahan sessiyasının nəticələrini müqayisəli şəkildə təqdim edib. O, qeyd edib ki, universitet rektorunun təşəbbüsü və dəstəyi ilə 2014/2015-ci tədris ilinin payız semestrinin imtahan sessiyasını əla qiymətlərlə başa vuran tələbələrin “2 fevral–Azərbaycan gəncləri günü” münasibəti ilə yeddi gün müddətində Qax və Zaqatala rayonlarının istirahət mərkəzlərinə qış tətilinə göndərilmələri, 100 bal toplayan tələbələrə pul mükafatlarının və hədiyyələrin verilməsi imtahan sessiyasının nəticələrinə öz müsbət təsirini göstərib, əlaçı tələbələrin sayı əhəmiyyətli dərəcədə artıbr.
Tədbirin sonunda “ən yaxşı fakültə”, “ən yaxşı kafedra”, “ən yaxşı şöbə”, “ən yaxşı kitab müəllifi”, “ən yaxşı texniki işçi”, “ən yaxşı məqalə” və “ilin tələbəsi” nominasiyaları üzrə qaliblərə mükafatlar verilib. Mükafatlar aşağıdakı kimi olub:
Ən yaxşı fakültə-aqrobiznes və idarəetmə fakültəsi- 1 (bir) ədəd LCD televizor
Ən yaxşı kafedra-biologiya kafedrası-1(bir) ədəd proyektor
Ən yaxşı müəllim-mühasibat uçotu və audit kafedrasının müəllimi İsa Şəfiyev- 200 manat
Ən yaxşı şöbə-tələbə şöbəsi-200 manat
Ən yaxşı texniki işçi-baytarlıq təbabəti və zoomühənsidlik fakültəsinin işçisi Gülnar Məhərrəmli-100 manat
Ən yaxşı məqalə-aqronomluq fakültəsinin əməkdaşları Vidadi Səmədov (200 manat) və Nəzakət İsmayılzadə (200 manat)
İlin tələbəsi-aqronomluq fakültəsinin tələbəsi Aişə Novruzova-150 manat
Ən yaxşı kitab müəllifləri-Xocalı soyqırımı kitabının müəllifləri: Azad Bayramov, Sevda Abdullayeva və Zümrüd Qəhrəmanova-hər bir müəllif üçün 100 manat.
Modern.az