Modern.az

Çağdaş tariximizdə 14 iyul günü

Çağdaş tariximizdə 14 iyul günü

14 İyul 2015, 09:42


Mehman
QAİBOV

“Müasir Azərbaycan Heydər Əliyevin əsəridir. Biz hamımız, bütün Azərbaycan xalqı gərək bundan sonra onun gördüyü işləri davam etdirək, genişləndirək, onun yolu ilə Azərbaycanı gələcəyə aparaq”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Hər bir xalqın tarixində elə gün olur ki, həmin gün onun gələcək taleyini müəyyənləşdirən möhtəşəm, əlamətdar bir günə çevrilir. Çağdaş tariximizdə belə bir gün – 1969-cu ilin 14-ü iyuldur. Həmin gün bütöv bir xalqın gələcək yaşam tərzini, onun inkişaf istiqamətlərini müəyyənləşdirən tarixi bir günə çevrildi. Məhz həmin gün  müstəqilliyimizin memarı öndər Heydər Əliyev ilk dəfə Azərbaycanda hakimiyyətə gəldi.

Ötən əsrin 60-cı illərində bir sıra obyektiv və subyektiv  səbəblərdən Azərbaycanın sosial-iqtisadi həyatında tənəzzül müşahidə olunurdu. Milli gəlirin inkişaf dinamikasına, sənaye və kənd təsərrüfatı istehsalının həcminə, elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqinə, əmək məhsuldarlığına görə Azərbaycan keçmiş SSRİ üzrə göstəricilərindən geri qalırdı. İqtisadiyyatdakı çatışmazlıqlar sosial sahəyə də təsir edir, əhalinin  maddi rifah halının yaxşılaşmasına mənfi təsir göstərirdi.

Azərbaycan SSR-də həyatın bütün sahələrində dərin tənəzzülün hökmranlıq etdiyi bir vaxtda, 1969-cu il iyulun 14-də Heydər Əliyevin  Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə Sovet Azərbaycanının tarixində yeni bir dövr  başlandı.  Heydər Əliyev Azərbaycan rəhbərliyinə gəlməzdən əvvəl uzun müddət hüquq-mühafizə oqranlarında çalışmış, Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) sədri vəzifəsinədək yüksəlmişdir.

Ulu öndər Sovet ideologiyasının tüğyan etdiyi bir vaxtda  milli ruhun sıxışdırılmasına nəinki yol vermədi, əksinə, onu yüksəltmək üçün bütün imkanlardan maksimum istifadə etdi. Onun  1969–1982-ci illərdə, Azərbaycana ilk dəfə rəhbərlik etdiyi dövrdə görülən işlər milli özünüdərk duyğularını ideoloji sistemin buxovlarından xilas edərək, xalqın tarixi yaddaşının özünə qaytarılmasını təmin etdi, azərbaycanlıların siyasi şüurunda dərin kök salmış dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin yaratdı.

Pre­zi­den­t İlham Əliyev milli tariximizin bu dövrünü belə xarakterizə edir: “1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişin­dən etibarən respublikamızın həyatında geniş vüsət alan ictimai-siyasi proseslər və iqtisadi islahatlar müsbətə doğru radikal dəyişikliklərə təkan vermişdir. ...O illərdə Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya istiqamətini milli özünüdərkin güclənməsinə imkan verən sürətli inkişaf strategiyası təşkil etmişdir”.

Ulu öndər gələcəyə köklənmiş düşüncələrini həyata keçirmək, qarşıya qoyulan məqsədlərə çatmaq,  Azərbaycanı düşmüş olduğu ağır vəziyyətdən çıxarmaq üçün hakimiyyətə gəldiyi ilk gündən qəti addımlar atmağa başladı. 1969-cu il avqustun 5-də o, Azərbaycan KP MK plenumunda çıxış edərək, respublika iqtisadiyyatını təhlil etdi, təsərrüfata rəhbərlikdə, mədəni quruculuqda, ideoloji işdə ciddi nöqsanlar olduğunu qeyd edərək, onları aradan qaldırmaq yollarını göstərdi.

Azərbaycan KP MK-nın birinci katibi kimi o, respublika partiya təşkilatının XXVIII qurultayında (1971-ci il 10–12 mart) etdiyi hesabat məruzəsində respublikanın hərtərəfli dirçəlişi barədə düşüncələrini bölüşdü, iqtisadiyyatın fasiləsiz və səmərəli inkişaf xəttini müəyyən etdi, qarşıda duran vəzifələr göstərildi. 

Əslində, Azərbaycanın IX beşillikdə inkişaf planı Heydər Əliyevin ideyaları, fikirləri, proqnozları əsasında tərtib edilmişdi. Azərbaycan iqtisadiyyatının dirçəldilməsi üçün yeni mənbələr, imkanlar axtarılır, aşkarlanırdı. Ümumiyyətlə, IX beşillik Azərbaycan iqtisadiyyatının inkişafında dönüş mərhələsi oldu. Heç də təsadüfi deyil ki, bu  beşilliyin hər ilində Azərbaycan Ümumittifaq sosializm yarışının qalibi olur, hər il Keçici Qırmızı Bayraqla təltif edilirdi.

Yeni düşüncəli rəhbər qısa müddətdə respublikada idarəçilik sistemini xeyli möhkəmləndirdi. Rüşvətxorluğa, korrupsiyaya qarşı ciddi mübarizəyə başladı. Heydər Əliyev Sovet hakimiyyəti tarixində ilk dəfə sosialist cəmiyyətində vəzifədən sui-istifadə, korrupsiya kimi mənfi hallar olduğunu və onlara qarşı mübarizənin vacibliyini cəsarətlə elan etdi və bu hallara qarşı qəti mübarizəyə başladı. Onun  “Literaturnaya qazeta”da dərc olunmuş “Qoy ədalət zəfər çalsın” müsahibəsi mütərəqqi fikirlərinin açıq ifadəsi idi.

Tezliklə respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət və misilsiz təşəbbüskarlıq bu dövrün bariz əlamətinə çevrildi. Heydər Əliyev Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək Azərbaycanı tərəqqi yoluna çıxarmaq siyasəti yeritməyə başladı.

Öz bacarığı ilə ulu öndər SSRİ rəhbərliyində böyük nüfuz qazanmışdı. O, 1976-cı ildə Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd seçildi və bu vəzifənin verdiyi imkanlardan Azərbaycanın inkişafı naminə məharətlə istifadə etdi. Böyük siyasətçi iqtisadiyyat və mədəniyyətin müxtəlif sahələrində öz Vətəninin, xalqının inkişafı üçün zəruri olan ən vacib məsələlər barədə əvvəlcə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu, Mərkəzi Komitənin plenumları, Kommunist partiyasının qurultayları səviyyəsində əlverişli qərarlar qəbul edilməsinə nail oldu.

SSRİ hökuməti Azərbaycanla əlaqədar respublikada xalq təsərrüfatının hərtərəfli yüksəlişi və intensiv inkişafını nəzərdə tutan beş xüsusi qərar qəbul etdi. Azərbaycan xalqı üçün həqiqətən tarixi əhəmiyyət daşıyan bu mühüm qərarlar 1970–1980-ci illərdə və  sonrakı perspektivdə ölkənin sosial-iqtisadi inkişafında əhəmiyyətli rol oynadı. Heydər Əliyev xalqın qurub yaratmaq əzmini bu qərarların yerinə yetirilməsinə və bütünlüklə Azərbaycanın yüksəlişinə səfərbər edə bildi.

Sənayenin dinamik yüksəlişini təmin etmək üçün iqtisadiyyatda struktur siyasətinin prinsipial şəkildə yeni istiqamətləri işlənib hazırlandı. İlk növbədə sənayenin qabaqcıl və mütərəqqi sahələrinin genişlənməsi nəzərdə tutulurdu. Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən neft sənayesinin əvvəlki şöhrətinin özünə qaytarılması üçün  əməli addımlar atıldı.



Məhz 1970–1980-ci illərdə Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlər gələ­cəkdə siyasi müstəqilliyə aparan yolda mühüm rol oynadı. Bu dövrdə Azərbaycan iqtisadiyyatında böyük bir         can­lanma baş verdi. Yüzlərlə zavod və fabrik inşa edildi, yeni istehsalat sahələri yarandı. Neft və neft avadanlıqları, polad borular, əlvan metallar, sintetik kauçuk, elektrik mü­hərrikləri, tikinti materialları, məişət kondisionerləri, avtomobil hissə­lə­ri, mineral gübrələr, çini-saxsı qablar, xalça və xalçaçılıq məmulatı istehsalı üzrə Azərbaycan keçmiş SSRİ-də ön sıraya çıxdı. Bu dövrdə  ümummilli liderin qətiy­yəti və təşəb­büsü ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiy­yətli müəs­­sisələri məhz Azər­bay­canda inşa olunmuşdur.

Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik və səriştəli rəhbərliyi nəticəsində Azərbaycan o zaman bütün Sovet İttifaqında ən qabaqcıl kənd təsərrüfatı respublikasına, o cümlədən qabaqcıl pambıqçılıq və üzümçülük diyarına çevrildi. Kənd zəhmətkeşlərinin sosial-iqtisadi vəziyyəti əsaslı surətdə yaxşılaşdı.

Azərbaycanın gələcək siyasi və iqtisadi müstəqilliyinin əsası məhz bu dövrdə qoyuldu. Ulu öndər deyirdi: “Azərbaycanın Sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır”.

Bugünkü müstəqil Azər­baycanın milli kadr potensialının formalaşması da ötən əsrin 1970–1980-ci il­lərinə təsadüf edir. İlham Əliyev bu barədə deyir: “...Heydər Əliyev bütün dövrlərdə xalqı düşünürdü, milləti düşünürdü. 1970-ci illərdə ölkəmiz üçün yeni kadrların hazırlanmasına böyük diqqət göstərirdi. Sovet İttifaqının aparıcı ali məktəblərinə minlərlə azərbaycanlı oxumağa getmişdi, bu gün o insanlar, gözəl peşəkarlar müstəqil Azərbaycana xidmət edirlər”.

Heydər Əliyevin dövlət quruculuğu sahəsində gördüyü mühüm işlərdən biri SSRİ-nin xarici siyasəti çərçivəsində də olsa, Azərbaycanın xarici əlaqələrinin genişləndirilməsi üçün göstərdiyi  səylərdir. Xarici ölkələrdə Azərbaycan mədəniyyəti və incəsənəti günləri keçirilirdi. Bu son nəticədə Azərbaycanın xarici ölkələrlə və orada yaşayan azərbaycanlılarla əlaqələrinin qurulması üçün zəmin yaradır, tariximizin, mədəniyyətimizin təbliği baxımından mühüm əhəmiyyət daşıyırdı.

Heydər Əliyev Azərbaycan ziyalılarına sərbəst düşünmək və fikrini açıq  ifadə edə bilmək, milli-mənəvi ideallara söykənərək gələcəkdə  müstəqilliyi təmin edə biləcək dəyərlərə qatılmaq imkanı yaratmışdı.

Ulu öndərin milli maraqlara hesablanmış strateji proqramında Azərbaycan dili xüsusi yer tuturdu. Məhz onun ciddi səyi nəticəsində bu dövrdə respublikanın yeni Konstitusiyasında Azərbaycan dili dövlət dili statusu aldı. Onun üçün ana dili azərbay­can­çılığın ən mühüm komponenti idi. Heydər Əliyev imkan daxilində öz rəsmi nitqlərini Azər­bay­can dilində edir və bunu bütün rəhbər vəzi­fəlilərdən də qətiyyətlə tələb edirdi.

Hər bir xalqın tarixi inkişafı, mübarizlik əzmi onun milli-mənəvi  dəyərlər sistemi ilə birbaşa bağlıdır. Millətin qarşıya qoyduğu məqsədlərə çatmaq uğrundakı mücadiləsi, iradə və bacarığı onun gələcək yaşam fəlsəfəsini müəyyənləşdirir. Bu həm də onun milli mənliyinin ifadəsidir. Bu reallıqdan çıxış edən ulu öndər Azərbaycanı inkişaf etdirmək, müəyyən dövrdə müstə­qilliyə qovuşdurmaq üçün ilk növbədə xalqımızın milli-mənəvi irsini, onun özünəməxsuslu­ğu­nu  qoru­mağı bacarmışdır.

Heydər Əliyevin qəlbi daim Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Ulu öndər keçmiş Sovetlər birliyinin ali rəhbərliyində təmsil olunduğu dövrdə də doğma Azərbaycanının tərəqqisi üçün səylərini əsirgəməmiş, lazım gəldikdə xalqının gələcək taleyi  və milli mənliyi ilə bağlı məsələlərdə qətiyyət göstərərək, sərt bəyanatlarla çıxış etmiş,  əsl vətənpərvərlik mövqeyi sərgiləmişdir.

Heydər Əliyev həmişə xalqın ülvi məqsədlər uğrunda mübarizəsinin önündə dayanmış, əlverişli siyasi şansdan dövlətçilik naminə böyük məharətlə bəh­rə­lən­mişdir. O, bugünkü müstəqil  Azərbaycanımızı Xalq Cümhuriyyətinin aqibətini yaşamaqdan xilas edərək, xalqımızın milli dövlətçilik düşün­cəsini əzəmətli bir reallığa çevirmişdir.

Heydər Əliyevin 34 illik hakimiyyət dövrü milli dövlətçilik tariximizin ən parlaq səhifəsini, ölkənin tərəqqisi, sabit dövlət quruluşunun yaranması, xalqın təbii haqqına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü vətəndaş olaraq dərk etməsi və milli mövcudluğuna qədər inkişafı kimi şanlı bir mərhələni əhatə edir.

Vətənə sədaqət, xalqa xidmət – bir sözlə, hər şey Azərbaycan üçün prinsipi ulu öndərin həyat fəlsəfəsinin qayəsini təşkil edir. Onun müstəqil dövlətçilik və azərbaycançılıq məfkurəsi bu gün Prezident İlham Əliyev tərəfindən daha da zənginləşdirilərək, qloballaşan dünyamızdakı mürəkkəb proseslər fonunda Azərbaycanı zirvələrə aparan ideoloji baza kimi şərəfli bir missiyaya xidmət edir.

Ulu öndər Heydər Əliyevin memarı olduğu müasir Azərbaycan bu gün həyatın bütün sahələrində əldə etdiyi uğurlarla dünya çapında  bir çox ölkələrin yüz illər boyu keçdiyi yolu qısa zaman kəsiyində qət edərək, xalqımızın özünüidarə bacarığının, milli varlığımızın əzəmətli göstəricisi olmaqla yanaşı, həm də çağdaş dövlətçilik sistemimizin necə sağlam  təməllər üzərində qurulduğunun təsdiqidir.

Bu gün hər bir ölkə vətəndaşı ümummilli liderin Azərbaycana rəhbərliyi vaxtında fədakar əmək və davamlı islahatlar hesabına formalaşdırdığı inkişaf potensialının İlham Əliyevin prezidentliyi zamanında reallığa çevrilməsinin, ölkəmizin ideallardan gerçəkliyə, nəzəriyyədən təcrübəyə qədər necə bir yüksəliş və tərəqqi dövrünü yaşamasının canlı şahididir.

Heydər Əliyev özünün dərin fəlsəfi dünyagörüşünə, tarixi irsə asaslanaraq, milli dəyərlər zəminində  müasir dövlətçilik sistemimizin ideoloji-siyasi dayaqlarını yaratmaqla XX əsrin sonunda yenidən əldə etdiyimiz müstəqilliyimizin əbədi və dönməz xarakter almasına nail olmuşdur. Məhz bu kimi misilsiz xidmətləri sayəsində Heydər Əliyev  dünya azərbaycanlılarının, o cümlədən bütün türk dünyasının dərin sevgisini qazanaraq, xalqının siyasi və dövlətçilik şüurunda  ümummilli lider yüksəkliyini fəth etmişdir. Bu yüksəkliyə aparan yol məhz 1969-cu ilin iyulun 14-də başlamışdır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama